ManşetSiyasət

“Vasif Talıbovun adətləri özü ilə getdi Aralıq kəndinə” – Naxçıvanda nə dəyişib?

“Adam nə vaxta qədər ana pensiyası ilə dolanar? Beş ilə yaxındır ki, Türkiyədə işləyirəm. Qohumlardan orada işləyənlər vardı, dedilər ki, gəl, sənin də əlin çörəyə çatsın. İndi az da olsa, evə pul göndərə bilirəm, şükür allaha. Öz rayonumda çörəyim çıxsa, niyə vətəni qoyub gedim ki?”. AzadlıqRadiosuna danışan Naxçıvan sakini Rasim Əhmədov uzun müddət işsiz qaldıqdan sonra çarəni Türkiyəyə üz tutmaqda görüb. İndi qohumları ilə kirayə tutduğu evdə gündəlik xərclərindən sonra yerdə qalan qazancını ailəsinə göndərdiyini deyir.

Naxçıvanı 27 ilə yaxın bir müddətdə insan haqlarının pozulması, özəl biznesə məhdudiyyətlərlə idarə edən Vasif Talıbov dekabrın 21-də Ali Məclis sədrliyindən istefa verib. Artıq dörd aydan çoxdur ki, muxtar respublikanın idarə edilməsi Azərbaycan prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə tapşırılıb.

AzadlıqRadiosunun Talıbovun istefasından sonra Naxçıvandan hazırladığı reportajlarda sakinlər son ötən dövrdə üzləşdikləri məhrumiyyətlərdən, iqtisadi çətinliklərdən, iş adamları təzyiqlər ucbatından bizneslərindən necə imtina etmələrindən danışırdılar.

Başda naxçıvanlılar olmaqla, çoxları Talıbovun gedişinin muxtar respublikada müsbət dəyişikliklərə səbəb olacağını gözləyirdi, yeni iş yerlərinin açılacağına ümidlər böyük idi.

Tənqidçilər bu arada siyasi azadlıqlar baxımından vəziyyətin ölkənin qalan hissəsindən fərqlənməyəcəyini deyirdilər. Azərbaycan bir sıra beynəlxalq hesabatlarda insan haqlarına görə tənqid olunur. Hakimiyyət təmsilçiləri isə tənqidləri rədd edirlər.

“Dəyişən heç nə yoxdur”

“Allah haqqı, bu neçə ildə neçə iş yeri dəyişmişəm. Anam xəstədir, iki azyaşlı uşağım var. Ailəmi dolandırmaq üçün hər iş görərəm. Məni utandıran gedib başqa ölkədə özgələrin qapısında işləməkdir. Dedik Talıbovdan sonra gələnlər nəsə bir iş görər, evimizə-eşiyimizə qayıdarıq. Amma oradakılardan soruşuram, dəyişən heç nə yoxdur”, – Əhmədov AzadlıqRadiosuna söyləyir.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Naxçıvan təşkilatının sədri Yaşar Bağırsoy da deyir ki, Naxçıvanda çox məsələ əvvəlki kimi qalıb, işsizlik və əhalinin ağır sosial vəziyyətində heç bir dəyişiklik yoxdur: “Təəssüf ki, yaxşılığa doğru hansısa halın baş verməsi nəzərə çarpmır. Naxçıvanlılar inanırdılar ki, Talıbovdan sonra gələn siyasilər daha çox iş yerləri açacaqlar. Naxçıvan təsərrüfat bölgəsidir, hər kəs düşünürdü ki, suvarma suyunun təşkilində hansısa işlər görüləcək. Amma heç bir tədbir görülmədi. Yenə də insanlar iş yeri kimi Türkiyəyə üz tutur, gedənlər də qayıtmaq istəmir”.

“Çayxanalar açılıb”

Amma o, Talıbovun gedişindən sonra Naxçıvandakı tənqid olunan bəzi ənənələrin aradan qalxdığını da vurğulayır. Artıq muxtariyyətdə iməciliklərin keçirilmədiyini, şəxsi obyektlərin açılmasına icazə verildiyini deyir.

O danışır ki, muxtariyyətdə çayxanalar da bir müddətdir fəaliyyətə başlayıb. Əvvəllər buna icazə verilmir, olanlardan “xərac” istənilirdi: “İndi çayxanalar açılıb. Kimin imkanı varsa, iş görür, obyekt açır. Talıbovun sahibi olduğu “Cahan Holdinq”in nəzdində olan marketlər əlindən alınıb. Elə çox yox, bir neçə həftə öncə holdinqin nəzdində olan ən böyük marketlərdən sayılan “Banu” market boşaldıldı. Yerində “Bolmart” açıldı. Vasif Talıbovdan sonra iməciliklər olmasına mən şahid olmamışam. Onun təyin etdiyi bəzi adətlər də özü ilə getdi, elə (Talıbovun doğulduğu)Aralıq kəndində də özü ilə birgə yaşayır”.

Bağırsoy deyir ki, Naxçıvandakı son dəyişikliklərdən sonra insanlar problemləri ilə bağlı şikayət edə, qəbullara gedə bilirlər. Amma bu şikayətlərin nə qədərinə cavab verilir, bəlli deyil.

Məmurlara ayrılan pullar

AzadlıqRadiosunun Naxçıvandan Milli Məclisə deputat seçilmiş Eldar İbrahimovdan deyilənlərə açıqlama almaq cəhdi alınmayıb.

Əslən Naxçıvandan olan deputat Fazil Mustafa deyir ki, Naxçıvanda problemlərin həlli üçün sosial ədalət bərpa olunmalıdır, əks halda, insanlar hansısa dəyişikliyə inanmayacaqlar. “Yüzlərlə insanın obyekti əlindən alınıb, onu da qaytarmaq nəzərdə tutulmur. Yenidən insanların iqtisadi fəallığını artırmağa, təşəbbüs və təkliflərə imkan yaradılmalıdır. Mənə gələn şikayətlərdən bir qismində vəziyyətin dəyişmədiyi, bəzilərində isə basqıcı psixoloji vəziyyətin yüngülləşdiyi deyilir. Gözləntiləri həyata keçməyənlər də var. Çayxanaların, yeməkxanaların açılması hələ həyatın canlanması deyil ki. İstehsal müəssisələrini gücləndirmək lazımdır, təbii resursların çıxarılması və emalı, yeni müəssisələrin açılması lazımdır “, – deputat bildirir.

Fazil Mustafa muxtar respublikada idarəetmə sistemində əsaslı dəyişiklik aparılmasını vacib sayır. Naxçıvanda məmur sayının respublikanın digər bölgələrinə nisbətən çox olduğunu deyən deputat təklif edir ki, onların saxlanmasına büdcədən ayrılan pulları əhalinin iqtisadi vəziyyətini yaxşılaşdırmağa yönəltmək olar.

Türkiyədə çalışan Rasim Əhmədovsa son vaxtlar türk lirəsi dəyər itirdiyindən ailəsini dolandırmaq üçün daha çox işləməli olduğunu söyləyir. Deyir, Naxçıvana ailəsini görməyə az-az gedir. “Mən də istəyərəm ki, axşamlar işdən sonra öz evimə gedim. Geri qayıtsam, gərək yenə evdə oturam. İndiki dövrdə hamının başı özünə qarışıb, kim gətirib mənə bir tikə çörək verəcək?” – Əhmədov sual edir.

Bənzər yazılar

Back to top button