Dünya

Sabiq Baş Qərargah rəisinin yalanı üzə çıxıb – Hökumətlə Qasparyanın didişməsi davam edir

Azərbaycanın qələbəsilə bitən 44 günlük müharibədən 5 aya yaxın vaxt keçsə də, Ermənistanda acı məğlubiyyətin səbəblərilə bağlı birmənalı fikir formalaşmayıb və xəyanətkar axtarışı davam edir.

“AzPolitika.info” xəbər verir ki, hökumətin istefasını tələb etdiyinə görə Nikol Paşinyan tərəfindən vəzifəsindən azad olunan, lakin bununla barışmayaraq, Baş naziri məhkəməyə verən sabiq Baş Qərargah rəisi Onik Qasparyanla bağlı yeni açıqlamalar Ermənistanda gündəm mövzularından birinə çevrilib.

Belə ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Onik Qasparyanın guya müharibənin ilk 3-4 günüdən sonra hökumətə Ermənistan ordusunun imkanlarının sürətlə tükəndiyini və bu gedişlə məğlub olacaqlarını, ona görə də müharibənin dərhal dayandırılmasının vacib olduğunu söyləməsinə dair dediklərinin yalan olduğunu bildirib.

Qriqoryan deyib ki, barəsində bəhs edilən və müharibənin 4-cü günündə keçirilən Təhlükəsizlik Şurasının iclasında Qasparyan erməni ordusnun Cəbrayıl istiqamətindəki kiçik uğurlarından danışıb və cəbhədəki ümumi vəziyyəti şərh edib. Ordunun ehtiyatlarının tezliklə tükənəcəyi və müharibənin dayandırılmalı olduğu barədə isə Qasparyan yalnız oktyabrın 19-da keçirilən Təhlükəsizlik Şurasının iclasında danışıb.

Qriqoryan deyib ki, onun sözlərinə şübhə edənlərə Təhlükəsizlik Şurasının müharibənin 4-cü günündə keçirilən iclasının stenoqramını təqdim edə bilər. Orada sabiq Baş Qərargah rəisi müharibənin dərhal dayandırılmalı olduğuna dair heç nə deməyib.

Xatırladaq ki, bundan əvvəl, hələ noyabrın 17-də Onik Qasparyan müharibənin 4-cü günündə Təhlükəsizlik Şurasının iclasında ordunun hərbi resurslarının tükəndiyini, yaxın 3-4 gün ərzində təcili tədbirlər görülməli olduğunu, bu sürətli gedişlə məğlubiyyətin qaçılmaz olduğunu və hökumətdən mümkün qədər əlverişli şərtlərlə müharibəni dayandırmağı tələb etdiyini bildirmişdi.

Bununla yanaşı, Təhlükəsizlik Şurasının katibi müharibədəki məğlubiyyətə görə hökumətin bütün məsuliyyəti hərbçilərin üstünə atmadığını bildirib. Lakin eyni zamanda Baş Qərargahdan müharibənin gedişi ilə bağlı ətraflı hesabat gözlədiklərini də qeyd edib. Qriqoryan deyib ki, artıq belə bir hesabat hazırlanır və yaxın müddətdə bu barədə məlumat veriləcək.

Onik Qasparyanın nümayəndəsi Vladimir Poqosyan isə Təhlükəsizlik Şurası katibinin yalan danışdığını bildirib və Qasparyanın əvvəlki kimi öz fikir və mövqeyinin üzərində durduğunu vurğulayıb.

Bənzər yazılar

Back to top button