Hadisə

Bəxtiyar Hacıyev şəraitin pis olmasından şikayətlənir və ombudsmanla görüş istəyir

Aclığın 11-ci günündə ictimai fəal Bəxtiyar Hacıyevin səhhətindəki problemlər kəskinləşib. Bu barədə yanvarın 19-da vəkili Rövşanə Rəhimli 1 saylı təcridxanada ona baş çəkdikdən sonra Turan-a bildirib.

“Onun təzyiqi 90/60-dır, hər gün çəki itirir, hazırda 74 kiloqramdır. Mədəsində və böyrəklərində kəskin ağrılar olsa da, aclığı dayandırmır”, – Rəhimli deyib.

Onun sözlərinə görə, Hacıyev istintaq təcridxanasının sanitar-tibb hissəsindəki şəraitdən razı deyil.

“O dedi ki, temperaturu ölçmək üçün termometr tapa bilmir. İki gündür mədəsindən qanaxma olmasına baxmayaraq, ondan qan analizi götürmürlər”, – vəkil bildirib.

Hacıyev yerli ictimaiyyət və beynəlxalq birlikdən onun işinə diqqət yetirməyi xahiş edir, vəkil deyib. O qeyd ki, bu yaxınlarda Ombudsman Aparatının iki əməkdaşı Hacıyevə baş çəkib.

“O, üzləşdiyi qanunsuzluqlardan danışıb, öz tələblərini irəli sürüb. Bəxtiyar ombudsmanın özüylə görüşmək istəyir. Ümid edirik ki, yaxın günlərdə bu görüş baş tutacaq”, – Rəhimli deyib.

Öz növbəsində Penitensiar Xidmətdən Turan-a bildiriblər ki, Hacıyev istintaq təcridxanasının tibbi sanitar hissəsində həkimlərin nəzarəti altındadır.

* Dekabrın 9-da Bəxtiyar Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. Həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün həbs edib.

Dekabrın 15-də Hacıyev həbsdən azad olunması tələbilə aclıq elan edib. İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin təkidli çağırışlarından sonra dekabrın 28-də axşam aclığı dayandırıb. Lakin Apellyasiya Məhkəməsi onun həbsilə bağlı şikayətini növbəti dəfə təmin etmədikdən sonra, yanvarın 9-da Bəxtiyar Hacıyev yenidən aclığa başlayıb.

Bənzər yazılar

Back to top button