Hadisə

Tofiq Yaqublu 13 kq arıqlayıb

Yanvarın 18-də Tofiq Yaqublu və Bəxtiyar Hacıyevin siyasi məhbuslara azadlıq tələbi ilə başladığı aclıq aksiyası davam etdirilib.

Bu gün 5 nəfər aclığı dayandırıb, daha 1 nəfər AXCP Ağdaş rayon şöbəsinin fəalı Elşən Xəlilov aksiyaya qoşulub.

Müsavat Partiyasının qərargahında artıq 10 gündür 8 nəfər Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı aclıq edir. AXCP-nin daha 2 fəalı isə Ağdaş rayonunda aclıq edir.

Hazırda Tofiq Yaqublu, həyat yoldaşı Maya Yaqublu, Bəxtiyar Hacıyev də daxil olmaqla 13 fəal aclıq aksiyasını davam etdirir.

Beləliklə, 10 fəal – AXCP üzvləri İsmailəddin Qasımov, Şirvan Sultanov, Akif Ağayev, Ruslan Əmirov, Hicran Ağayev, Sahib Rüstəmli, Adil Baba, Elşən Xəlilov, Ağdaş rayonunda Qorxmaz Əbdurrəhimov və ictimai fəal Nüsrət Həsrətli aksiyanı davam etdirir.

Tofiq Yaqublunun həyat yoldaşı Maya Yaqublu Amerikanın Səsinə bildirib ki, aclığı sonadək davam etdirəcək.

“Səhhətimdə ciddi problemlər yaranıb, mədəmdə çox kəskin ağrılar var. Buna baxmayaraq Tofiq bəy aclığı davam etdirənədək dözəcəm,” o qeyd edib.

AXCP Ağdaş rayon təşkilatının sədri Qorxmaz Əbdurrəhimov Amerikanın Səsinə deyib ki, Ağdaşda 7 gündür aclıq davam etdirilir.

“Səhhətlərində ciddi problemlər yarandığından bu gün Məzahir və Rövşən Rəhimovlar aclığı dayandımağa məcbur oldu. Mənim isə döş qəfəsimdə kəskin ağrılar var. Bu gün roentgen mayinəsində keçdim. Ciddi fəsadlar müəyyən edilmədi, həkimlər ağrıların aclıqla bağlı olduğunu dedilər”, Əbdürrəhimov qeyd edib.

Həkim Adil Qeybulla yanvarın 18-də Tofiq Yaqublunun qızı Nigar Həzi ilə birgə onunla görüşüb, müayinə edib. Onun sözlərinə görə, Yaqublu aclığı davam etdirir.

“Tofiq Yaqublunun vəziyyəti stabildir, qan təzyiqi, saturasiyası, nəbiz normaldır. Ona infuziya etdik, çünki aclıq səbəbindən bədənində elektrolitlər çatışmır. Yetərincə su qəbul etmədiyinə balans pozulub, halsızdır, ayağa dura bilmir. Bu səbəbdən venadaxili infuziya etdik ki, su balansı sabit qala bilsin”, o qeyd edib.

Həkimin sözlərinə görə, Yaqublu xeyli çəki itirib, hazırda 81 kiloqramdır.

Bu zaman, Yaqublunun qızı Nigar Həzi Amerikanın Səsinə deyib ki, Tofiq Yaqublu aclığa başlayanda çəkisi 94 kiloqram olub. O hazırda 13 kiloqramdan çox çək itirib.

“Atam çox halsız idi. Dünənkinə nisbəttə sağlamlıq durumu daha da ağırlaşıb. Mən ona AXCP sədri Əli Kərimlinin aclığı dayandırması barədə müraciətini çatdırdım. O təşəkkür etdi və sonadək aclığı davam etdirəcəyini bildirdi”, Nigar Həzi qeyd edib.

İctimai fəal Bəxtiyar Hacıyev də aclığı davam etdirir. O bu ngün məhkəmədə mədəsində qanaxma olduğunu bildirib.

İndiyədək rəsmi qurumlar aclıq aksiyası keçirənlərin tələblərinə münasibət bildirməyib.

Tofiq Yaqublu dekabrın 23-də Bakının mərkəzində insan haqları fəalı Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbi ilə keçirilən etiraz aksiyasında saxlanıb.

Həmin gün Səbail Rayon Məhkəməsi hakim Mədinə Bağırovanın sədrliyi ilə Tofiq Yaqublunu İnizbati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmamaq) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə təqsirli bilərək 30 sutka inzibati həbsə məhkum edib.

Yanvarın 5-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublunun həbsindən verilən apellyasiya şikayətini təmin etməyib. O, məhkəmədə Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində ailə üzvləri ilə görüşə icazə verilməməsinə, sovqatların qəbul edilməməsinə və məhkəmə qərarına etiraz olaraq, həmçinin siyasi məhbuslara azadlıq tələbi ilə aclıq elan etdiyini bildirib. Sonra isə xəstəxanaya köçürülüb.

İctimai fəal Bəxtiyar Hacıyevin barəsində ötən il dekabrın 9-da Bakının Xətai Rayon Məhkəməsi 1 ay 20 gün həbs qətimkan tədbiri seçib. O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur. Sonra ittiham daha da ağırlaşdırlıb və onu 3 ildədk həbs gözləyir. Amma özü ittihamı qəbul etmir.

Bəxtiyar Hacıyevin həbsi geniş tənqidlərə yol açıb. “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının təşəbbüsü ilə fəallar dekbarın 23-də Bakının mərkəzində Hacıyevin həbsinə etiraz olaraq aksiya keçirib.

Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında yenidən aclığa başladığını bildirib. Bundan öncə Hacıyev 14 gün aclıq aksiyası keçirib.

Yanvarın 9-da ABŞ Dövlət Departamentinin mətbuat katibi ​Ned Prays ənənəvi brifinqdə Turan agentliyinin müxbirinin sualına cavabda ABŞ-ın Bəxtiyar Hacıyev və Tofiq Yaqublunun həbsindən dərin narahatlığını ifadə edib.

“Biz hakimiyyət orqanlarını onları tez bir zamanda azad etməyə çağırırıq,” o bildirib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button