Siyasət

Güney Azərbaycan Milli Dövlətçilik Şurası təsis edilib

Mayın 7-də Güney Azərbaycan Milli Dövlətçilik Şurasının onlayn qaydada (MDŞ) təsis toplantısı keçirilib. Toplantıda təşkilatın 15 nəfərdən ibarət Mərkəzi Şurası seçilib. Mərkəzi Şura qurultaylarası dövrdə təşkilatın ali idaretmə qurumudur.

Bu barədə Turan agentliyinə MDŞ Mərkəzi Şurasının üzvü Çingiz Göytürk bildirib.

Onun sözlərinə görə təşkilatın rəhbəliyi Mərkəzi Şuranın növbəti toplantısında seçiləcək.

Göytürk bildirib ki, təsis toplantısında Cənubi Azərbaycandan (İran Azərbaycanı-red) ABŞ, Avstraliya, Kanada, Türkiyə, Azərbaycan Respublikası və Avropanın müxtəlif ölkələrindən nümayəndələr iştirak edib.

“Azərbaycan Milli Dövlətçilik Şurasının məqsədi Güney Azərbaycanda milli dövlət strukturnun yaradılmasıdır. Şurasının növbəti toplantısında təşkilatın fəaliyyət planı, yol xəritəsi müəyyən ediləcək, işçi komitələr, müvafiq sahələr üzrə komissiyalar yaradılacaq”, o qeyd edib.

Milli Dövlətçilik Şurasının fəaliyyət prinsiplərində deyilir: “MDŞ azərbaycançılıq prinsipinə dayanır. Azərbaycanı vətən sayır və ərazi bütövlüyünü toxunulmaz hesab edir. MDŞ, uğrunda savaşdığı hədəf və idealları Güney Azərbaycanın Ərdəbil, Şərqi Azərbaycan, Qərbi Azərvaycan, Zəngan, Həmədan və Qəzvin ostanları ilə yanaşı, müxtəlif dövrlərdə inzibati-coğrafi dəyişikliklər nəticəsində başqa ostanlara bölüşdürülmüş tarixi milli Azərbaycan ərazisində gerçəkləşdirmək istəyir. MDŞ qadın və kişi hüquq bərabərliyini rəsmi olaraq tanıyır, qadın hüquq və azadlıqlarının hər hansı bir bəhanə ilə məhdudlaşdırılmasına qarşı çıxır və bu istiqamətdəki mübarizəni milli mücadilənin ayrılmaz tərkib hissəsi olaraq qəbul edir. MDŞ etnik, dini, məzhəbi və s. azlıqların hüqüqlarına hörmətlə yanaşır, bərabərhüquqlu vətəndaş cəmiyyətinin yaradılması uğrunda mübarizə aparır. İran və irançılığı, hər hansı ad və ya örtülü ad altında olursa-olsun, rədd edir, çağdaş, demokratik, dünyəvi-sekular Güney Azərbaycan dövlətinin yaradılması uğrunda mübarizə aparır”, təşkilatın qəbul etdiyi prinsiplərdə bildirilir.-

Bənzər yazılar

Back to top button