Hadisə

Məhkəmə Bəxtiyar Hacıyevin xəstəxanaya yerləşdirilməsi haqqında müraciətə baxacaq

İctimai fəal Bəxtiyar Hacıyev 30 gündür 1 saylı Bakı İstintaq Təcridxanasında azad edilməsi tələbi ilə aclığı davam etdirir.

Çərşənbə günü vəkil Zibeydə Sadıqova ona baş çəkib. Onun sözlərinə görə, fəalın vəziyyəti ağır olaraq qalır. O, daha da arıqlayıb, təzyiqi aşağıdır, qanda şəkər səviyyəsi kritik həddə yaxındır, tez-tez huşunu itirir, deyə vəkil Turan Agentliyinə bildirib.

Vəkil qeyd edib ki, MRT və KT müayinəsinin təmin edilməsi, daha sonra isə Hacıyevin xəstəxanaya yerləşdirilməsi üçün iki dəfə Penitensiar Xidmətə və Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinə müraciət edib. Cavab almayan vəkil bu idarələrdən şikayətlə və uzunmüddətli aclıq nəticəsində səhhətinin ağır olması ilə əlaqədar Hacıyevin xəstəxanaya yerləşdirilməsinin təmin edilməsi haqqında vəsatətlə məhkəməyə müraciət edib.

Vəsatətə fevralın 9-da Bakının Sabunçu Rayon Məhkəməsində baxılacaq.

Vəkilin sözlərinə görə, Hacıyev Türkiyədə zəlzələ nəticəsində insanların həlak olması ilə əlaqədar başsağlığı verib və dostlarından, tanışlarından, ictimai fəallardan zərərçəkmişlərə yardım üçün səylərini əsirgəməməyi xahiş edib.

* Bəxtiyar Hacıyev dekabrın 9-da xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamı ilə saxlanılıb. Elə həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün müddətinə həbs edib.

Dekabrın 15-də Hacıyev azad edilməsi tələbi ilə aclıq elan edib. İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra o, dekabrın 28-də aclığı dayandırıb. Amma yanvarın 9-da Apellyasiya Məhkəməsi onu azad etməkdən imtina etdikdən sonra aclığı bərpa edib və indiyədək davam etdirir. Yanvarın 21-də məhkəmə Hacıyevin həbs müddətini 1 ay uzadıb.

Bu gün onun aclığa başlamasının 30-cü günüdür.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button