Siyasət

Naxçıvanda “Köhnə hamam, köhnə tas” siyasəti davam edəcək?

Naxçıvan Muxtar Respublikası və muxtariyyatın rəhbərliyi trafında yaranmış müzakirələr səngimək bilmir. Naxçıvandan ard-arda həbs xəbərlərinin gəlməsi, Ali Məclisinin sədri Vasif Talıbovu və yaxın ətrafını gündəmdən düşməyə qoymur. Mediada V.Talıbovun qeyri-rəsmi toxunulmazlığının qaldırılması kimi xəbərlər yayılıb. Bu xəbərdən sonra illərdir danışmayan, bu barədə susan bir çox şəxslər də danışmağa başlayıblar. Vasif Talıbovun Bakıya gəlməsindən və məlum olmayan səbəblər üzündən Naxçıvana qayıda bilməməsi barədə xəbərlərdən sonra bu müzakirələr daha da artıb. Vasif Talıbovun sədrlikdən uzaqlaşdırılacağı və hətta onun cəzalandırılacağı barədə danışanlar da artıb.

Mediada yayılan məlumatlara görə, Vasif Talıbovla bağlı hakim Yeni Azərbaycan Partiyasının yuxarı eşelonunda da müzakirələr aparılıb. Yazılanlara görə, YAP rəhbərliyində təmsil olunan bəzi şəxslər onun partiya sıralarından uzaqlaşdırılmasını tələb ediblər. Xatırladaq ki, V.Talıbov YAP Naxçıvan MR təşkilatının sədri və eyni zamanda partiyanın İdarə Heyətinin üzvüdür. Onun bir müddət əvvəl partiyanın yaradılmasının 30 illik yubileyi münasibəti ilə Bakıda keçirilən tədbirə buraxılmaması barədə xəbərlər də bu fikirləri bir qədər gücləndirir. Mediada yazılanlara görə, Vasif Talıbovun Naxçıvanın faktiki idarəçiliyindən uzaqlaşdırılmasına hazırlıq gedir.

Yayılan məlumatlarda onun şəxsi təyyarəsini satdığı, daha sonra təyyarə ilə ölkədən çıxışının qarşısının alındığı, hətta Muxtar Respublikaya buraxılmadığı kimi xəbərlər də var.

Ən diqqətçəkən məsələ isə son günlər bəzi media orqanlarında İkinci Qarabağ müharibəsinin bitməsindən 1 gün əvvəl Sədərək istiqamətində Rusiya helikopterinin vurulmasını Vasif Talıbovun təxribatı kimi qələmə verirlər. Məhz bu səbəbdən Rusiya sülhməramlılarının Azərbaycana girməsinə hakimiyyətin razılaşmaq məcburiyyətində qaldığını yazanlar da var.

Bütün bunlar mediada yazılanlardır. Ancaq dəqiq bilinən odur ki, Naxçıvan Muxtar Respublikasında hansısa proseslər gedir. Bu proseslər Azərbaycan hakimiyyətinin nəzarəti altındadır.

Bəs naxçıvanlılar baş verənləri necə qarşılayırlar?

Naxçıvanda yaşayan kurnalist Həkimeldostu Mehdiyev ASTNA-nın suallarını cavablandırıb.

* * *

– Həkimeldostu bəy, Naxçıvanda indi vəziyyət necədir? Proseslər davam edirmi?

– Naxçıvan Muxtar Respublikasında vəziyyət ilk günlərdə olduğu kimi cərəyan edir. Yəni bəzi idarələrdə soruşdurmalar gedir. Bu dəfə Naxçıvan Mərkəzi xəstəxanasında baş həkim və müavinləri istintaqa cəlb ediliblər.

– Baş verənləri naxçıvanlılar necə qarşılayır?

– Naxçıvanlıların bu məsələyə münasibəti birmənalı deyil. Hər şeyin düzələcəyinə inananlar da var, inanmayanlar da. Çünki insanların gözləri ilə gördükləri bu formada düşünməyə əsas verir. Mən müsbət nəticələrin olacağını düşünmürəm. Çünki burada hər şey elə əvvəlki qaydada davam edir. Heç bir dəyişiklik yoxdur.

– Orada insanların baş verənlərdən gözləntisi nədir?

-Naxçıvan sakinləri gördükləri kimi olanlara maraqla yanaşırlar, bəziləri inanırlar ki, rəhbərlik dəyişəcəyi təqdirdə vəziyyət düzələcək. İki-üç nazirin, komitə sədrinin, xəstəxana müdirinin sorğuya çəkilməsi naxçıvanlılar üçün yaxşı mənada nəyinsə dəyişəcəyinə ümid yaratmır. İnsanların heç bir gözləntisi yoxdur. Amma həm də vəziyyətin yaxşıya doğru gedəcəyini düşünən insanların sayı heç nə dəyişməyəcək kimi düşünənlərdən çoxdur. “Köhnə hamam, köhnə tas” kimi düşünənlər də var. İnsanlar düşünürlər ki, bu gedəcək, başqası gələcək, vəziyyət daha da betər olacaq.

– Sizcə, baş verənlər hansısa müsbət dəyişikliklərə gətirib çıxaracaqmı?

– Məncə, xeyr. Çünki ölkədə köklü dəyişikliklər baş verməyincə, nəyinsə yaxşıya doğru dəyişəcəyi haqda düşünmək yersizdir.

– Bu proseslər niyə məhz indi baş verdi? Orada qanunsuzluq, korrupsiya, yeyinti illərdir ki var, bununla bağlı kifayət qədər faktlar olsa da, həmişə göz yumulub. Bəs niyə indi birdən- birə bu proseslər baş verdi? Xalq bu barədə nə düşünür? Hansı versiyalar var?

-30 ildir ki, Vasif Talıbov Naxçıvana rəhbərlik edir. İndiyə kimi ona heç bir əngəl yaradılmayıb. Əksinə, Naxçıvan rəhbərliyi daim mükafatlandırılıb, təltif olunub. Proseslərin məhz 30 ildən sonraya təsadüf etməsi hakimiyyətin klanlar arası pay bölgüsünun təzahürüdür – deyə düşünürəm. Yəni qazancların bölünməsi məsələsində maraq toqquşmalarının yaranması.

– Naxçıvanda vəziyyətin müsbətə doğru dəyişməsi üçün hansı addımlar atılmalıdır?

– Vəziyyətin yaxşıya doğru dəyişəcəyinə çox az adam inanır. Çünki qısa bir zamanda gömrükdəki süni qadağaların tətbiqi onların inamlarının puç olmasına gətirib çıxardı. Bunun üçün sadələşdirilmiş formada insanlara şəraitin yaradılmasında yardımçı olmalarını tələb edirlər.

Vəziyyətin yaxşıya doğru dəyişməsi üçün mütləq qanunlar dəyişməlidir. İnsanların hüquqları, haqları bərpa olunmalıdır.

Bənzər yazılar

Back to top button