Dünya

Ukraynadakı müharibənin nəticələri yeni geosiyasi reallığı möhkəmləndirəcək

Putin Ukraynaya qarşı təcavüzə başlayıb, baxmayaraq ki, beynəlxalq ictimaiyyət sonuna qədər onun bu addımı atacağına inanmırdı. Hücum olsa belə, onun miqyasının necə olacağı aydın deyildi. Bu barədə Çexiya Beynəlxalq Münasibətlər Assosiasiyasının (BMA) eksperti Pavel Qavliçek Turan-a müsahibəsində bildirib.

“Mən də hadisələrin belə inkişafını ehtimal etməyənlər arasında idim. Amma müharibə ərəfəsində Rusiya Təhlükəsizlik Şurasının məlum iclasından sonra aydın oldu ki, Luqansk və Donetskə hücum olacaq. Düşünürəm ki, məhz həmin günlərdə Putin və onun ətrafı nə qədər uzağa gedə biləcəklərini qərarlaşdırırdılar”, deyə o qeyd edib.

– Rusiya tərəfindən genişmiqyaslı müharibə fonunda Qərbin Ukraynaya yardımı yetərlidirmi?

Bu suala cavabda Qavliçek deyib ki, indi məsələ təkcə Qərbin Ukraynaya hərbi və maliyyə yardımı göstərməsindən deyil, həm də müharibədən sonra ölkənin bərpasından ibarətdir.

Müharibənin əvvəlində Qərb ölkələri Rusiyanın 350 mlrd. dollar dəyərində maliyyə və digər vəsaitlərinə həbs qoyub. Çox güman ki, bu vəsaitdən müharibədən sonra Ukraynanın bərpası üçün istifadə olunacaq. Bundan başqa, Rusiyanın enerji daşıyıcılarının – neft və qazın əvəz olunması məsələlərini həll etmək lazım gələcək.

Çexiya Respublikasının bu məsələdəki mövqeyi birmənalı olaraq Ukraynanın tərəfindədir. Bu, həm Avropa İttifaqı çərçivəsində, həm də Praqa və Kiyev arasında ikitərəfli münasibətlərdə özünü göstərir.

– Rusiyanın Ukraynaya təcavüzündən sonra Qərbin siyasəti necə dəyişəcək?

Ümumilikdə fevralın 24-də müharibə başladıqdan sonra Avropa İttifaqı bütün təhlükəsizlik konsepsiyasını yenidən nəzərdən keçirməyə başlayıb. Faktiki olaraq Qərb Ukraynaya NATO üzvü kimi hərbi dəstək göstərir, baxmayaraq ki, ölkə alyansın üzvü deyil. Buraya birbaşa silah, o cümlədən ağır silah tədarükü, habelə bu günə qədər 50 minə yaxın Ukrayna hərbiçisinə təlim keçilməsi daxildir. Bütün bu dəstək artım təmayülü göstərir, deyən Qavliçek əlavə edib ki, müharibənin yekunları dünyada yeni geosiyasi reallığı möhkəmləndirəcək.

– Çexiyanın Aİ-yə sədrliyi Ermənistan və Azərbaycan arasında münaqişənin nizamlanmasına yeni təkan verəcək. Avropa liderlərinin vasitəçiliyi ilə Əliyev və Paşinyanın Praqa görüşü tərəflərin sülh müqaviləsinin imzalanması haqqında razılıq əldə etməsinə gətirib çıxarıb. Amma Fransa və ABŞ Rusiyanın destruktiv rolunu qeyd edib, onu sülh prosesinə mane olmaqda ittiham edib.

Çexiyalı ekspertin sözlərinə görə, oktyabrın 6-da Praqada dördtərəfli görüş göstərib ki, Avropa İttifaqı bu regionu Rusiyaya “vermək” niyyətində deyil. “Avropada burada təkcə Rusiya sülhməramlılarının və yalnız Rusiyanın hərbi iştirakının olmasını istəmirlər”, deyə ekspert bildirib.

Aİ-nin Ermənistan-Azərbaycan sərhədində missiyasına gəlincə, bu addım da Gürcüstanda artıq mövcud olan mülki müşahidəçilərin iştirakının davamıdır. “Bu misisyanın müddəti cəmi iki ay olsa da, düşünürəm ki, Aİ rəhbərliyi regionda iştirak təmayülünü davam etdirməyə çalışacaq”, deyə Qavliçek qeyd edib.

– Prezident Əliyev regionda inteqrasiya və təhlükəsizlik məqsədilə üç Cənubi Qafqaz ölkəsinin ittifaqını formalaşdırmağı təklif edib. Bu dəfə təşəbbüs reallaşa bilərmi?

İdeya özü yeni deyil və 20-ci əsrin əvvəllərində artıq bu cür cəhdlər edilib. Onun reallaşması üçün əsas amil Azərbaycan, Gürcüstan və Ermənistan liderlərinin və əhalilərinin siyasi iradəsidir. Onların istəyi olmadan bu ittifaq sadəcə olaraq qeyri-mümkündür.

Avropada da belə ittifaqlar var, məsələn, Vışeqrad prosesi, Benilüks, Baltika Kooperasiyası. Bütün bu modellər Cənubi Qafqaz ölkələri üçün də cəzbedici ola bilər.

Bu cür layihələr hərbi əməliyyatlar başa çatdıqdan sonra həyata keçirilə bilər. Bu, təkcə regiondakı münaqişələrə deyil, həm də Ukraynadakı müharibənin yekunlarına aiddir. Aydındır ki, dünyada qlobal geosiyasi dəyişikliklər baş verir və bu, vəziyyətə xeyli təsir göstərəcək.

– Cənubi Qafqaz ölkələrinin Avropa İttifaqı ilə əməkdaşlıq perspektivləri nələrdir?

Çexiyalı ekspertin fikrincə, bu, region ölkələrinin seçimidir. Amma artıq aydındır ki, bu ölkələr bu münasibətlərin möhkəmlənməsini və dərinləşməsini istəyirlər. Gürcüstan bunu artıq açıq şəkildə bəyan edib. Azərbaycan Avropanın mühüm energetika tərəfdaşıdır və bu tərəfdaşlıq getdikcə güclənəcək. Bu trend Avropa İttifaqına daxil olmaq üçün namizəd olan Ukraynaya və Moldovaya da aiddir.

“Azərbaycan hakimiyyəti və xalqı hələ öz gələcəklərini necə və kiminlə gördüklərinə qərar verməlidir”, deyə Pavel Qavliçek bildirib.

Bənzər yazılar

Back to top button