GündəmManşetSiyasət

Paşinyan Qarabağdakı Rusiya sülhməramlılarını uğursuzluqda ittiham edib

Rusiyalı sülhməramlılar Dağlıq Qarabağdakı vəzifələrinin öhdəsindən gələ bilməyiblər, regionda təhlükəsizliklə bağlı vəziyyət sürətlə deqradasiyaya uğrayır. Bunu ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan Amerikanın “Politico” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, sülhməramlılar 2020-ci ilin noyabrında Moskva, Yerevan və Bakı arasındakı üçtərəfli sazişlə müəyyən edilmiş vəzifələrdən faktiki olaraq imtina ediblər. Bu, ilk növbədə, Laçın dəhlizinin Azərbaycan tərəfindən blokadasına aiddir.

«Bütün bunlar rusiyalı sülhməramlıların məsuliyyət sahəsində olmalıydı, lakin onlar öz missiyalarını yerinə yetirmədilər”, – o deyib.

Paşinyanın fikrincə, bütün bunlar “Rusiyanın regionda nüfuzunun azalmasının” nəticəsidir.

O hesab edir ki, Ermənistan Rusiyaya güvənmədən öz suverenliyini möhkəmləndirməlidir.

“Biz müstəqil, suveren ölkəyə sahib olmaq istəyirik, ancaq biz Qərb və Şərq, Şimal və Cənub arasındakı qarşıdurmaların mərkəzində olmamağın yolunu tapmalıyıq”, – o deyib.

Paşinyanın fikrincə, Rusiya Türkiyə və Azərbaycanla əməkdaşlıqda maraqlıdır və onlarla münasibətləri korlamaq istəmir. Ukrayna ilə müharibədən sonra Rusiyanın Türkiyə və Azərbaycandan asılılığı daha da artıb.

Qeyd edək ki, bu, son günlər Ermənistan baş nazirinin Rusiyanın əleyhinə ikinci çıxışıdır.

Onun La Republica nəşrinə əvvəlki müsahibəsi Moskvanın qəzəbinə səbəb olmuşdu və Rusiya Xarici İşlər Nazirliyi qınayıcı bəyanat vermişdi.(Turan)

Bənzər yazılar

Back to top button