GündəmManşetSiyasət

Ekspertlər Ermənistana gedən yollarda nəzarət-keçid məntəqələrinin yaradılmasını zəruri hesab edirlər

Artıq bir aydır ki, azərbaycanlı ekoloqlar ekspertlərin Qarabağdakı mədənlərə buraxılması tələbilə Laçın yolunda piket keçirirlər. Aksiya 12 dekabr 2022-ci ildə başlayıb.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bir ay davam edən piketin yekunlarını Turan üçün dəyərləndirərkən onun müsbət nəticə verdiyini deyib: “Biz göstərdik ki, Ermənistanla Qarabağı birləşdirən yola nəzarət etmək hüququmuz var”.

Amma o, Ermənistandan Xankəndinə Rusiya sülhməramlılarının üstü örtülü yük maşınlarında mina və silahların daşınmasının mümkünlüyünü də bildirib. Rusiya sülhməramlı kontingentinə etimadsızlıq ona əsaslanır ki, “Yolda Rusiya hərbi kontingentinin postlarının olduğu iki il ərzində Ermənistandan Qarabağa silah, sursat və minalar daşınıb. 2021-ci ildə hazırlanmış minalarda partlayışlar olub. Rusiya hərbçiləri bunun qarşısını almayıblar, əksinə separatçılarla əməkdaşlıq ediblər”.

Şahinoğlu separatçılara silah daşınması imkanlarının aradan qaldırılması üçün mülki piketin Laçın yolunda dövlət nəzarət-keçid məntəqəsi formatına keçirilməsinə israr edir.

Laçın yolunda Azərbaycan nəzarət-buraxılış məntəqəsinin yaradılması zərurəti barədə bu hadisələrdən öncə, erməni separatçılar Ağdərə yolunda iki mədənə gedən yolu bağlayaraq Bakıdan gələn ekoloqların orada monitorinq keçirməsinə mane olduğu vaxtlarda Milli Məclisin deputatı Rasim Musabəyov da bildirmişdi. O, videomüsahibələrin birində ermənilər bunu sülh yolu ilə etməyə imkan verməsələr, keçid məntəqəsinin güc yoluyla yaradılmasını təklif etmişdi.

Çoxları unudub ki, gömrük nəzarət-keçid məntəqəsindən Rusiya sülhməramlı kontingentinin komandiri general Andrey Volkov da danışıb. O, jurnalistlərə bildirib ki, Azərbaycan-Ermənistan danışıqlarının yekunlarına əsasən, “materik Ermənistandan Qarabağa və geriyə gedən yolda, yəni Laçın yolunda blokpostda məcburi gömrük baxışı kimi yenilik tətbiq olunacaq, müvafiq olaraq rentgen aparatı, qaz analizatoru və bədəbəddə narkotik maddələrin və partlayıcı maddələrin axtarışı üçün təlim keçmiş itlər qoyulacaq.

Volkov Laçın yolunda bu yeniliyi kimin idarə edəcəyini dəqiqləşdirməyib: Rusiya sülhməramlıları, yoxsa Azərbaycan gömrükçüləri. Nəticədə hələ də gömrük nəzarəti yoxdur.

Dekabrın 15-də isə ekoloji piket iştirakçıları iki mədənin monitorinqi tələbinə ölkəmizin suverenliyindən irəli gələn yeni tələb əlavə ediblər: bütün Laçın yolu boyunca dövlət nəzarət-keçid məntəqəsi yaradılsın.

Diplomat, keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Turan ilə söhbətində öz təklifini irəli sürüb: “Madam ki ermənilər yalan danışırlar və anlayışları qarışdırırlar, deyirlər ki, Azərbaycan Qarabağı blokadaya alıb, sakinləri aclıqla ölümə və soyqırıma sürükləyir, biz “blokada” və “nəzarət” anlayışlarını bir-birindən ayırmalıyıq. Bakı onlar üçün Kəlbəcər vasitəsilə Ermənistana yolu aça bilər”, – o deyib.

“Biz ermənilərə Yerevana daha qısa yolla getməyi təklif edə bilərik, lakin istənilən ölkə üçün adi hal olan gömrük və sərhəd qaydalarını məcburi keçmək şərtilə, eynilə Azərbaycanla Gürcüstan, İranla Rusiya sərhədində olduğu kimi. Qoy, ermənilər sərhəd nəzarətinə alışsınlar”, – Tofiq Zülfüqarov təklif edib.

O əlavə edib ki, perspektivdə Laçın yolunda da nəzarət-keçid məntəqəsi yaradılmalıdır.

Bənzər yazılar

Back to top button