GündəmManşetSiyasət

İslam Əməkdaşlıq Təşkilatı İranı Azərbaycan səfirliyinə hücumda günahkarları cəzalandırmağa çağırıb

Martın 16-17-də Mavritaniyanın paytaxtı Nuakşotda İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 49-cu sessiyasında Azərbaycanın təklif etdiyi beş qətnamə qəbul edilib.

Dörd sənəd Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələrilə bağlıdır.

Belə ki, “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması”, “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində iqtisadi və sosial inkişaf fəaliyyətlərinə dəstək” və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycan Respublikasının ərazilərində islam dininə aid tarixi və mədəni abidələrin və izlərin dağıdılması və təhqir olunması” adlı qətnamələrdə 30 ilə yaxın dövrdə Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş işğal və təcavüz siyasəti qəti şəkildə pislənilir və işğalın ağır fəsadlarının aradan qaldırılması istiqamətində, habelə bərpa və yenidənqurma işlərində Azərbaycan hökuməti və xalqına dəstək ifadə olunur.

“1992-ci il Xocalı qətliamı qurbanları ilə həmrəylik” adlı qətnamədə İslam Əməkdaşlıq Təşkilatı dünya birliyini ermənilərin Xocalını ələ keçirərkən törətdikləri qırğını soyqırım kimi tanımağa çağırıb.

“Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücum” adlı qətnamədə isə İslam Əməkdaşlıq Təşkilatı yanvarın 27-də İranın paytaxtında Azərbaycan diplomatik missiyasına silahlı hücumda (nəticədə bir nəfər həlak olub, iki nəfər yaralanıb) təqsirli bilinənlərin hamısının məsuliyyətə cəlb edilməsini İrandan tələb edib.

Sessiyada xarici işlər nazirinin müavini Fariz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Bənzər yazılar

Back to top button