İdman

“Qarabağ”da nə baş verir? – Hədəfdə onlardır

“Qarabağ”ın düşərgəsində gərginlik yaşanır. Ağdam klubunun daxilindən xoş olmayan xəbərlər gəlir. Klub rəhbərliyinin qeyri-peşəkar kadrlara böyük səlahiyyət verməsi gərginliyin əsas səbəbi kimi göstərilir. Bir neçə gün öncə klubun fotoqrafı Elmir Kərimovun 50 manata görə işini itirməsi sosial mediada və mətbuatda gündəm oldu. Elmir Kərimova qarşı edilən haqsızlığa görə isə Marketinq Departamentinin rəhbəri Yusif Cəfərov ittiham olunur.

Aut.az “Qarabağ”ın düşərgəsində baş verənlərlə bağlı ilginc məlumatlar əldə edib. Bildirilir ki, Yusif Cəfərova böyük səlahiyyətləri “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl verib. Onun qarşısında konkret tələb də qoyulub. Bu tələblər hansılardır?

Tahir Gözəl “Qarabağ”ln  uğurlarının Qurban Qurbanovun adına bağlanmasını həzm edə bilmir. O, klub rəsmilərinin kölgədə qalması ilə barışmır. Yusif Cəfərovdan tələb olunub ki, bu tendensiya dəyişdirilsin. Bunun üçün sosial şəbəkələrdə xüsusi trol dəstəsi yaradılıb. Onlar “Qarabağ”ın uğursuzluğu fonunda Qurban Qurbanovu ittiham etməli, uğur olduqda isə klub rəhbərliyinin xidmətlərini qabartmalıdırlar.

Yusif Cəfərov bu tapşırığı yerinə yetirmək üçün klub daxilində də özünə komanda formalaşdırır. Kim ki, onun yanında deyilsə, onların uzaqlaşdırılması üçün plan hazırlayır.

Əldə etdiyimiz məlumata görə, o, fotoqraf Elmir Kərimovu  getməyə məcbur etməzdən əvvəl mətbuat xidmətinin əməkdaşı, Qarabağ müharibəsi qazisi Mehman Əşrəfovu gözümçıxdıya salıbmış. Amma ona Mehmanın kim olduğunu başa salıblar və geri çəkilməli olub. Ancaq inadından da qalmır, Mehman Əşrəfova hər cür təzyiq göstərir ki, o özü klubdan ayrılsın.

Yusif Cəfərovun növbəti hədəfi isə mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadədir. O, Gündüzün və Mehmanın yerinə öz adamlarının  yerləşdirib, Qurban Qurbanovun gözdən salınmasını kampaniyasını uğurla bitirmək niyyətindədir.

Onu da bildirək ki, Tahir Gözəlin göstərişi ilə Gündüz Abbaszadənin səlahiyyətlərinin bir hissəsi artıq Yusif Cəfərova verilib.

Media sahəsində heç bir təcrübəsi olmayan bu şəxsin xarakter baxımından da problemli olduğu bildirilir. Göründüyü kimi, “Qarabağ” rəhbərliyinin qeyri-peşəkarlığı öz sözünü deyir. Qurban Qurbanovun uğurlarının kölgəsində özlərinə dəm-dəzgah quran bu insanlar başa düşmürlər ki, Qurbanovu gözdən salmaqla, peşəkarları klubdan uzaqlaşdırmaqla, oturduqları budağı kəsmiş olurlar. Yıxılsalar, sağ qalmayacaqları dəqiqdir.

Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə deyilən məlumatları təkzib edib.

“Yazıda qeyd olunan informasiyalar kökündən səhvdir. Bu informasiyanı sizə ötürən şəxslər “Qarabağ”ı istəməynlərdir. Onlarıb bir məqsədi var. Klub daxilindəki ab-havanı pozmaq. “Qarabağ”da çalışan əməkdaşların bir-biri ilə münasibətləri yaxşıdır. Biz bir ailəyik. Klub olaraq birlikdə növbəti uğurlara köklənmişik”.

Bənzər yazılar

Back to top button