Hadisə

Masazırdakı təhlükəli tikinti QALMAQALI böyüyür – İradə Gülməmmədova CƏZALANACAQMI?

Abşeron rayonu Masazır qəsəbəsində fərdi evlərin ortasında ucaldılan göydələnlə bağlı məsələ yenidən aktuallaşıb. Söhbət qəsəbənin Rəsul Rza küçəsindəki tikintidən gedir. Bu günlərdə qəsəbə sakinlərinin videosijet formasında şikayət və etirazlarını ictimailəşdirmişdik. Rəsmi qurumlar qeyri-qanuni tikintiyə müdaxilə etdikərini açıqlasalar da, əldə etdiyimiz məlumata görə inşaat işləri hələ də dayandırılmayıb.

“Qanunsuz tikinti sökülməlidir”

Sakinlər isə qanunsuz tikintinin dayandırılmasında israrlıdır. Çünki yeni tikilinin təqdim olunan layihəsi ilə real mənzərə üst-üstə düşmür. Layihə planında 3 mərtəbəli bina tikilməsi nəzərdə tutulsa da, ərazidə 10 mərtəbəli bina tikilməsi üçün hüdudlar salınıb. Üstəlik fərdi yaşayış evləri ilə ara məsafəsi gözlənilməyib və tikinti işləri ilə bağlı heç bir qayda-qanuna əməl edilmir.

Qanunvericiliyə əsasən fərdi yaşayış evlərinin yanında hündürmərtəbəli yox, yalnız 3 mərtəbəli bina tikilə bilər. Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikililər arasındakı məsafələrin ölçüsü müəyyən edilib. Tikinti standartlarındakı normaya görə tikilən binalar arasındakı məsafə divarın hündürlüyünün ən azı 1/3-dən az olmamalıdır. Bu qaydalara riayət olunmadan tikilmiş bina ilə bağlı problem yalnız məhkəmə qaydasında həll oluna bilər.

İradə Gülməmmədovanın qanunsuzluğu…

Sakinlərin iddiasına görə sözügedən qəsəbədə aparılan tikintilərin böyük əksəriyyəti keçmiş icra başçısı İradə Gülməmmədovanın qohumları tərəfindən icra edilir.

Maraqlıdır, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən rəsmi sənədlə icazə verilən tikilinin aqibəti necə olacaq? Normativlərin və tikinti qaydalarının pozulmasına görə kimlərsə məsuliyyətə cəlb olunacaqmı?

“o məntiqlə hamı birmərtəbə tiksin?”

Abşeron Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Rəşad Qubatov Bizim.Media-ya açıqlamasında ərazidə olduğunu və qiymətləndirmə aparıldığını bildirib:

“Tikintini aparan şəxslərə izah olunub ki, qonşu ilə ara məsafəsini hündürlüyə nisbətdə gözləsinlər. Orada 10 mərtəbəli tikinti olmayacaq. Çox adam çox söz deyə bilər. Normativlər pozulsa, müvafiq tədbirlər görüləcək. O tikili ilə üzbəüz Yeni Bakı qurtuluş Şəhərciyi var, 8 mərtəbədən ibarətdir və hamısı da həyət evlərinin içini görür. O məntiqlə yanaşsaq, onda Azərbaycanda hamı gərək birmərtəbə tiksin ki, heç kim heç kimin həyətini görməsin”.

Rəşad Qubatov onu da əlavə edib ki, qanuna əsaslanmayan hal olarsa, sakinlər məhkəməyə müraciət edib, məsələni mübahisələndirə bilərlər.

Qurum rəsmisinin absurd açıqlamasından belə anlaşılır ki, tikinti heç bir vəchlə dayandırılmayacaq və sakinlərin tələbləri həyata keçməyəcək.

“Layihədən kənarlaşma halı aşkarlanıb”

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisov da münasibət bildirib.

Onun sözlərinə görə Abşeron Rayon İcra Hakimiyyəti başçısının 29.12.2021-ci il tarixli sərəncamı ilə Masazır qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsində yarımzirzəmili, üçmərtəbəli fərdi yaşayış evinin tikintisi razılaşdırılıb:

“Komitəyə daxil olan şikayət əsasında əraziyə baxış keçirilib və layihədən kənarlaşma halı aşkarlanıb. Hazırda tikinti işləri dayandırılıb və qeyd edilən məsələ ilə bağlı lazımi tədbirlərin görülməsi üçün aidiyyəti üzrə Abşeron Rayon İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinə müraciət olunub. Qeyd edim ki, yerli səviyyədə şəhərsalma nəzarəti yerli icra hakimiyyətləri tərəfindən həyata keçirilir”.

Mövzunu diqqətdə saxlayacağıq…

Bənzər yazılar

Back to top button