Siyasət

“Sülh coğrafiyası ilə Rusiyasız coğrafiya beynəlxalq siyasətdə sinonim ifadələrdir”

Azərbaycan- Ermənistan arasında 44 günlük müharibə bitdikdən sonra sülh razılaşması barədə söhbətlər davam edir. Amma bununla bərabər biz sərhəddə zaman-zaman hansısa toqquşmaların, itkilərin şahidi oluruq.

Ortada sülh danışıqları varsa, sülhdə maraqlı olmayan və iki ölkə arasında qanlı toqquşmalara səbəb olan kimdir?

Beynəlxalq məsələlər üzrə ekspert Elman Fəttah ASTNA-nın suallarını cavablandırıb.

***

– Elman bəy, sizcə, sülh danışıqlarına mane olan kimdir? Azərbaycan tərəfi, Ermənistan tərəfi, Rusiya, İran, Qərb, yoxsa..?
– Məsələ də elə orasındadır ki, 44 günlük müharibədən sonra sülh razılaşması barədə danışıqlar sizin də qeyd etdiyiniz kimi, “söz-söhbət”dən o yana keçə bilmir. Sülh danışıqlarının sistemli xarakter ala bilməməsini bir neçə aspektdən izah edə bilərik: bura bir tərəfdən mövcud beynəlxalq şəraiti, sizin təbirinizcə desək, sülhə mane olan siyasi mərkəzləri, digər tərəfdən Azərbaycan və Ermənistan siyasi elitasının rasional və emosional durumunu, başqa tərəfdən sülh müqaviləsinə aparan yolun mürəkkəbliyi və bu səbəbdən də iki ölkə arasında sülh bağlanmasının əslində qısa zamanda mümkün olmamasının obyektiv səbəblərini qeyd edə bilərik. Sonuncudan başlamış olsaq, anologiyaların sayını çoxaltmadan bir nümunə ilə kifayətlənə bilərik. Məsələn, ikinci dünya müharibəsinin sonunda Almaniyanın 1945-ci ildə qeyd-şərtsiz təslim olmasına baxmayaraq SSRİ-ilə Almaniya (Almaniya Federativ Respublikası) arasında yekun sülh müqaviləsi yalnız 1970-ci ildə-Almaniya təslim olduqdan 25 il sonra imzalandı. Yəni demək istədiyim odur ki, 44 günlük müharibənin hələ iki ili tamam olmamış Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin belə qısa zamanda imzalanacağına dair gözləntilər yersizdir. Bu, sülh imzalanması üçün ağlabatan zaman kəsiyi deyil. Digər tərəfdən Ermənistan elitasına aid çeşidli siyasi oyunçuların (İqtidar, müxalifət, diaspora, kilsə, Qarabağ erməniləri, Ermənistan erməniləri) psixoloji durumu Azərbaycanla sülhün imzalanmasına imkan tanımır. Artıq 100 ildən çoxdur ki, erməni elitası “Böyük Ermənistan”, “Miatsum” şüarlarının təsiri altında psixopolitik siyasətin əsirinə çevrilib. Məhz bu xəstə təfəkkür Azərbaycan torpaqlarını 30 il işğalda saxlayıb. Təəssüflər olsun ki, onlar hələ də rasional siyasi qərarlar qəbul etmək gücündə deyillər. Təsəvvür edin ki, sülh müqaviləsi üçün Ermənistan referendum keçirməli, öz konistitusiyasında 1989-cu il müstəqillik aktına istinadla qeyd etdiyi “Dağlıq Qarabağın Errmənistana birləşdirilməsi” iddiasından vaz keçməlidir. Bütün bu sülh söz-söhbətləri zamanı siz Ermənistanda konstitusiya dəyişikliyinin heç olmasa müzakirə belə edildiyini rast gəlmisinizmi?! Belə fikirlər indiyədək heç bir siyasi qüvvənin dilindən səslənməyib.

Sualınızın “İran, Rusiya, Qərb” qisminə gəlsək, detallara ümumi şəkildə tərəflərin sülhə baxışını qeyd etdikdən sonra keçək:

İran Azərbaycanla Ermənistan arasında normallaşma prosesində maraqlı deyil. Ən azından ona görə ki, bu halda Qafqaza üçüncü oyuncu, Türkiyə güclü şəkildə daxil olacaq.

Rusiya bütövlükdə Qafqazda sülhün əleyhinədir. Çünki sülh coğrafiyası ilə Rusiyasız coğrafiya beynəlxalq siyasətdə sinonim ifadələrə çevrilib.

Qərb iki Qafqaz ölkəsində sülhdə maraqlıdır. Çünki belə şərait Qərbin coğrafiyadakı rəqiblərinin əl-qolunu bağlayar, Qərbin Qafqaza daha dərindən nüfuz etməsi üçün münbit şərait yaradardı.

Detallara keçmiş olsaq, Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşması və sülhə aparan danışıqlar üçün hazırda iki masa qurulub: Moskva masası və Brüssel masası.

