Hadisə

Şəriki məhkəmədə Rasim Məmmədovun “ÜZÜNƏ DURDU” – TƏFƏRRÜAT

Bakı Ağır Cinayətlər Məhkəməsində “Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi ilə bağlı məhkəmə prosesi keçirilib.

Prosesdə ifadə verən təqsirləndirilən şəxsin şəriki Yusif Hənifəzadə bildirib ki, Rasim Məmmədov məhkəmədə yalan ifadə verib.

O qeyd edib ki, R.Məmmədovun “Baku Steel Company”ni öz pulu ilə alması barədə dedikləri həqiqətəuyğun deyil.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Rasim Məmmədov isə bildirib ki, şəriki ona qarşı ifadə verməyə məcbur edilib:

Prosesdə Rasim Məmmədovun vəkilləri vəsatət qaldırıb.

“Xahiş edirik, beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq, Rasim Məmmədovun xaricdən gələn vəkilləri bu prosesə müdafiəçi qismində buraxılsın. Onların Rasim Məmmədovla konfidensial görüşməsinə imkan yaradılsın”,- vəkil deyib.

Məhkəmə vəsatəti təmin etməyib. Hakim bildirib ki, Elçin Sadıqovun bu prosesdə iştirakı ilə bağlı artıq qərar qəbul edilib və dəyişmir. Əcnəbi vəkillərin prosesdə müdafiəçi kimi iştirakına gəlincə, hakim qeyd edib ki, Azərbaycanda yalnız bu ölkədə vəkillik fəaliyyəti həyata keçirmək səlahiyyəti olan şəxslər müdafiəçi qismində iştirak edə bilər. Bunun üçün Azərbaycanda vəkillik fəaliyyəti həyata keçirməyə səlahiyyət verən sənəd məhkəməyə təqdim olunmalıdır.

Daha sonra təqsirləndirilən şəxsin vəkili prosesin audio-video yazısına icazə verilməsi barədə vəsatət qaldırıb.

Vəkil həmçinin Rasim Məmmədovun məhkəmə zalındakı şüşə kabinədən çıxarılıb, müdafiəçilərinin yanında əyləşməsinə icazə verilməsi barədə də vəsatət qaldırıb.
Hakim deyib ki, eyni məsələlər məhkəmənin hazırlıq iclasında da qaldırılmışdı və o zaman münasibət bildirilib.

Daha sonra Yusif Hənifəzadə dindirilib.

O deyib ki, zavod Rasim Məmmədovun deyil. Onun sözlərinə görə, “Baku Steel Company”nin Rasim Məmmədovdan əvvəlki rəhbərliyi milliyyətcə yəhudi olan işadamları idi. O bildirib ki, keçmiş dostu böyük pullar qazanmağa başlayandan sonra çox dəyişib, hətta onun telefonlarına cavab verməməyə başlayıb.

“Rasim Məmmədov həm ölkə daxilində, həm də xaricdə müxtəlif şirkətlər yaradır, zavodlar alırdı. Onların vasitəsilə də “Baku Steel Company”ə ziyan vururdu. O şirkətlər hamısı pulyuma vasitəsi idi. O şirkətlərə “Baku Steel”in armaturlarını ucuz verirdi, onlar da üstünə marja qoyub satırdı. Bir şirkətin dövriyyəsi şişən kimi başqasını yaradırdı. 2016-2017-ci illərdə Aktauda zavod tikirdi. “Baku Steel”in kassasında 39-40 milyon borc yaranmışdı, maaşları, işıqpulunu verə bilmirdi”, – şahid bildirib.

O qeyd edib ki, R.Məmmədov “yuxarı”ya vermək adı ilə zavodun kassasından çıxan pulları özünə götürüb: “Mən zavodda idim, dedi ki, təcili 350 min lazımdı, çatmalıdı. Orada işçilər düzüb-qoşub düzəltdilər. Həmin gün düşdüm dalınca, onu izlədim, gördüm ki, evinə getdi, başqa yerə yox. Onda başa düşdüm ki, “yuxarı” deyəndə öz evini nəzərdə tuturmuş. Evi axırıncı mərtəbədə yerləşir”.

Y.Hənifəzadə deyib ki, 2011-ci ildə “Araz” kinoteatrının binasının satılması məsələsi ortaya çıxanda Məmmədov ona binanı şərikli almağı təklif edib. Söz verib ki, əmlak onun adına olacaq: “3.5 milyon pul verdim. 3 ay sonra gördüm ki, atasının adına alıb”.

İttihama görə, Rasim Məmmədov “Baku Steel Company” MMC-nin müşahidə şurasının sədri olduğu müddətdə vəzifə səlahiyyətlərindən sui-istifadə edib, sənədlərə yalan məlumatlar daxil etməkdə, o cümlədən, rəqəmləri şişirtməkdə, başqa şəxslərin adına şirkətlər yaradıb şirkətin mallarını aşağı qiymətlərlə satmaqda, “Baku Steel Company”-nin məhsullarını öz obyekt və yaşayış binalarına sərf etməkdə təqsirləndirilir. Bütün bunlarla təqsirləndirilən şəxs ümumilikdə təxminən 55 milyon manatlıq mənimsəmə və israfetməyə yol verib.

Göstərilən cinayət əməllərinə görə, Rasim Məmmədova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə emə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) yekun ittiham verilib. (Trend)

Bənzər yazılar

Back to top button