GündəmHadisə

Ali Məhkəmə deputatdan aidiyyatı qurumlara müraciət edəcək – “Saxta diplom” məsələsi (FOTO)

“Nəzərə alınmalıdır ki, hakimlərin, xüsusilə də Ali Məhkəmənin hakimlərinin təyin olunması qanunvericiliklə hər üç hakimiyyət qolunun iştirakı ilə ciddi tənzimlənən prosedurlar əsasında həyata keçirilir. Bu zaman hakimlərin təhsili, nəzəri və praktik hazırlığı, peşəkarlıq səviyyəsi, peşə fəaliyyəti və peşə fəaliyyətindən kənar etik davranışı, kollektivdəki və cəmiyyətdəki nüfuzu və digər xüsusiyyətləri nəzərə alınır”.

“AzPolitika.info” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Ali Məhkəməsi son günlər bu məhkəmənin hakimi Abiddin Hüseynovun hüquq təhsilinin olmaması, saxta diplomla hakim vəzifəsi tutduğu barədə deputat Etibar Əliyevin səsləndirdiyi və mətbuatda, sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan açıqlamalarla bağlı bəyanatında bildirib.

Bəyanatda qeyd edilir ki, bu cür açıqlamalar məhkəmənin nüfuzuna xələl gətirir: “Bu baxımdan, ümumiyyətlə buna hər hansı əsas olmadan, subyektiv mülahizələrlə, qərəzli olaraq hakimlərin kompetentliyinin müzakirə predmetinə çevrilməsi məhkəmə hakimiyyətinin nüfuzuna və cəmiyyətdə məhkəmələrə etimada ciddi zərbə vurmaqla, həm də hakimlərin seçim prosedurunun legitimliyini əsassız olaraq şübhə altına alır.

Bu cür qərəzli məlumatlarla məhkəmə-hüquq sisteminin hədəfə alınması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanının icrası, xüsusilə də, Fərmanda qeyd olunan “hakimlərin müstəqilliyini təmin etmək məqsədilə məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsi və belə müdaxiləyə görə məsuliyyətin artırılması” ilə bağlı aparılan islahatların və görülən işlərin effektiv nəticələri ilə birbaşa bağlı olduğu heç kəsə sirr deyil”.

Bəyanatda qeyd olunur ki, Etibar Əliyevin dekabrın 23-də Milli Məclisdəki çıxışı qərəzli olub. Bildirilir ki, deputat bu ilin aprel ayında hakim Abiddin Hüseynovdan bir mülki işlə bağlı xahiş edib. Lakin hakim həmin xahişə əməl etməyib və E.Əliyevin sözügedən çıxışı da məhz bununla bağlıdır: “Yayılmış həqiqətə uyğun olmayan məlumatlara dair bildiririk ki, Ali Məhkəmənin hakimi Hüseynov Abiddin Qabil oğlu ilk ali təhsilini Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda almış, 1997-ci ildə həmin İnstitutun Politologiya fakültəsinin bakalavr pilləsini, 1999-ci ildə isə magistr pilləsini (fərqlənmə diplomu ilə) bitirmişdir.

2000-ci ilin yanvar ayında iş fəaliyyətinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Beynəlxalq hüquq məsələləri şöbəsində başlayaraq, həmin ildə ikinci ali təhsil üzrə Rusiya Federasiyasının “Yujdağ” İnstitutunun Hüquqşünaslıq fakültəsinin qiyabi bölməsinə daxil olmuşdur.

2002-ci ildə Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Rusiya Hüquq Akademiyasının Şimali Qafqaz filialının Hüquqşünaslıq fakültəsinə köçürülmüş və həmin ali təhsil müəssisəsinin qiyabi bölməsini 2003-cü ildə bitirmişdir. 28.11.2003-cü il tarixində ona Rusiya Federasiyasının vahid dövlət nümunəli “ВСБ 0640474” nömrəli diplomu verilmişdir.

Həmin diplom 2008-ci ildə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qayadaları”na əsasən Təhsil Nazirliyi tərəfindən tanınaraq, müvafiq olaraq Azərbaycan Respublikasında Hüquqşünaslıq ixtisasının Hüquqşünas ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalentliyi və təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququna dair şəhadətnamələr verilmişdir.

Kütləvi informasiya vasitələrində hakim A.Hüseynovun ali təhsil diplomunun surəti kimi təqdim edilmiş sənəd, əslində “Yujdağ” İnstitutundan Rusiya Hüquq Akademiyasına köçürülərkən institut tərəfindən verilmiş akademik arayışın surətidir. Həmin arayışda müvafiq ixtisas üçün əyani təhsil forması üzrə normativ dövrün 5 il olduğu ümumən qeyd edilsə də, konkret olaraq A.Q.Hüseynovun əyani təhsil alması ilə bağlı hər hansı məlumat, qeyd əks olunmamışdır.

Həmçinin, Rusiya Hüquq Akademiyasının yuxarıda istinad edilən diplomuna əlavədə də A.Q.Hüseynovun həm “Yüjdağ” İnstitutunda, həm də sonradan köçürüldüyü Rusiya Hüquq Akademiyasında qiyabi təhsil aldığı göstərilmişdir”.

Sonda qeyd olunur ki, A.Hüseynov da yüksək ixtisasa və zəruri peşəkarlığa malikdir və 2020-ci ildən ADA Universitetinin Hüquq fakültəsində Mülki proses fənnini tədris edir: “Vəzifə borcunu vicdanla yerinə yetirən hakimə qarşı ədalətsiz və qərəzli hücumlar qətiyyətlə pislənir və media nümayəndələrinə dərc olunan məlumatları tam, hərtərəfli və obyektiv araşdırmaq, həqiqətə uyğun olmayan, dəqiqləşdirilməmiş, məhkəmə hakimiyyətinin nüfuzuna və cəmiyyətdə məhkəmələrə etimada zərbə vuran bu məlumatları yaymamaq tövsiyə olunur.

Milli Məclisin deputatı Etibar Əliyevin qərəzli ittihamları və hərəkətləri ilə bağlı qanunamüvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumuna müraciət ediləcəkdir”.

Bənzər yazılar

Back to top button