Moskva masasının niyəti Rusiyanın Qafqaz siyasətinin tərkib hissəsidir və bu sülhə aparan yox, sülhün mümkünsüzlüyünü dərinləşdirən prosesdir. Brüssel masası, az əvvəl qeyd etdiyim kimi sülhə aparan yeganə yoldur. Ancaq bu yolda da real nəticələrin əldə edilməsi hələlik imkansızdır. Bunun həlledici səbəbi kimi Ermənistan elitasının sülhə hazırlıqdan çox uzaq olmasını qeyd etdim. Azərbaycan tərəfinə gəlsək. Heç də vəziyyət elə deyil ki, sanki Azərbaycan hakimiyyəti sülh quşudur, Ermənistan qoymur qanadlanıb uçsun. Məsələ burasındadır ki, Azərbaycanın mövcud hakimiyyəti beynəlxalq avtoritar koalisiyanın fəal üzvü kimi strateji müttəfiqi Putin Rusiyasının regiondakı maraqlarına daban-dabana zidd olan sülh prosesinə o qədər də həvəs göstərə bilməz. Ona görə də müxtəlif arqumentlərlə Ermənistanın törətdiyi hərbi təxribatlara çox həvəslə qoşulur, delimitasiya prosesinin olmaması iddiası ilə hətta Ermənistanla sərhədlərin bəlli olmadığını, yəni döyüşlərin istənilən əraziyə sıçramasının normal olduğunu əsaslandırmağa çalışır. Halbuki Azərbaycanla Ermənistan arasında delimitasiyaya dair komissiya hələ SSRİ-dən əvvəl, bolşevik işğalından həmən sonra 1920-ci ildə yaradılıb. SSRİ dövründə, 1930-cu ildə öz işini başa çatdırıb. Sərhədlərlə bağlı son dəqiqləşmələr isə 1969-cu ildə yekunlaşıb. Azərbaycan adına isə bu müqaviləni Heydər Əliyev imzalayıb. Hər iki ölkə SSRİ dağıldıqdan sonra BMT-yə məhz həmin sərhədlər üzrə təqdim etdikləri xəritələrlə qəbul olunublar.

Xülasə, iki ölkə arasında sülhün imzalanması üçün hələlik real istəklər mövcud olmadığına görə yaxın gələcəkdə biz bu danışıqların söz-söhbətdən o yana keçəcəyinə ümid etməməliyik.

– Sülh razılaşması söhbətləri getdiyi bir ərəfədə həm də biz onu görürük ki, Zəngəzur məsələsi də gündəmə gətirilir. Sizcə, bu iddialar nə dərəcədə əsaslıdır? Həmçinin bu iddialara təhrikedici addımlar beynəlxalq hüquq baxımdan düzgündürmü?

– Zəngəzur məsələsi deyərkən nəyi nəzərdə tutursunuz? Əgər dəhlizi nəzərdə tutursunuzsa, bu məsələdə Azərbaycan tərəfi tam haqlıdır. Dəhliz tələbi tarixi olaraq mövcud olmuş təcrübəyə əsaslanır və beynəlxalq hüquqla da qorunan, hətta alqışlanası istəkdir. Bu, regionda kommunikasıyaların intensiv dövrüyyəsinə də töhfə verərdi. Yox, əgər siz Zəngəzurun Azərbaycana zorla birləşdirilməsinə dair taftalogiyalardan bəhs edirsinizsə, bu mümkün olan məsələ deyil. Üstəlik, bu, BMT nizamnaməsinin sərhədlərin zorla dəyişdirilməməsi prinsipinə, yəni beynəlxalq hüquqa ziddir. Həmin ərazi Ermənistanın beynəlxalq hüquqla tanınmış ərazisidir.

– Amma bir məsələ də var. Sülhdən danışırıqsa, Azərbaycan tərəfi bəyan edir ki, Qarabağda yaşayan ermənilərə sahib çıxmağa hazırdır. Ancaq münaqişə başlayanda Ermənistanda yaşayan bütün azərbaycanlılar öz dədə-baba yurdundan qovuldular. Hətta Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb. Baxmayaraq ki, orada tarixən kompakt şəkildə yaşayırdılar. Həmin azərbaycanlıların taleyi necə olacaq? Sülh razılaşmasında onların da taleyi nəzərə alınmalıdırmı? Alınmalıdırsa, hansı formada alınmalıdır?

