Dünya

“Qonşu dövlətə hücum etmək qərarına gələn bir Vladimir Putin var” – Kirbi

Ağ Ev cümə axşamı Rusiya prezidenti Vladimir Putinin Cənubi Qafqazda özünü “sülhməramlı” kimi qələmə vermək cəhdlərini təkzib edərək, onun Ukraynaya amansız hücum həyata keçirdiyini qeyd edib.

“Heç bir səbəb olmadan qonşu dövlətə hücum etmək qərarına gələn bircə Putin var”, deyə ABŞ Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi Turan-ın “Hansı Putin gerçəkdir: Cənubi Qafqazda sülhməramlı, ya Ukraynada problem yaradan?” sualına cavabda bildirib.

Kirbi Dövlət Departamentinin Vaşinqtondakı Xarici Mətbuat Mərkəzində jurnalistlərlə söhbət edib. Onun sözlərinə görə, Bayden administrasiyası hesab edir ki, Putinin Ukraynadakı strateji hədəfləri dəyişməyib və o, “Ukraynanın suveren, müstəqil milli dövlət kimi mövcud olmasını istəmir”.

ABŞ rusların Ukraynada “çirkli bombadan” – adi partlayıcı maddələr və uran ehtiva edən silahdan və ya nüvə silahından istifadə etməyi planlaşdırmasının “heç bir əlamətini görmür”.

Turan-ın Putinin Ukraynada gərginlik fonunda Ermənistan və Azərbaycan arasında “sülhməramlı” qismində çıxış etmək cəhdləri haqqında sualına cavabda Kirbi xatırladıb ki, Rusiya prezidenti qonşu Ukraynanın şəhərlərini və Ukrayna xalqını hədəf alıb.

“Bizim gördüyümüz Putin günahsız Ukrayna xalqına, uşaqlara qarşı vəhşiliklər törədən, mülki infrastrukturu məhv edən hərbiçilərin lideridir. Biz öz qoşunlarına və öz xalqına yalan danışan Putini görürük”, deyə Kirbi əlavə edib.

Bənzər yazılar

Back to top button