HadisəManşet

DTX-nın həbs etdiyi icra başçısını gözləyən cəza açıqlandı (ŞƏRH)

“Mahir Quliyev 11 il azadlıqdan məhrum edilə bilər”.

Bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Səməd Vəkilov Biləsuvar rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin həbsi ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, hazırda Mahir Quliyevə ilkin olaraq müəyyən olunmuş cinayətlər üzrə ittihamlar irəli sürülüb:

“Bu cinayətlər araşdırıldıqca başqa cinayətlərin də tərkibi aşkar olunacaq. Xüsusu ilə bu növ cinayətlərin araşdırılması zamanı sənədlərin saxtalaşdırılması cinayətlərin tərkibində aşkar edilir. Bu kompleks cinayətlər araşdırılarsa, xüsusi hallarda 11 ildən yuxarı azadlıqdan məhumedilmə cəzası verilə bilər”.

Səməd Vəkilov qeyd edib ki, vəzifəli şəxslərə qarşı təyin olunan cəza növlərindən biri də vəzifədən azad etmədir:

“Ancaq Mahir Quliyev Prezident tərəfindən vəzifədən azad edilib. Ona görə, Mahir Quliyevə qarşı vəzifədən azadetmə cəza növü məhkəmə tərəfindən təyin olunmadığına görə, ona azadlıqdan məhrumetmə cəzası təyin olunacaq. Bu cinayətlər istintaq zamanı təsdiqini taparsa, Mahir Quliyev 10 ildən yuxarı azadlıqdan məhrum edilə bilər”.

Qeyd edək ki, Biləsuvar rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyev aprelin 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib. Mahir Quliyevə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.

Səbail rayon Məhkəməsinin qərarı ilə Mahir Quliyevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ötən gün Prezident İlham Əliyev onun vəzifədən azad edilməsi barədə sərəncam imzalayıb.

Bənzər yazılar

Back to top button