Dünya

Rusiyanın Kiyevə amansız hücumları “gözlənilməz deyildi” – Co Bayden

Bazar ertəsi ABŞ prezidenti Co Bayden Rusiyanın Ukrayna paytaxtına amansız hücumlarına münasibət bildirib və deyib ki, Ukrayna əlavə yardım alacaq, xəbəri Ağ Evdən Turan-ın Vaşinqtondakı müxbiri verib.

“Bunda gözlənilməz heç nə yoxdur”, deyə Bayden Turan-ın müxbirinin Kiyevə raket zərbələrinin artmasına münasibəti haqqında sualına cavabda bildirib.

“Buna görə biz Ukraynaya lazım olan hər şeyi verməyə davam etməliyik”, deyə Bayden əlavə edib.

Prezidentin şərhi Rusiyanın ötən gün Kiyevə növbəti raket zərbəsi endirdiyi bir vaxtda səslənib.

Bayden həmçinin Türkiyə prezidenti Recep Tayyip Erdoğanla telefon söhbəti barədə məlumat verib.

“Mən Erdoğanı təbrik etdim. Bu, əsasən təbrik zəngi idi”.

Baydenin sözlərinə görə, Türkiyə F-16 tədarükü məsələsini həll etmək istəyir.

“Mən isə dedim ki, hələ İsveç məsələsi həll olunmalıdır, gəlin, bu məsələni həll edək”, deyə Bayden sözünə davam edib.

İsveçin NATO-ya üzvlüyü məsələsində Türkiyənin mövqeyinin yumşalmasını gözləyib-gözləmədiyi haqqında suala cavabda Bayden Erdoğanla söhbətdə bu məsələni qaldırdığını və “gələn həftə” bunu müzakirə edəcəklərini təsdiq edib.

Sonradan Ağ Ev Baydenin Erdoğanla telefon söhbətinin mətnini dərc edib, onların “iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi üçün yaxın tərəfdaşlar kimi birgə işi davam etdirməyə sadiq olduqlarını ifadə etdiklərini” qeyd edib.

Bənzər yazılar

Back to top button