Siyasət

Vətən müharibəsinin regiona yaratdığı tarixi fürsət – İrəvan bunu da qaçırsa…

İşğaldan azad edilən ərazilərdə böyük quruculuq üçün mühüm dəyərdə olan ay; əməkdaşlığın bərpasından ən çox Ermənistan fayda götürəcək, çünki…; ekspert: “Ermənilərin işğalçılıq sindromundan qurtulması ilk növbədə özlərinə lazımdır”

2021-ci ilin ilk ayı arxada qaldı. İşğaldan azad edilən qanuni və tarixi torpaqlarımızın sürətli bərpası dövlətimiz və xalqımız üçün hazırda əsas hədəflərdən biridir. Buna hesablanmış, böyük quruculuğu və böyük qayıdışı özündə ehtiva edəcək “Yol xəritəsi” keçən ay ərzində daha da cilalanmış oldu. Müvafiq dövlət qurumları və idarələri öz işlərinin intensivliyini bir qədər də artırdılar.

Əlbəttə ki, qış mövsümü, havaların sərt keçməsi istər-istəməz yenidənqurma və bərpa işlərinə neqativ təsirini göstərəcək. Ancaq bir şey dəqiqdir ki, azad edilən şəhər və kəndələrimiz məhz nəzərdə tutulan dövlət proqramı əsasında təzədən və tədricən təzə nəfəs qazanacaq, dirçələcək. Həm də o səbəbə ki, bu, artıq milli məsələdir, milli təhlükəsizlik məsələsidir. Demək, onun həyata keçməsinə hər bir vətəndaşımız bacardığı töhfəni verməlidir ki, erməni separatizmi bir də bölgəmizdə baş qaldıra bilməsin.

*****

Deyilən səbəbdən Azərbaycan dövləti ərazilərimizin bərpasını əsas hədəf qismində görməklə yanaşı, Ermənistanın regional layihələrə cəlb edilməsində və beləliklə, onun müharibə ritorikasının gündəmdən çıxmasında da maraqlıdır. Bu istiqamətdə fəaliyyət artıq başlayıb.

Xəbər verildiyi kimi, ötən həftəsonu Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinləri ilk dəfə olaraq üçtərəfli formatda Moskvada bir araya gəliblər. Üçtərəfli işçi qrupun iclası zamanı Azərbaycan Prezidentinin, Ermənistan Baş nazirinin və Rusiya Prezidentinin 10 noyabr 2020-ci il tarixli bəyanatının 9-cu bəndinin icrasından irəli gələn birgə əsas işin istiqamətlərinə, habelə 11 yanvar 2021-ci il tarixli bəyanatın 2, 3, 4-cü bəndlərinə baxılıb. Qərara alınıb ki, fevralın 2-nə, yəni bu günədək kommunikasiyaların və yolların açılması ilə bağlı müvafiq istiqamətlər üzrə ekspert qrupları (alt komitələr) yaradılsın.

Fevralın 5-də isə Moskvada növbəti, lakin daha geniş tərkibdə və konkret təkliflərlə proses davam etdiriləcək. Bütövlükdə martın 1-i üçün tərəflər, yəni baş nazirlərin müavinləri səviyyəsində yaradılan birgə qurum ortaq hərəkət planını – “Yol xəritəsi”ni dövlət başçılarına təqdim etməlidir. Başqa sözlə, martın 1-nə qədər konkret plan liderlərin masası üzərində olmalıdır. Bu mənada fevral ayı bölgədə iqtisadi inteqrasiya əlaqələrinin gələcək inkişafı baxımından mühüm sayılır. Başqa sözlə, fevral təkcə Qarabağ üçün deyil, ümumən bölgə üçün önəmli dönəm kimi yadda qala bilər.

