İqtisadiyyat

Azərbaycan hökumətinin sosial siyasətinin məqsədlərinə dair


Toğrul Vəliyev
Bakı Dövlət Universitetinin məzunudur, müstəqil iqtisadçıdır.

Son illər Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas məqsədi nədir? Mövcud olan sosial siyasəti bundan əvvəl yazdığım üç məqalədə (Azərbaycanda sosial siyasətin imkanları və əhatə dairəsi; Azərbaycanda yoxsullar və işsizlər; Azərbaycanda sosial xərclərin maliyyəşdirilmə mexanizmin təhlili) təsvir etməyə çalışdım. Bu məqalədə isə hökumətin sosial siyasətdəki məqsədini başa düşməyə çalışacağam.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 2023-cü ilin əvvəlində baş vermiş minimum əməkhaqqı və minimum pensiya artımı ilə bağlı bildirib ki, “Son 5 ildə sosial sahədə inqilabi islahatların tərkib hissəsi kimi minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata, minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb.” Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, hər iki göstəricinin həm artımı, həm də ümumiyyətlə mövcudluğu yalnız qismən ƏƏSMN-nin fəaliyyət istiqamətlərinə aiddir. Birincisi, ƏƏSMN minimum əməkhaqqı anlayışını fərdi sahibkarlıq ilə məşğul olan şəxslərin məcburi dövlət sosial sığorta haqlarının yığılmasında istifadə edir. Sosial sığorta haqqında qanuna görə muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial siğorta haqqı minimum aylıq əməkhaqqının müxtəlif faiz miqdarına bərabərdir (tikintidə 50%, digər sahələr üzrə 25%). İkincisi, minimum əməkhaqqı səviyyəsinin müəyyən olunması belə ƏƏSMN-nin funksiyalarına daxil deyil. Minimum pensiyaya isə gəldikdə ƏƏSMN ona uyğun olaraq minimum tələb olunan pensiya kapitalını hesablayır (minimum pensiya 144 aya vurulur) və Dövlət Sosial Müdafiə Fondu (DSMF) vasitəsilə edilən ödənişlərin minimum məbləğini müəyyən edir. Başqa sözlə, bu göstəriciləri sosial siyasətin nəticəsi və ya nail olunan məqsədi adlandırmaq çətindir.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2022-ci ilin yanvar-dekabr aylarında 2021-ci ilin eyni dövrü ilə müqayisədə istehlak qiymətləri indeksində 13,9% artım qeydə alınıb. Hətta qida məhsulları üzrə bu artım 20,1% təşkil edib. Bu yalnız rəsmi məlumatdır. Hətta vəziyyət o yerə çatıb ki, Mərkəzi Bank 2023-cü il üzrə pul siyasətinin başlıca istiqamətləri barədə yazarkən həmin il üçün inflyasiyanın proqnoz göstəricilərini qeyd etməyib. Yəni qiymət artımı davam edəcək və hətta Mərkəzi Bank bunun hansı səviyyədə olacağını proqnozlaşdırmaqda çətinlik çəkir (ya da ictimai olaraq bu barədə danışmaq istəmir). Nəticə etibarilə, hökumət də bu amillərin təzyiqi altında əhali üçün sosial ödənişlərin artımına gedib. Göründüyü kimi, hökumət tərəfindən atılmış bu addımlar ƏƏSMN-nin yox, qiymət artımının təzyiqi altında edilib. Yəni ƏƏSMN-nin burada heç bir rolu yoxdur.

Hökumətin sosial siyasətdə əsas məqsədi nədir? Əvvəlki üç məqalədə də iddia etdiyim kimi, hökumətin son 5 ildə həyata keçirdiyi sosial siyasətin əsas məqsədi məhz qənaətdir. Aparılan siyasətin əsas məqsədi DSMF-nin xərclərini azaltmaqla, onu özünü təmin edən fonda çevirmək və bununla da dövlət büdcəsi vəsaitlərində qənaət əldə etməkdir. Amma bu siyasətin nəticəsində əhalinin böyük hissəsi sosial dəstəkdən kənar qalır. Ona görə də mövcud sosial siyasət ciddi dəyişiklik tələb edir. Sosial siyasətdə nələr dəyişdirilməlidir? Burada mən hər sahəyə uyğun olaraq təkliflərimi irəli sürməyə çalışacağam.

Əlillik praktikası və qanunvericiliyi istiqamətində aşağıdakı addımları atmaq zəruridir:

1) Əlillik məsələlərində bürokratik prosedurlar sadələşdirilməlidir. Onların böyük hissəsi əlavə yük yaratmaq məqsədi daşıyır. Misal üçün, daimi əlilliyin alınması üçün insan hər 5 ildən bir ƏƏSMN-ə müraciət etməlidir. Əlillik bir çox hallarda xroniki xəstəliyə görə və ya həlli tapılmayan problemə görə verildiyi halda, hər 5 ildən bir yoxlamaya ehtiyac qalmır.

