İdman

Azərbaycanda VAR “var-yox”a qarışıb

“Qış fasiləsindən sonra hakim idarəçiliyi/VAR sisteminin tətbiqi ilə bağlı səhvlər artıb. Bu amillər birbaşa oyunların son nəticələrinə təsir edir!”

Aut.az xəbər verir ki, bu fikirləri “Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanov sosial şəbəkə hesabında yazıb. Azərbaycan çempionatında hakimliklə bağlı problemlərə toxunan Tahir bəy yazır:

“Kritik anlarda AFFA Hakimlər Komitəsinin rəhbəri Barış Şimşək futbol ictimaiyyəti qarşısına çıxarılır, bir epizoda 15 “variant” söylənilir və emosiyalar növbəti qalmaqallara kimi səngiyir…

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Bir-iki baş məşqçi fəryad qoparır, dəstəyi olmayanlar bəzi hallarda öz günahlarından, digər məqamlarda haqsızlıqdan istefaya göndərilir, arxası olanlar isə nəticədən, oyun keyfiyyətindən asılı olmayaraq arxayın halda işlərini davam etdirirlər.

Yaxşı “metod” tapılıb. Klub rəhbərliyini təmsil edən əksər “baş üstə”lər, futbolu bilməyənlər susur, havadarlarına xoş gəlməz hiyləsiylə vəzifələrini, yerlərini qoruyur, narazılığı, etirazı, problemlərin qabardılmasını isə azarkeşlər, jurnalistlər, ekspertlər etməlidirlər…

Mətbuat konfranslarında hakimliklə bağlı fikir bildirilməsi qadağası da çoxdan unudulub. Belə durum futbolu yola verənlərə sərfəlidir. Futbolda şimşək çaxmasın deyə, iş başında olanlara, çoxlarına sərf edəcək barış elan olunub. Çempionatda az sayda görüşləri çıxmaq şərtilə səviyyə, oyun keyfiyyəti orta Avropa futbolu ilə müqayisədə çox geriləyib…

Futbolun peşəkar tələbləri öz yerində, mənəvi məsuliyyət də yox dərəcəsindədir. Son təyinatlara nəzər yetirdikdə, Barış Şimşək rəsmi inspektor qismində matçlarda görünür. FİFA, UEFA-nın və AFFA-dakı eyni düşüncədə olan rəhbərlərinin “əlyeri”sindən istifadə edilir.

Bu məsələdə rəsmi qaydalar imkan verirsə, o demək deyil ki, bundan istifadə edilməlidir. Bacarıqları Barış Şimşəkdən heç də geri qalmayan, ehtiyacı olan yerli mütəxəssislərin 5-10 manatına da göz tikilir. Maaşı, müqaviləsi, təminatı yerində, hər bir şəraiti var… Barış bəyin… Məgər oyunlara getmək, hakimləri izləmək üçün mütləq rəsmi inspektor qismində səfərə çıxmalısan?

Rəhbər belə olmur!

Onsuz da oyun sayı azdır, yerlilərin, “qara camaatın” qəpik-quruşuna da göz tikmək türk qardaşımıza yaraşmaz! Ehtiyacı olmadığı halda belə məqamları özünə yaraşdırıbsa, deməli, niyyət yerində deyil, meydanda hakim idarəçiliyi, obyektivlik düşünülmür, ikinci plandadır…

Ölkə futbolunda son illər hakimlik adına münbit şərait yaradılıb. Heç bir təzyiq yox, əksinə, hakimlər düşünmədən özləri oyunlarda aqressivlik yaradır, meydanlarda hegemonluq iddiasına düşürlər. Barış Şimşəklə yanaşı tərcüməçi/departament rəhbəri(!) də “xurcun”unu çiyninə atıb, “bu oyun mənim, o oyun sənin” düşüncəsi ilə işə yanaşılırsa, qarşılaşmalarda VAR “var-yox”a qarışır…

Azərbaycan hakimlik məktəbi hər zaman güclü olub. Bu gün də gənc hakimlərin potensialı görünməkdədir. Bu, təbii prosesdir, hər zaman belə olub. Yetər ki, onlarla düzgün iş aparılsın. Bacarıqlıların, istedadlıların inkişafı təmin edilməlidir! Özlərini matçlara təyin etməklə inkişaf, keyfiyyət dərəcəsi artmır!

AFFA-nın yeni, gənc baş katibi Sərxan Hacıyev də vaxtilə bir-iki “qram” hakimliklə məşğul olub. Özündə perspektiv görmədikdə istiqamətini dəyişib. Oyunlara rəsmi nümayəndə/inspektor kimi gedə bilər. Futbolda şimşək çaxmasın deyə barış elan olunubsa, “niyə də yox”?!

Belə yanaşma, millətin 5-10 manatına göz tikməklə çempionatın finişinə kimi hələ çox qalmaqallar baş verəcək. Futbolda zəlzələ gözlənilməməlidir – düşüncələr dəyişməlidir!”

Tahir Süleymanov

Bənzər yazılar

Back to top button