ManşetSiyasət

Sabiq səfir: “Rusiya Ermənistanı fəlakətdən xilas etdi”

“Prezident Tramp bu məsələyə diqqət ayırmadı”

“Rusiyanın Dağlıq Qarabağı qorumağa davam etdiyi müddətcə Ermənistanda Azərbaycanla hər hansı kompromis üçün təşviq olacağı inandırıcı deyil”.

Bu açıqlamanı ABŞ-ın Azərbaycandakı keçmiş səfiri və hazırda “Atlantik Council”-də Qlobal Enerji Mərkəzinin direktoru Riçard Morninqstar Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və ABŞ-ın Xəzər Siyasi Mərkəzinin (Caspian Policy Center-CPC) birgə təşkilatçılığı ilə “Azərbaycan-ABŞ münasibətləri: Seçkilər və II Qarabağ müharibəsindən sonrakı proseslər” adlı vebinarda çıxışında səsləndirib.

APA-nin yaydığı məlumata görə, sabiq səfir 27 sentyabrdan sonra Azərbaycan rayonlarının işğaldan azad edilməsini “bu Azərbaycan üçün böyük nailiyyətdir” deyə adlandırıb:

“Ötən illərdən sonra ölkə işğalda olan torpaqlarını geri qaytardı. İqtisadi və hərbi baxımdan ötən zaman Azərbaycanın xeyrinə işlədi”.

“Rusiyanın əlində kartlar var”

Riçard Morninqstar deyib ki, bu prosesdə Rusiyanı unutmamaq lazımdır: “Rusiyanın əlində kartlar var. Rusiya Ermənistanı fəlakətdən xilas etdi. Sual ondadır ki, nə vaxta qədər Rusiya Dağlıq Qarabağı və Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni qoruyacaq. Ümid edirəm ki, bu məsələ həll olunacaq, çünki bu region ölkələrinin marağındadır, həmçinin də Ermənistanın. Amma düşünmürəm ki, bu məsələ yaxın zamanda kökündən həll olunsun. Lakin hər halda pozitiv olaq və ümid edək ki, ATƏT-in Minsk Qrupu bu məsələnin həllində rol oynayacaq və regionda dayanıqlı sülh əldə olunacaq. Lakin Rusiya Dağlıq Qarabağda olduğu müddətcə Minsk Qrupunun hansısa rol oynamaq planının olması mümkün görünmür”.

Keçmiş səfir Bayden administrasiyasının Azərbaycana və Cənubi Qafqaz regionuna diqqətini artıracağına ümid edir: “Azərbaycan və Ermənistan arasında gedən müharibə ABŞ-ın yeni seçilən prezidenti Cozef Baydeni narahat edib və o, vəziyyətlə bağlı bir neçə bəyanat verib”.

“Mənim Bakıda səfir olduğum zamanlar bu marağın azaldığını gördük”

Onun sözlərinə görə, Tramp administrasiyası beynəlxalq siyasətdə kənarda dayanmağı seçib və o, demokratiya, insan haqqları və digər məsələlərə qarışmayıb: “Düşünürəm ki, Obama administrasiyasında olduğu kimi, Bayden üçün bu məsələlər daha vacib olacaq və ümid edirəm ki, bu məsələlər konstruktiv şəkildə müzakirə olunacaq. Biz Azərbaycanla enerji, təhlükəsizlik sahəsində yaxın əlaqələrimizi davam etdirməliyik. Dağlıq Qarabağ məsələsinə gəlincə, Obama administrasiyası ilkin mərhələdə bu məsələyə diqqət göstərirdi. Xatırlayırsınızsa, o vaxt Dövlət katibi Hillari Klinton Azərbaycana səfər etdi, o, Bakıda Prezident Əliyevlə görüş keçirdi. O, Prezident Əliyevi çox bəyənmişdi. Lakin sonralar mənim Bakıda səfir olduğum zamanlar bu marağın azaldığını gördük, Obama adminstrasiyasında Dağlıq Qarabağ məsələsinə diqqət azaldı. Bu məsələ Dövlət katibinin müavini və ya onun köməkçisi səviyyəsində müzakirə olunurdu, bu şəxslər regiona səfər edirdi. Yəni bir növ artıq yüksək səviyyəli rəsmilər maraq göstərmirdi. Düşünürəm ki, bu səhv idi. Daha sona Tramp administrasiyası kənarda dayandı. Bəzən kənarda dayanmaq daha asan olur. Prezident Tramp bu məsələyə diqqət ayırmadı. Ümid edirəm ki, yeni adminstrasiya bu məsələyə daha yaxından diqqət göstərəcək və konstruktiv şəkildə onunla maraqlanacaq. Düşünürəm ki, ABŞ regionda daha aktiv rol oynamalı və Azərbaycana özünün balanslı siyasətini saxlamaq üçün kömək etməlidir”.

Riçard Morninqstar 2012-2014-cü illərdə ABŞ-ın Azərbaycanda səfiri olub.

Bənzər yazılar

Back to top button