*****

Şübhəsiz ki, çox şey Ermənistanı idarə edənlərin özlərini necə aparmasından və götürdükləri öhdəliklərə nə dərəcədə əməl eləməsindən asılı olacaq. Əfsus ki, məğlub ölkədə ilk növbədə Ermənistanın özünə fayda gətirəcək bu proseslərə skeptik yanaşan və hətta bu günədək əldə olunan kövrək anlaşmaları təftiş edən, torpedalayan təxribatçı qüvvələr kifayət qədərdir.

Bu qüvvələr üç aydır erməni xalqını böhrandan çıxmağa və kapitulyasiya sonrası yeganə doğru seçimini etməyə qoymur. İddia edirlər ki, on illərdir bağlı qalan yolların açılmasından, əlaqələrin qurulmasından guya Ermənistandan çox onun qonşuları fayda götürəcək, Ermənistan isə daha asılı duruma düşəcək. Halbuki illərdir Türkiyə və Azərbaycanı Ermənistanı blokadada saxlamaqda suçlayan əsasən elə həmin qüvvələr olub.

Hazırda Ermənistanı qarışdırmağa çalışan və qonşu ölkələrlə dinc-yanaşı yaşamağa mane olan da eyni radikal çevrələr, revanşistlərdir. Ən qəribəsi odur ki, revanşist qüvvələr erməni xalqına alternativ heç nə təqdim edə bilmirlər. Yalnızca quru pafos, əsassız siyasi iddialar və əlçatmaz hədəflər barədə nağıllar. Onlar hələ də anlamaq istəmirlər ki, bu dəqiqə faktiki öz ölkələrinin taleyi həll olunur. Ona görə ki, iki və çoxtərəfli əməkdaşlığın qurulması bölgənin yeganə böhran içində olan ölkəsinə – Ermənistana hamıdan çox gərəkdir.

*****

“Əslində Ermənistan da bu məsələdə (inteqrasiyada – red.) maraqlı olmalıdır. Çünki iqtisadi cəhətdən çox zəif durumdadır, dünyaya çıxmaq üçün, Avropaya çıxmaq üçün Azərbaycan və Türkiyə üzərindən yeni yol əldə edə bilər. Ona görə də yeni kommunikasiya xətlərinin açılması Ermənistanın marağında olmalıdır”.

Bu sözləri tanınmış iqtisadçı, REAL Partiyasının icraçı katibi Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında söyləyib. O hesab edir ki, Ermənistan bu marağı ənənəvi zərərli işğalçılıq siyasətinə qurban verməməlidir.

“Ancaq məncə, hərbi məğlubiyyətə uğramış ölkə başlanan danışıqlardan hərbi məğlubiyyətinin əvəzini çıxmağa çalışacaq. Ermənistan bu danışıqlara müəyyən üstünlük qazana biləcək vasitə kimi baxır. Ona görə də onun davranışının necə olacağını izləmək lazımdır. Yalnız bundan sonra başlanan prosesin nələrə gətirib çıxara biləcəyi barədə dəqiq fikir söyləmək mümkündür. Ermənistanın davranışlarından çox şey asılı olacaq. Ermənistanın müharibə, işğalçılıq sindromundan yaxa qurtarması ilk növbədə onun özünə lazımdır. Baxaq görək, onlar bunu dərk edib konstruktiv yol tuta biləcəklərmi?”, – deyə o, haqlı sual edib.

Erməni xalqının gələcəyi ilə bağlı əsas məsələ də elə bu suala bağlıdır. Ona düzgün cavabın tapılmasına görə məsuliyyət isə ilk növbədə bu xalqı yönləndirən siyasi elita və yerli medianın üzərindədir. Təəssüflər olsun ki, müşahidələr bu yöndə nikbin qənaətə gəlməyə hələlik əsas vermir…

*****

“Bu gün Ermənistanın siyasi müstəvisində böhrandan çıxmağa hesablanmış ideyalar və proqramlar boşluğu var və bütün əsas siyasi xadimlər populizmlə məşğuldur”.

