İdman

İlham Əliyevdən qələbəsini Azərbaycana həsr edən atletlərlə bağlı nazirə tapşırıq

Xəbər verdiyimiz kimi, Ermənistanın paytaxtı İrəvanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında türkiyəli atletlər Cansu Bektaş və Qəmzə Altun qələbələrini Azərbaycana həsr ediblər.

Prezident İlham Əliyev aprelin 18-də Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibə verərkən bu barədə də danışıb.

O, gənclər və idman naziri Fərid Qayıbova həmin atletlərlə bağlı tapşırıq verdiyini bildirib:

“Mehriban xanım və mən əziz qızlarımız Cansu və Qəmzəni təbrik etdik. Birinci, ona görə ki, onlar Ermənistanda – düşmən dövlətdə, həm Azərbaycana, həm də Türkiyəyə əzəli düşmən olan dövlətdə bu böyük qələbəni əldə etdilər, Türk Bayrağını yüksəklərə qaldırdılar. Ermənilər bizim bayrağımızı yandırıblar, amma Türk Bayrağı orada dalğalanıb. Türkiyənin Dövlət Himnini səsləndirdilər. Türkiyənin Dövlət Himni elə səsləndi ki, orada oturan bütün düşmənlərin yəqin ki, qulağı batmışdı. Bu qələbəni onlar Azərbaycana, Azərbaycan xalqına həsr etdilər. Nə qədər gözəl bir hərəkətdir. Ona görə onlar bütün Azərbaycan xalqının sevgisini qazandılar. Mən onları bir daha təbrik etmək istəyirəm. Bu gün mən Neftçala Olimpiya Kompleksinin açılışında olarkən gənclər və idman nazirinə tapşırdım ki, bizim qızlarımızı mənim adımdan Azərbaycana dəvət etsin və onlar bizim qonağımız olsunlar. Bu, bir daha bizim birliyimizi göstərir, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı sarsılmazdır. Biz birik və onlara ünvanlanan təbrik məktubunda da yazmışıq ki, Türkiyə Bayrağı olan yerdə biz də varıq və bütün Ermənistan onu gördü. Bir yaramaz bizim bayrağımızı yandırır, ertəsi gün qardaş Türkiyə dövlətinin şanlı bayrağı o düşmənlərin başının üzərində ucaldılır və onlar Türkiyənin Dövlət Himninə ayaq üstə qulaq asmağa məcbur olurlar.

Mən bir daha bizim gözəl qızlarımızı təbrik etmək istəyirəm. Biz onlarla fəxr edirik və əslində bu hadisə, hesab edirəm ki, tarixdə qalacaq, təkcə idman tarixində yox, bütövlükdə dünya siyasət tarixində, Türk dünyasının tarixində. Hər birimiz – Türk dünyasının hər bir övladı, bax, Cansu və Qəmzə kimi olmalıdır. Mənim arzum budur”.

Bənzər yazılar

Back to top button