Siyasət

Rusiya mətbuatı: Vaşinqton İrəvanı təslim olmağa və Qarabağdan imtina etməyə razı salıb

Paşinyan Ermənistanı Qərbə aparmaq üçün Qarabağı təslim edir. Görünür, Vaşinqton Moskvanın arxasında İrəvanı təslim olmağa və Qadabağdan imtina etməyə razı salıb…

Vaşinqton və Brüsselin çətin məqamdan istifadə etməyə və keçmiş İttifaqın bütün perimetri boyu Moskva üçün problemlər yaratmağa çalışacağı faktı Ukraynada xüsusi hərbi əməliyyatın əvvəlindən aydın idi. Bu baxımdan bəlkə də ən əlverişlilərindən biri Qarabağ keysidir.

2020-ci ildə 44 günlük müharibədən (müharibə yalnız Putinin vasitəçilik səyləri sayəsində başa çatdı) və Rusiya sülhməramlı qüvvələrinin kontingentinin Qarabağda yerləşdirilməsindən sonra kövrək olsa da, sülh hökm sürdü. Azərbaycan və Ermənistan sərhədində baş verən müxtəlif miqyaslı atışmalar və insidentlər açıq şəkildə danışıqlarda nəticə əldə etmək üçün siyasi təzyiq məntiqində baş verir. Bununla belə, artıq yaxın gələcəkdə uzunmüddətli münaqişənin tarixində yeni dönüş qeydə alınır.

Oktyabrın 10-da Rusiyanın “Telegram” kanallarından birində Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasına dair Vaşinqton sənədi adlanan razılaşma dərc olunub. Sənəd Qərbin vasitəçilik missiyasının nəticəsidir və müxtəlif mənbələrə görə, bir sıra Brüssel və Praqa danışıqlarından, habelə xarici işlər nazirləri və Təhlükəsizlik Şurası katiblərinin Vaşinqtonda keçirilən görüşündən sonra Əliyev və Paşinyan tərəfindən məqbul sayılıb.

Sənədin məzmununa görə, imzalanacağı təqdirdə dövlətlərarası sərhədin son delimitasiyası üzrə işlər aparılacaq, Zəngəzur dəhlizi adlanan və Ermənistan ərazisindən keçməklə Şərqi Azərbaycanın rayonlarını Naxçıvanla birləşdirməli olan yüksəksürətli marşrut xəttinin tikintisinə başlanacaq. Bundan əlavə, ermənilərin təhlükəsizliyi və hüquqları ilə bağlı məsələləri Qarabağ ermənilərinin nümayəndəsi ilə müzakirə edib həll eməsi üçün Azərbaycan “rəsmi nümayəndə” təyin etməli olacaq. Qarabağ ermənilərinə, ələxsus tanınmamış “DQR”ə heç bir status nəzərdə tutulmayıb.

Maraqlıdır ki, bu sənədin dərci nə Ermənistanda, nə də Qarabağda heç bir etiraz dalğasına səbəb olmadı. Axı aydındır ki, reallıqda bu, Dağlıq Qarabağın tamamilə Azərbaycanın yurisdiksiyasına keçməsi deməkdir və azərbaycanlılar istənilən “rəsmi nümayəndələrin” formallıq olduğunu gizlətmirlər: bu yaxınlarda İlham Əliyev bir daha bəyan etdi ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdırlar və onlarla ölkəsinin konstitusiyasına tam uyğun davranılacaq.

Əgər hazırkı Ermənistan hökuməti bu sənədin qəbuluna razılaşarsa (Ermənistan hökumətindəki mənbələr Paşinyanın mümkün qədər tez imzalamaq zərurətinə əmin olduğunu iddia edir), o zaman bu, Zaqafqaziyada “tektonik sürüşmənin” katalizatoruna çevriləcək. Azərbaycan və Türkiyə ilə sülh sazişi imzalayan, Qarabağı itirən və bununla da ekzistensial təhlükələrdən qurtulan Ermənistanın nə Gümrüdəki Rusiya bazasına, nə də Qarabağdakı Rusiya sülhməramlılarına ehtiyacı qalmayacaq. Aydındır ki, Qərb vasitəçilərinin əsl məqsədi məhz budur.

Paşinyan buna gedəcəkmi? Ermənistan və Rusiyanın ekspert icmasının əhəmiyyətli hissəsi onun bunu operativ şəkildə və vicdan əzabı çəkmədən edəcəyinə inanır: o, hakimiyyətə gəlməzdən əvvəl özünü qərbyönlü və Ermənistanın Avrasiya İqtisadi İttifaqdan çıxmasının tərəfdarı kimi təqdim edirdi. Bu, Ermənistanda və Qarabağda iğtişaşlara səbəb olacaqmı? Yəqin ki, olacaq. 2021-ci il seçkilərində Paşinyan ədalətli sülh, Qarabağı ermənilərin əlində saxlamaq və Rusiya Federasiyası ilə strateji müttəfiqliyi gücləndirmək şüarları altında hakimiyyəti saxladı. Paşinyanın uğursuzluqlarına səbri və dözümlülüyü hədsiz görünən erməni seçicisi ona belə mandat verməyib və son 4 ildə baş verən bütün bəlaları baş nazirə xatırlada bilər.

Bundan əlavə, çətin ki, ermənilər yaxın tarixin dərslərini unutsunlar və onlar xatırlayırlar ki, Vaşinqtonun sözü ilə həll olunmamış təhlükəsizlik problemləri ilə üz-üzə qalanda nələr baş verə bilər. (Qaynarinfo)

Bənzər yazılar

Back to top button