Musavat.com-un məlumatına görə, bu sözləri erməni politoloq Armen Baqdasaryan söyləyib. Onun sözlərinə görə, Paşinyan bütün mümkün metodlarla hakimiyyəti əlində saxlamağa çalışacaq, baş nazirin öz postundan getmək istəməməsinin səbəblərindən biri isə özü ilə bağlı cinayət təqibi qorxusu ilə bağlıdır.

Baqdasaryan hesab edir ki, ölkədəki siyasi xadimlərin heç birinin böhrandan çıxmaq, iqtisadiyyat və təhlükəsizlik problemlərini həll etmək üçün konkret reseptləri yoxdur. “Mövcud partiyalar yeni vəziyyətə uyğunlaşmalı, təzə proqramların təşəbbüskarı, yeni ideyaların generatoru olmalıdır. Bütün bunlar da son nəticədə dövlətin inkişaf strategiyasının hazırlanmasına yönəldilməlidir”.

Erməni ekspertin qənaətincə, sadalanan bütün partiyalar yaranmış vakuumu, ideya və yanaşma qıtlığının mövcudluğunu başa düşürlər, lakin seçkiqabağı kampaniyanın startı, faktiki, verildiyi üçün asan yolu – populizm və boş vədlər yolunu seçiblər. “Depressiyaya uğrayan, hərbi məğlubiyyətin şokunu yaşayan bir cəmiyyəti boş vədlərlə yemləmək əlbəttə ki, ən asandır”, – deyə o sonda əlavə edib.

*****

Təbii ki, Baqdasaryanın müxalifətlə bağlı sadaladığı sərt reallıqlar və ciddi çatışmazlıqları erməni xalqı da görür, bilir. Eyni zamanda sabiq prezident və korrupsioner, keçmiş xunta rejiminin rəhbəri Robert Köçəryanın və bütövlükdə Qarabağ klanının hakimiyyətə can atmasının da yaxşı fərqindədir. Odur ki, Nikol Paşinyanı yola salmağa tələsmir, “İstefa” tələblərinə gərəkən dəstəyi vermir. Qısası, iki “ən pis”dən ən yaxşını seçmək məsələsi.

Lakin Paşinyan ölkə sükanı arxasında qalsa da, getsə də, erməni xalqı strateji seçimi yenə düzgün etməzsə, Ermənistan düşdüyü quyudan çıxa bilməyəcək. Quyudan isə yalnız Azərbaycan və Türkiyə sayəsində çıxmaq mümkündür. Yetər ki, onlara qarşı bir əsrdən çoxdur davam edən əsassız və absurd ərazi iddialarına, Türkə nifrət ritorikasına son verilsin.

“Bölgədə iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması Ermənistana və Rusiyaya Azərbaycandan daha çox lazımdır. Kommunikasiyaların açılması Ermənistan üçün düşdükləri uçurumdan çıxmağın xilas yoludur. Orada bunu heç də hamı olduğu kimi dəyərləndirmək istəməsə də, bu – həqiqətdir. Ermənistanın başqa çıxış yolu yoxdur. Nə qədər ki, bu ölkə Rusiyanın caynağından xilas ola bilməyib, onun dediyi ilə oturub-durmağa məhkumdur. Ermənistanda siyasi elita başa düşməlidir ki, onların bir millət və bir dövlət kimi nicatı Azərbaycan və Türkiyə ilə normal əlaqələrin bərpasından keçəcək. Əks halda, tarix boyu necə ki, Rusiyanın əlində bir alət olublar və belə də qalacaqlar. Hər hansı bir alət isə zaman keçdikcə köhnəlir və sonda tullanır”.

Bu sitat isə iqtisadçı professor Fikrət Yusifova məxsusdur. Necə deyərlər, əlavə şərhə lüzum qalmır…

Mənbə: Yeni Müsavat

Bənzər yazılar

Back to top button