Cəmiyyət

Qubad İbadoğludan İlqar Məmmədova sərt cavab

İqtisadçı alim Qubad İbadoğlu uşaqpulunun verilməsi ilə bağlı səsləndirdiyi fikirlərə görə REAL sədri İlqar Məmmədova sərt cavab verib.

Qaynarinfo xəbər verir ki, Qubad İbadoğlu partiya sədrini debata çağırıb:

“Siz, İlqar Məmmədov, liberal, mühafizəkar, sosial demokrat, utilitarianist, libertarianist, sağçı, solçu, sosialist, faşist, bolşevik, eləcə də korporotiv, bazar, ailə, dövlət təmayüllü müxtəlif rifahçı modellərin tərəfdarı ola, müxalifət, hökumətyönlü mövqedə dayana bilərsiniz, amma sizin ixtiyarınız yoxdur ki, sizdən fərqli düşünənləri, uşaqpulu verilməsinin tərəfdarı olanları yaramaz, debil adlandırasınız. Siz, İlqar Məmmədov, sadə riyazi hesablamanı düzgün apara bilmirsiniz (il 10 aydan deyil 12 aydan ibarətdir, ildə 1 milyon uşağa 100 manat ödəniləndə 1 milyard deyil, 1,2 milyard manat edir), belə olanda uşaq pulu ilə bağlı indiyə qədər əsaslandırılan mövqeləri, aparılan hesablamaları, uşaq pulunun ödənilməsi üçün göstərilən maliyyə mənbələrini necə başa düşəcəksiniz?

Siz, İlqar Məmmədov, dövlətin büdcəsinin qayğısına qalırsınızsa, onda hər il qapalı formada bölüşdürülən investisiya büdcəsinin, büdcənin ehtiyat fondunun şəffaflığını, hesabatlılığını, Baş nazirin, Maliyyə nazirinin, İqtisadiyyat nazirinin, Baş prokurorun, hakimlərin, icra başçılarının gəlirləri və əmlakı barədə bəyannamə tələb edin.

Siz, İlqar Məmmədov siyasətlə məşğul olmaq istəyirsinizsə, ifadələrinizə fikir verin, leksionunuzu təmizləyin, başqalarını aşağılamayın, alternativ fikrə, müstəqil, müxalif mövqeyə hörmət edin, onsuz da çirkli olan mühiti daha da korlamayın, çalışın düzəldin.

Siz, İlqar Məmmədov yaxşı olar ki, başqalarının ünvanına işlətdiyiniz “yaramaz və debil” ifadələrinə görə üzr istəyin, ondan sonra sizinlə uşaqpulu mövzusunda harda istərsinizsə, debat aparmağa hazıram. Amma öncə bu mövzuda mövqe qoyanların hamısından üzr istəyin”.

Xatırladaq ki, REAL sədri uşaqpulunun verilməsi ilə bağlı partiyanın mövqeyini açıqlayıb və təkliflər səsləndirib. Sədrin bu təklifləri cəmiyyətdə narazılıqla qarşılanıb.

Bənzər yazılar

Back to top button