GündəmManşetSiyasət

Ermənistan sülhün bərqərarı üçün tarixi fürsətdən istifadə etməlidir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan işğaldan azad edilmiş ərazidə yeni hava limanının açılışı ilə əlaqədar oktyabrın 20-də Azərbaycanın Cəbrayıl və Zəngilan rayonlarına səfəri uğurlu adlandırıb, Anadolu agentliyi bildirib.

“Əziz qardaşım İlham Əliyevlə birlikdə Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirak etdik. Zəngilan strateji əhəmiyyətli coğrafi mövqeyə malikdir və tikilmiş hava limanı təkcə Azərbaycanın deyil, bütövlükdə regionun inkişafına mühüm töhfə verəcək”, – o deyib.

Ərdoğan qeyd edib ki, regionla dünyanın qalan hissəsi arasında kommunikasiyaların bərpası, nəqliyyat yollarının möhkəmləndirilməsi strateji addımlardır.

Türkiyə dövlətinin başçısı qeyd edib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası istiqamətində işlər aktiv templə davam edir. “Əminəm ki, Azərbaycanın investisiyaların cəlb edilməsi istiqamətində atdığı addımlar tezliklə Qarabağı regionun parlaq ulduzuna çevirəcək”, – o deyib.

Türkiyə lideri həmçinin qeyd edib ki, səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə ikitərəfli əlaqələri, regionda və dünyada vəziyyəti müzakirə edib.

“Bizim Cənubi Qafqaza ümumi baxışımız sülh, sabitlik və inkişafa əsaslanır. Sərhədlərin demarkasiyası, Naxçıvanla Azərbaycanın qərb rayonları arasında kommunikasiyaların açılması və sülh sazişinin imzalanması (Ermənistanla) regionda vəziyyətin normallaşmasına xidmət edəcək mühüm addımlar olacaq. Uzun illərdən sonra bölgədə uzunmüddətli sülhə şans yaranıb və bu, çox baha başa gəlib”, – Ərdoğan deyib.

Dövlət başçısı Ermənistanın bu tarixi fürsətdən yararlanacağına ümid etdiyini bildirib.

Ərdoğanın sözlərinə görə, Azərbaycan və Ermənistan arasında danışıqlarda irəliləyiş şübhəsiz ki, Ankara və Yerevan arasında münasibətlərin normallaşması prosesinə müsbət təsir göstərəcək.

Bənzər yazılar

Back to top button