2) Əlillik təyin olunarkən iki quruma müraciət edilməlidir: TƏBİB (poliklinika və xəstəxanalara baxan qurum kimi) və TSEK (ƏƏSMN nəzdində həkimlərdən ibarət komissiya). Birincisi tibbi diaqnoz verir, ikincisi isə sosial (yəni cəmiyyət ilə ünsiyyət səviyyəsi, müxtəlif işlərdə işləmək imkanı və s.) ekspertizaya cavabdehdir. Reallıqda isə faktiki olaraq hər ikisi həkimlərdən ibarət olduğu üçün eyni məsələyə baxırlar. Nəticə etibarilə, tibbə aid olmayan qurum (ƏƏSMN) nəzdində TSEK faktiki tibbi qurumu kimi çıxış edir və diaqnozların verilməsi prosesinə belə qarışır. Beləliklə, insanlar bürokratik məngənə altına düşür;

3) Əlilliyin təyin edilməsi ilə bağlı qanun və qaydalar dəyişdirilməlidir. 2017-ci ildə əlillik ilə bağlı qəbul olunan qanun və qaydalar bir çox hallarda müavinət almağı çətinləşdirdi. Amma ƏƏSMN yeni qanun və həmçinin bu qanuna əlavə olunan yeni qaydalar ilə çıxış etdi və onlar 2022-ci ildən bəri qüvvəyə mindilər. Bu dəyişikliklərin əsası 2017-ci ildə qoyulmasına baxmayaraq, formal tətbiqi 2022-ci ildən başladı. Azərbaycanda sosial xərclərin maliyyəşdirilmə mexanizminin təhlili məqaləsində qeyd etdim ki, bunun fəsadı ölkədə əlilliyi olan şəxslərin azalması oldu. Dünya üzrə ortalama 10% olduğu halda, Azərbaycanda indi inzibati üsullar hesabına müvafiq göstərici 6%-dən 5%-ə kimi endirildi;

4) ƏƏSMN-nin əlilliyə olan yanaşması dəyişməlidir. ƏƏSMN indi əsasən əlillik statusun verilməsi prosesinə əhəmiyyət verir. Halbuki əlilliyin qarşısının alınması istiqamətində addımlar atmalıdır. Bu istiqamətdə Azərbaycanda vəziyyət heç də qənaətbəxş deyil. Anadangəlmə xəstəlikləri çıxmaq şərti ilə digər istiqamətlər üzrə problemlər müşahidə olunur. Ona görə səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması, işçilərin təhlükəsizliyinin təmin edilməsi istiqamətlərində də addımlar atılmalıdır (yalnız 2022-ci ildə iş yerində və ya işi ilə bağlı problemlərə görə ən azı 88 şəxs vəfat edib, 192 işçi isə zərər çəkib). Hər bir istiqamət üzrə iş gələcəkdə əlilliyi olan insanların sayını azalda bilər;

5) Əlilliyə görə müavinət əlil şəxlərin real tələblərini əks etdirən hər hansı bir meyara uyğun tərtib olunmalıdır. İndi bu müavinət prezident tərəfindən fərmanlar ilə təyin olunur. DSK-nın hesablamalarına görə əlilliyi olan şəxslərin böyük hissəsi müavinətlərdən asılı vəziyyətdədir. Buna baxmayaraq, müavinətlərin həcmi nə yaşayış minimumu, nə ehtiyac meyarı, nə də minimal əməkhaqqı ilə bağlıdır. Daha sabit və real iqtisadi vəziyyəti əks etdirməsi üçün müavinətlərin həcmi dövlət büdcəsi tərəfindən hər il təsdiqlənən bu və ya digər ödəniş (yaşayış minimumu ya minimal əməkhaqqı) əsasında formalaşdırılmalıdır və müvafiq şəxslərin tələblərinin daha çox olduğunu nəzərə alsaq, bu müavinətlər daha yüksək olmalıdır.

Pensiya qanunvericiliyi istiqamətində aşağıdakı addımları atmaq zəruridir:

1) Gözlənilən ömrün uzunluğu göstəricilərini nəzərə alaraq, pensiya yaşı 60-a endirilməlidir;

2) Pensiyaya çıxmaq meyarları arasında olan 25 illik staj şərti ən azı 2 dəfə endirilməlidir;

3) Pensiya kapitalı məsələsinə yenidən baxılmalıdır. Onun həcmi Azərbaycanda real gəlirləri nəzərə alaraq aşağı salınmalıdır;

4) 2006-ci ildə təyin edilmiş gözlənilən pensiya ödənişi müddəti 12 ildən ən azı iki dəfə azaldılmalıdır.

