ADAU-da nələr baş verir? – Rektorluq kürsüsü uğrunda müharizə “pik nöqtə”yə çatır
2022-ci il sentyabrın 6-da Prezident İlham Əliyevin sərəncamı ilə İbrahim Həsən oğlu Cəfərov Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU-nun) rektoru vəzifəsindən azad olundu. 2022-ci ilin tədris ili başlamazdan öncə bu ali təhsil müəssisəsinin rektoru işindən azad olunsa da, o, həmin vaxta qədər çoxsaylı problemlərini aradan qaldıra bilməyən Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutuna direktor təyin olundu. Təbii ki, ilk növbədə belə bir təyinat geniş çevrənin daha çox müzakirə etdiyi məsələlərdən biri oldu. Xatırladaq ki, professor İbrahim Cəfərov hər il tələbələrin iştirakı ilə keçirilən müsabiqələrdə “İlin rektoru” fəxri adının qalibi sayılırdı. Qeyd edək ki, bu şəxs 2013-cü ildən bu ali təhsil ocağında bir çox məsul vəzifələrdə, son olaraq rektor vəzifəsini daşıdı.
Hazırda ADAU-da rektor vəzifəsinə Prezident İlham Əliyevin sərəncamı ilə kimsə təyin olunmayıb və belə bir səbəbdəndir ki, bu gün rektor kürsüsü uğrunda qızğın mübarizə gedir desək, heç də yanılmarıq. Hələlik bu vəzifəyə sahib olmaq uğrunda aparılan mübarizədə əsas pilləni Əhməd Məlikovun tutduğu söylənilir. Amma, bir nüansı unutmaq olmaz ki, rektor vəzifəsi ilə bağlı təyinatı hansısa vəzifə sahibi deyil, birbaşa Prezident elan edir.
ADAU-da rektorluğa namizədlərdən biri, Əhməd Qulu oğlu Məlikovun kimliyini araşdıraq və bu şəxs barədə əldə olunan məlumatları geniş ictimaiyyətin diqqətinə çatdıraq. Qeyd edək ki, ADAU-da prorektor kürsüsünə sonuncu, yəni Tədris İşləri üzrə prorektor vəzifəsinə təyinat alan Əhməd Məlikovdur. Əldə etdiyimiz məlumata görə, bu vəzifəyə təyin olunan Əhməd Məlikov Azərbaycan Texnologiya Universitetində çalışıb və hazırda o, texnika elmləri doktoru, dosentdir. Bu şəxs , yəni Əhməd Məlikov, Azərbaycan Texnologiya Universitetində müvəqqəti əmrlə rektor, daha dəqiq desək, 11 il rektor əvəzi vəzifəni daşıyan Telman Məlikovun qardaşıdır. Əhməd Məlikovun belə bir vəzifəyə təyin olunmasında əsas təşəbbüskarın, İqtisadiyyat naziri Mikayıl Cabbarovun 1-ci müavini, hətta qohumu olduğu bildirilən Elnur Aydın oğlu Əliyevin böyük rol oynadığı iddia olunur. ADAU-da sonuncu prorektor təyinatı alan Əhməd Məlikov olsada rektorluğa birinci iddialı şəxs sayılır. Qeyd edək ki, İbrahim Cəfərovdan sonra İnam Kərimovun verdiyi tapşırıq əsasında bu Universitetdə prorektorlar dəyişdirilsə də, hələlik təsərrüfat işləri üzrə rektor müavini vəzifəsi boş qalmaqdadır. Unutmaq olmaz ki, Əhməd Məlikov yeni təyinatı alan prorektorlar arasında sonuncu olsa da, o, bugünkü reytinqi ilə öndədir. Çünki, bundan öncə qeyd etdiyimiz kimi, bu şəxsin yaxın qohumu olan Elnur Əliyev, Əhməd Məlikovun qardaşı Telman Məlikovun kürəkənidir. Bundan əlavə Mikayıl Cabbarovun birinci müavini və qohumu olan Elnur Əliyev həm də, 2000-2003-cü illərdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyan, daha sonra isə işində qol qoyduğu nöqsanlara görə vəzifəsindən uzaqlaşdırılan Eyvaz Babayevin də bacısı oğludur.
Mənbə: Globall.az