– Elə bu sualınız yekun sülh müqaviləsinin imzalanmasının nə qədər mürəkkəb məsələ olduğunu bariz şəkildə göstərir. Azərbaycan tərəfi keçmiş Dağlıq Qarabağ ərazisində yaşayan ermənilərin Azərbaycan vətəndaşlığına bərpasına və onların təhlükəsizliyinin təminatına hazır olduğunu dəfələrlə bəyan edib. Yaxşı olardı ki, bu məsələnin normativ həllinə dair müfəssəl sənəd də hazırlayıb, həm yerli, həm də beynəlxalq ictimaiyyətə təqdim edərdi. Ermənistan tərəfi necə, 34 il əvvəl qovulmuş azərbaycanlıların öz vətəninə geri qayıtmasına hazırdırmı? bu haqda nə düşünür? Bax, bunlar cavabı açıq sualllardır. Halbuki 1921-ci il Qars müqaviləsinə görə hər üç Qafqaz respublikası onların ərazisində yaşayan etniklərin bərabər hüquqlara sahib olmasını qəbul edib və təhlükəsizliklərinə təminat verib. Halbuki indi Ermənistan ərazisində azərbaycanlılar qalmayıb. Ermənistan əslində özünü mono-etnik dövlətə çevirib ki, bu, həm də Qars müqaviləsinin prinsiplərinə ziddir. Azərbaycan tərəfi isə Qars müqaviləsinə sadiqliyini 100 il sonra Türkiyə ilə imzaladığı Şuşa bəyannaməsində də nümayiş etdirib. Yəni müfəssəl sülh müqaviləsinin şərtlərindən biri də azərbaycanlıların Ermənistana qayıdıb, qayıtmaması məsələsi olmalıdır.

– Məsələnin başqa bir tərəfi. 1998-ci ildə qəbul olunmuş qərara əsasən Ermənistandan gələn azərbaycanlı qaçqınlara Azərbaycan hökuməti vətəndaşlıq verdi. İndi Azərbaycan tərəfi necə sübut edə biləcək ki, onlar vaxtı ilə Ermənistan vətəndaşları olublar, Ermənistandan Azərbaycana köçüblər?

– Bəli, bu, Azərbaycanın dövlət maraqlarını zidd, çox uğursuz qərardır. Yadınızdadırsa, 1997-ci ildə ATƏT-in Minsk qrupu çərçivəsində də sülh danışıqları intensivləşmişdi. Heydər Əliyev bu addımı məhz Ermənistanı sülhə həvəsləndirmək məqsədi ilə növbəti güzəşt kimi atdı. Ancaq Ermənistan tərəfi sülhə yaxınlaşmağa heç cəhd belə etmədi. Bir il sonra Ermənistanda silahlı çevriliş yaşandı və sülh danışıqları dəfn olundu. İndiki danışıqlarda həmin şəxslərin Azərbaycan vətəndaşı olması qayıdışa mane olan faktordumu? Faktordur, ancaq həlledici deyil. Məsələn, yaxın tarixdə Gürcüstan hansı ölkə vətəndaşları olmalarına baxmayaraq ölkədən qovulmuş Mesxeti türklərinin geri qayıtmasına şərait yaratdı. Əgər münasibətlərin normallaşmasında maraqlı olarsa, azərbaycanlılara qarşı nifrətdən əl çəkdiyini nümayiş etdirmək istəyərsə, Ermənistan da eyni addımı ata bilər.

– Azərbaycan tərəfi bunu sübut edə bilsə, həmin vətəndaşların yenidən öz dədə-baba yurdlarına qayıtmasını və onların təhlükəsizlik məsələsini qaldıra bilərmi?

– Xüsusi sübutlara ehtiyac yoxdur. Cəmi 34 il əvvəlin hadisəsidir. Hər iki ölkənin arxiv sənədləri var. Bütün dünyaya da bəllidir ki, həmin insanlar Ermənistandan zorla qovulublar.

-Son olaraq, təklifləriniz nədir? Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin bağlanması, eləcə də, Ermənistandan qaçqın düşmüş azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtması üçün, eləcə də Azərbaycanda yaşayan ermənilərin rahat, firavan, sülh içində yaşaması üçün hansı addımlar atılmalıdır?

– Müsahibə boyu mən əsaslandırdım ki, indiki şərtər altında iki ölkə arasında sülh müqaviləsinin imzalanması yaxın gələcəyin işi deyil. O ki qaldı sülhə aparacaq yolda atılmalı olan addımlara, ilk növbədə, hər iki ölkə bununla bağlı aydın siyasi iradə nümayiş etdirməlidir. Sülhə gedən yolda atılacaq ilk addım məhz ölkələrin qarşılıqlı olaraq ərazi bötövlüyünü tanıması olmalıdır. İlk növbədə, Ermənistan tərəfi Azərbaycana olan ərazi iddialarından əl çəkdiyini konstitusional dəyişikliklə təsbit etməlidir. Yalnız bundan sonra real addımların atılması mümkün ola bilər. Bu prinsipial məsələ həll edilərsə, yalnız bundan sonra həm azərbaycanlı qaçqınların Ermənistana qayıtması, həm də Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi məsələsinin danışıqların predmetinə çevrilməsi mümkün olar. Ancaq Azərbaycan tərəfi sülh danışılarının sonunu gözləmədən öz ərazi bütövlüyünün qayğısına qalmalı, Xankəndidə və ətraf yaşayış məntəqələrində suverenliyinin bərpasını reallaşdırmaldır. Bu proses mütləq şəkildə yerli erməni əhalisinin təhlükəsizliyinin təminatını da ehtiva etməlidir.

Bənzər yazılar

Back to top button