Siyasət

Apellyasiya Məhkəməsi Eldar Həsənovu həbsdə saxlayıb

Bakı Apellyasiya məhkəməsində Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı keçmiş səfiri Eldar Həsənov barəsində hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Eldar Həsənovun vəkili Cavad Cavadovun verdiyi məlumata görə, şikayətə hakim Elmar Rəhimovun sədrliyi ilə baxılıb.

Onun sözlərinə görə, məhkəmədə ilk olaraq təqsirləndirilən şəxsin həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət verilib. Müdafiəçilər daha sonra məhkəmənin istintaqla aparılmasını istəyiblər.

Vəkil deyir ki, məhkəmə vəsatətlərin heç birini təmin etməyib. Növbəti iclas martın 18-nə təyin olunub.

Cavad Cavadov hüquqlarını müdafiə etdiyi Eldar Həsənovun məhkəmədə iştirak etdiyini, lakin səhhətinin yaxşı olmadığını bildirib.

Eldar Həsənov 2020-ci il avqustun 13-də vəzifə səlahiyyətlərindən sui-istifadədə və büdcə vəsaitindən təyinatına uyğun olmayan istifadədə şübhəli bilinərək Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinərək, əmlakı müsadirə edilməklə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Maraqlıdır ki, Eldar Həsənovla birgə ittiham olunan digər şəxslər barədə cinayət işi ayrıca icraata ayrılıb və sonradan onların hamısı barəsində həbs qətimkan tədbiri dəyişdirilib, şərti cəzaya məhkum ediliblər.

Keçmiş səfir özünü təqsirli bilmir və ittihamları əsassız hesab edir. Eldar Həsənov iddia edir ki, hakimiyyətdə təmsil olunan müəyyən fiqurlar onun haqqında dövlət başçısına yalan məlumat ötürüblər. (Turan)

Bənzər yazılar

Back to top button