Pensiya qanunvericiliyində edilən dəyişikliklərlə bərabər, pensiya çatımlılığı da artırılmalıdır. Azərbaycanda sosial siyasətin imkanları və əhatə dairəsi adlı məqaləmdə qeyd etmişdim ki, hazırda əmək qabiliyyətli yaşda (15+) olan kişilərin təxminən 40%-dən daha az hissəsi, qadınların isə 25%-lik hissəsi öz gələcək pensiyalarını təmin etmək imkanına malikdir. Bu da daha çox qeyri-rəsmi məşğulluq və eyni zamanda bir çox insanın fərdi sahibkar kimi xidmət müqaviləsi ilə çalışması ilə bağlıdır. Ona görə təcili sürətdə aşağıdakı addımlar atılmalıdır:

1) Əmək Məcəlləsinin tələblərinə ciddi riayət edilməlidir. Daimi olaraq xidmət müqaviləsi əsasında işə cəlb edən işəgötürənləri əmək müqaviləsini imzalamağa məcbur etmək lazımdır. Belə ki, bu həm qanunvericiliyin tələbidir, həm də müvafiq işçilərin gələcək pensiya məsələsinə aiddir.

2) Mövcud olan əmək münasibətləri nəzərə alaraq, məcburi dövlət sosial siğorta haqlarının yığılmasında dəyişiklik edilməlidir. Bu istiqamətdə ya məşğulluq xidmətləri tərəfindən əmək müqavilələrin imzalanmasına nəzarət artırılmalı, ya da qanunvericilik dəyişdirilməlidir. İndiki halda bir çox işçi faktiki olaraq pensiyasız qalacaq.

Azərbaycanda yoxsullar və işsizlər məqaləsində qeyd etmişdim ki, hökumət faktiki olaraq yoxsulluq problemini görmür. Bu da bir çox fəsadlara gətirib çıxarır. Eyni zamanda yoxsul ailələrdə böyüyən uşaqlar bir çox imkanlardan məhrum olur. Ona görə uşaq pulu və yoxsulluq istiqamətlərində aşağıdakı addımların atılması məqsədəuyğundur:

1) Yoxsulluğun müəyyən olunması üçün istifadə olunan meyarlarda dəyişiklik edilməlidir. ƏƏSMN ehtiyac meyarının yaşayış minimumuna bərabərləşdirilməsini uğur kimi göstərir. Amma bu iki göstəricinin uzun müddət niyə fərqli olmasının və eyni zamanda ehtiyac meyarının (yəni yoxsulların müəyyən olunması üçün istifadə olunan göstəricinin) yaşayış minimumundan aşağı olmasını izah etmir. Fikrimcə, ehtiyac meyarı göstəricisi bu və ya digər formada yaşayış minimumu (ondan az olmamaq şərti ilə) və minimal əməkhaqqı səviyyəsinə uyğun formalaşmalıdır;

2) Yaşayış minimumunun müəyyən olunması üçün istifadə olunan minimal istehlak səbətinə yenidən baxılmalıdır. Qanunvericiliyə görə, hər 3 ildən bir baxılmalı olan sənəd 2014-cü ildən bəri dəyişilməyib. Bu dövrdə Azərbaycan iki devalvasiyadan, COVİD-19 epidemiyasından, 44 günlük müharibədən və son dönəmlərin ən rekord inflyasiya səviyyəsindən keçib. Buna baxmayaraq, dəyişilməyib. Hətta Dövlət Statistika Komitəsi tərəfindən 2022-ci ildə keçirilən tədqiqata görə, istehlak səbətində göstərilən bir sıra göstəricilərin real tələbata uyğun olmadığı əks olunub;

3) Uşaqlar üçün yoxsulluğun fəsadlarını azaltmaq məqsədilə sosial siyasətdə dəyişiklik edilməlidir. Ya birbaşa uşaq pulu (müəyyən yaşa çatanadək), ya da bu və ya digər formada (məktəb ləvazimatlarından başlamış aylıq azuqənin təminatına kimi) dəstək həyata keçirilməlidir.

Bu sahədə həmçinin kompleks yanaşma tətbiq edərək, işsizlik sahəsində də müxtəlif addımlar atılmalıdır. İndiki halda işsizlərin sığortası üçün yaradılan fondun vəsaitlərinin yarısı bu sahədə məşğul olan qurumların təminatına gedir. Faktiki insanlar özlərini işsizlikdən sığortalamaq yerinə dövlət qurumlarının saxlanmasını maliyyəşdirirlər.

Fikrimcə, bu addımları atmaq ilə vəziyyəti müəyyən qədər sabitləşdirmək mümkün olacaq. Həmçinin bu addımlar sosial siyasətin daha əhatəli və daha çevik olmasına imkanlar yaradacaq.

Mənbə: bakuresearchinstitute.org

Bənzər yazılar

Back to top button