Siyasət

Bakı və Yerevan nümayəndələrinin görüşü məsələsi ayın sonunadək açıq qalır

Ötən həftə Nyu-Yorkda dövlət katibi Entoni Blinken “tərəflərə sülh prosesini necə irəlilətmək barədə fikir mübadiləsi aparmağı təklif edib”. Bu barədə Dövlət Departamentinin nümayəndəsi Ned Prays mətbuat üçün gündəlik brifinqdə bildirib.

Turan-ın Vaşinqtondakı müxbirinin “Tərəflər həqiqətən də sülh prosesində maraqlıdırlar?” sualına Prays belə cavab verib: “Qoy, tərəflər özləri fikir söyləsinlər, bizim üçün iki tərəfi yaxınlaşdırmaq vacib idi”.

Bu, son gərginliyin artmasından sonra iki xarici işlər nazirinin ilk şəxsi görüşü idi. “Dövlət katibi hər iki liderə atəşkəs rejiminə əməl olunmasının, atəşkəsin saxlanmasının və dinc yolla nizamlanmanın vacibliyini bildirib”.

Vaşinqton işarə edib ki, ABŞ Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin bu istiqamətdə səylərini dəstəkləyir.

“ABŞ ayın sonunda xarici işlər nazirlərinin növbəti görüşü üçün tarix və yer təklif edirmi?” sualının cavabında Prays deyib: “Bunu iki ölkə həll edəcək, Ermənistanla Azərbaycan arasında birbaşa qarşılıqlı fəaliyyət təkcə onların maraqlarına yox, həm də regionun və onun hüdudlarından kənardakı maraqlara uyğundur”.

“Biz Azərbaycanı qoşunları ilkin mövqelərə qaytarmağa çağırırıq. Biz silahlı qüvvələrin çıxarılmasına çağırırıq və Ermənistanla Azərbaycan arasında həll edilməmiş bütün məsələləri sülh danışıqları yolu ilə həll etmək üzərində işləyirik”.

“Güc tətbiqi qəbuledilməzdir və biz bunu açıq şəkildə bəyan etmişik. Şadıq ki, bizim iştirakımız hərbi əməliyyatların dayandırılmasına kömək etdi, çünki bu münaqişənin hərbi yolla həlli yoxdur”, – o əlavə edib.

Bənzər yazılar

Back to top button