Dünya

Ermənistanda general saxlanıldı

Ermənistanda general saxlanılıb.

Yeniavaz.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, sözügedən şəxs 3-cü Ordu Korpusunun keçmiş komandiri, general-mayor Qriqori Xaçaturovdur.

Ermənistan Baş Prokurorluğu generalın çirkli pulların yuyulmasında günahlandırıldığını açıqlayıb.

Qeyd olunub ki, hazırda iş Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsində araşdırılır.

Prokurorluğun izahatında qeyd olunur ki, Xaçaturovun ittiham olunduğu hərəkətlər 2006-2010-cu illərdə, o, hərbi hissələrdən birinin komandiri olduğu dövrdə baş verib. Söhbət vəzifə səlahiyyətlərindən sui-istifadə və iri daşınmaz əmlakın leqallaşdırılmasından (çirkli pulların yuyulmasından) gedir.

Cinayət işi həm də keçmiş müdafiə naziri, parlamentdəki “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyanla bağlıdır. Bundan əvvəl parlament baş prokuror Anna Vardapetyanın vəsatətini təmin edərək, Ohanyanın toxunulmazlığından məhrum edilməsinə səs verib. Məlumata görə, Ohanyanın (o nazir olduğu zaman) əmri ilə Ararat rayonunda yerləşən iki hərbi hissənin əraziləri və binaları bazar qiymətlərindən xeyli aşağı qiymətə satılıb. Torpaqlardan birinin real alıcısı bu bölmələrdən birinin komandiri Qriqori Xaçaturov olub.

General Qriqori Xaçaturov Ermənistanın sabiq Baş Qərargah rəisi və KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturovun oğludur. 2021-ci ilin iyulunda Q. Xaçaturov 3-cü Ordu Korpusunun komandiri vəzifəsini tərk edib. Daha sonra o, bir neçə dəfə müxalifətin hökumət əleyhinə etiraz aksiyalarında iştirak edib.

Bənzər yazılar

Back to top button