GündəmManşetSiyasət

“Rusiyanın məqsədi Vardanyanı Qarabağda saxlamaq deyil…”

Son vaxtlar Ermənistan mətbuatında qondarma Artsaxın “konstitusiya”sına dəyişikliklərin edilməsi, referendum keçirilməsi və “prezident”inin səlahiyyətlərinin azaldılması ilə bağlı hazırlıq getməsinə dair məlumatlar yer alır.

Oktyabrda isə qondarma respublikada bələdiyyə seçkiləri keçirilib, həmçinin milyarder Ruben Vardanyan “dövlət naziri” təyin edilib.

Ötən həftə Prezident İlham Əliyev R.Vardanyanı Qarabağa Rusiyanın göndərdiyini demişdi. Vurğulamışdı ki, oradakı ermənilərlə danışmağa hazırdır, amma Vardanyanla yox.

Qarabağdakı erməni separatçılarının liderlərindən biri, “xarici işlər naziri” kimi təqdim olunan David Babayan isə Azərbaycan Əliyevin noyabrın 17 verdiyi bəyanata cavab olaraq deyib ki, onlar danışıqlara yalnız beynəlxalq formatda, vasitəçilərin iştirakı ilə hazırdırlar.

Noyabrın 18-də isə Vardanyan özünü danışıqlarda Qarabağın elçisi kimi gördüyünü bildirmişdi.

Milli Məclisin deputatı Rasim Musabəyov “Turan”a bildirib ki, separatçıların Qarabağda etdiklərinin heç bir əhəmiyyəti yoxdur: “Kağız yazırlar, seçki elan edirlər – bütün bunların heç bir əhəmiyyəti yoxdur”.

Rusiyanın bu prosesdə iştirakı məsələsi ilə bağlı deputat qeyd edib ki, Qarabağda həmin ölkənin iki min hərbçisi yerləşib: “Rusiya oradakıları himayə edir və orada hər şey Rusiyanın çubuğu ilə idarə olunur. Belə olan halda biz nə Rusiya ilə bu barədə danışmaq fikrindəyik, nə də Rusiyanın ora hər hansı bir şəkildə göndərdiyi adamla”.

R.Musabəyov vurğulayıb ki, Azərbaycan bu məsələdə nə lazımdırsa, hamısını edir və edəcək.

Siyasi şərhçisi Azər Qasımlı da AzadlıqRadiosuna bildirib ki, postsovet məkanında bu tipli proseslərin hamısında Rusiyanın əli var: “Həmişə olub və heç vaxt səngiməyib. Rusiyanın hərbi kontingentinin Qarabağda yerləşməsindən sonra bu daha da güclənib”.

Ekspertin sözlərinə görə, heç kəs üçün sirr deyil ki, Vardanyanı məhz Kreml Qarabağa göndərib: “Kremlin bu məsələlərə rəsmi münasibəti ondan ibarətdir ki, biz proseslərə qarışmırıq və Qarabağda yaşayan ermənilər istədikləri kimi yaşaya, özləri qərar verə bilərlər, biz burada sadəcə əmin-amanlığı, atəşkəsi təmin edirik. Amma aydındır ki, proseslərə nəzarət edən, bütün bu prosesləri yaradan bunlardır”.

A.Qasımlının fikrincə, hazırda Rusiyanın niyyəti odur ki, qondarma qurumda Araik Arutyunyanın səlahiyyətlərini azaldaraq Ruben Vardanyanın səlahiyyətlərini artırsın: “Bununla da Vardanyanı bir fiqura çevirmək istəyirlər. İndi İlham Əliyev da deyir ki, biz Vardanyanın orada olmasını istəmirik. Amma o da çox gözəl bilir ki, Rusiyanın məqsədi Vardanyanın Qarabağda saxlamaq deyil, çünki Rusiya onsuz da Qarabağa nəzarət edir. Rusiyanın məqsədi odur ki, Vardanyanı bir ulduza çevirib Ermənistana göndərməkdir və Nikol Paşinyana alternativ yaratmaqdır”.

Bu fikirlərə, hələlik, Rusiyanın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb. Amma Rusiya rəsmiləri, bir qayda olaraq, deyirlər ki, onların məqsədi Qarabağda sülhü təmin etməkdir.

Bənzər yazılar

Back to top button