Siyasət

Ermənistan Təhlükəsizlik Şurasının sədrinin Azərbaycanla danışıqların gedişatı haqqında şərhi

Ermənistan Azərbaycanla Qarabağ ermənilərinin təhlükəsizliyinə beynəlxalq zəmanət verən sülh müqaviləsi bağlamağa çalışır. Yerevan məhz belə bir müqavilə versiyası təklif edir. Bu barədə Civilnet kanalına müsahibəsində Ermənistanın Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan bildirib.

“Biz bu variantda sülh müqaviləsi bağlayırıqsa, mümkün təxribatların qarşısını alırıq, təklif edilən mexanizmlər isə beynəlxalq zəmanət yaradır”, deyə o bildirib.

Qriqoryan xatırladıb ki, Azərbaycan sülh müqaviləsinin 5 bəndini, daha sonra isə daha ətraflı mətn təklif edib. Onun sözlərinə görə, Ermənistan tərəfi çərçivə müqaviləsinin mətnini hazırlayıb və noyabrın 7-də Vaşinqtonda XİN başçılarının görüşündə təqdim edib.

“Bu, hərtərəfli mətndir və Ermənistan və Azərbaycan arasında problemləri həll edə bilər”, deyə o bildirib.

Rusiyanın təklifləri haqqında suala cavabda Qriqoryan bu təkliflərin Soçidə müzakirə olunduğuna, amma Bakının israrı ilə çıxarıldığına eyham edib.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında 4 böyük mövzu var, onların da alt mövzuları var. “Birincisi humanitar məsələlər, bütün əsirlərin tezliklə azad edilməsi, ikincisi kommunikasiyaların açılması, daha sonra delimitasiya, sərhəd təhlükəsizliyi komissiyalarının işi və Dağlıq Qarabağ probleminin həllidir”.

Qarabağa gəlincə, “məsələni gələcəyə saxlamaq və ya Dağlıq Qarabağ və Azərbaycan arasında hüquq və təhlükəsizliklərin müzakirəsi üçün beynəlxalq mexanizm yaratmaq variantı var. Dağlıq Qarabağ problemi həll edilmədən və ya ən azından Qarabağ probleminin necə həll ediləcəyi dəqiqləşdirilmədən sülh müqaviləsi bağlamaq qeyri-mümkündür. Qarabağ problemini yan keçmək mümkün deyil, o, bütün görüşlərdə müzakirə olunur, gündəlikdədir”, deyə o qeyd edib.

Qriqoryan həmçinin “Qarabağ problemini sülh müqaviləsinin bir hissəsinə çevirmək mümkün olmadığı üçün” Qarabağ məsələsinin sülh müqaviləsi prosesindən ayrılması mümkünlüyünün də müzakirə olunduğunu etiraf edib.(Turan)

Bənzər yazılar

Back to top button