ManşetSiyasət

Azərbaycanın humanitar yardımı Rusiyanı qıcıqlandırırmı?

Azərbaycanın Ukraynaya humanitar yardım kimi transformator və generatorlar göndərməsi Rusiyada təəccüb doğurur. TASS agentliyinin xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyindəki mənbə bildirib. “Azərbaycan təchizatları vəziyyəti prinsipial olaraq dəyişməyəcək, amma humanitar yardıma oxşamır”, – mənbə vurğulayıb.

Dekabrın 10-da Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bildirmişdi ki, Ukraynanın müraciətinə cavab olaraq, zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpası məqsədilə Ukrayna xalqına əsas elektrik avadanlıqlarından ibarət humanitar yardım göndərilib. Məlumata görə, bunlar 45 güc transformatoru və 50 generator olub.

Azərbaycan bu il fevralın 24-də Rusiyanın Ukraynaya təcavüzündən sonra bir neçə dəfə bu ölkəyə humanitar yardım göndərib. Rəsmi məlumata görə, Azərbaycanın göstərdiyi humanitar yardımın ümumi məbləği 30 milyon manata yaxındır. Bu ara Rusiyanın son aylar raket zərbələri ilə Ukraynanın elektrik enerjisi infrastrukturuna böyük ölçüdə ziyan vurduğu bildirilir.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov “Turan”a bildirib ki, Azərbaycan öz sülhsevər, humanitar siyasəti ilə həmişə fərqlənib. Onun vurğulamasına görə, bu, koronavirus pandemiyası dövründə də özünü göstərib.

Deputat qeyd edib ki, Azərbaycan Ukraynaya silah-sursat, döyüşçü göndərmir: “Biz Ukraynaya humanitar yardım göndəririk. Siz Ukraynada milyonlarla insanın işığını söndürmüsünüz, onları bu qış günündə istiliksiz qoymusunuz, ay narazı qalan Rusiyanın siyasi dairələri. Azərbaycan nə edir? Bu dinc insanlara kömək etmək üçün generatorlar və başqa humanitar yardım göndərib ki, onlar ölməsin”.

Onun fikrincə, bu, kimsə tərəfindən pislənilirsə, demək, onlar insaniyyətdən çox uzaqdır: “Biz bu yardımı Ukrayna ordusuna göndərmirik, mülki əhalisinə göndəririk. Hələ bu, dünyanın Rusiyaya qarşı olan kəskin və günü-gündən artan nifrətinin qarşısını almağa kömək edir”.

Komitə üzvü hesab edir ki, bu məsələyə görə Rusiya-Azərbaycan münasibətlərdə gərginlik olmamalıdır: “Rusiya özü 2020-ci ilin noyabrından başlayaraq Azərbaycan ərazisində, Qarabağda kök salmış separatçılara silah-sursat, humanitar yardım göndərir. Bəs biz onda Rusiyaya nə deyək? Deyəndə gərək Rusiya hərtərəfli fikirləşsin və özünün etdiklərini gözünün qabağına gətirsin”.

Siyasi şərhçisi Zərdüşt Əlizadə isə AzadlıqRadiosuna bildirib ki, Rusiyanın vəziyyətini düzgün qiymətləndirmək lazımdır: “Rusiyanın rəhbərliyi dünyanı adekvat qəbul etməyə hazır deyil. Yəni, adekvatlıq hissini itirib”.

Ekspertin sözlərinə görə, məhz bunun nəticəsində Rusiya dövləti ağır vəziyyətə düşüb: “İqtisadiyyatına, hörmətinə ziyan dəyib, ənənəvi bazarlarını itirib, dünyadan təcrid olunub, əhalisi müharibədə qırılır, deyilənə görə, artıq 100 minə yaxın hərbçiləri ölüb və yaralanıb. Bu baxımından qeyri-adekvat olan Rusiya rəhbərliyi və ictimaiyyəti düzgün olan Azərbaycan mövqeyini necə düzgün qiymətləndirə bilər axı?”.

Politoloq qeyd edib ki, Azərbaycanın Ukraynaya transformator və generatorlar göndərməsi suda batan bir insana xilasedici kəmər verilməsinə bənzəyir: “Qışda Ukraynanın əhalisi işıqsız necə keçirəcək? Dinc əhali işığın, istiliyin kəsilməsindən əziyyət çəkir. Belə olan halda, əgər Azərbaycan yardım göstərirsə, bu o deməkdir ki, biz Rusiyaya qarşıyıq? Bu o deməkdir ki, biz insanlıq hissiyyatını itirməmişik. O başqa məsələdir ki, Rusiya rəhbərliyi bunu itirib, bu da onların öz problemidir”.

Z.Əlizadə hesab etmir ki, bir dənə bu humanitar aktla Azərbaycan-Rusiya münasibətləri pisləşə bilər: “Əgər pisləşərsə, deməli, bu münasibətlər möhkəm deyildi”.

Mövzu və yazida səslənən fikirlərə, hələlik, Rusiyanın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb. Amma Rusiya rəsmiləri Ukraynada xüsusi əməliyyat keçirildiyini deyir və bunda məqsədin həmin ölkənin “demilitarizasiyası” olduğunu vurğulayıblar.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button