Cəmiyyət

Sürgündə ölən Cümhuriyyət naziri – Həmid bəy Şahtaxtinski

Azərbaycan tarixinə və dövlətçiliyinə görkəmli şəxslər bəxş etmiş Şahtaxtinskilər haqda yazılarımızı davam etdiririk. Bu dəfə, İstiqlal Bəyannaməsinə səs vermiş, Cümhuriyyət dövründə xalq maarifi və dini etiqad naziri postunda çalışmış, maarifçi, hüquqşünas və professor Həmid bəy Şahtaxtinski haqda söhbət açacağıq.

O, 1880-cı il martın 12-də hazırkı Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olub. Oun atası Xəlil ağanın hərbçi olduğu bildirilir. Gənc Həmid, ilk təhsilinə mollaxanada və şəhər məktəbində başlayıb, daha sonra İrəvan müəllimlər seminariyasına daxil olub. 1899-cu ildə buranı bitirdikdən sonra İrəvanda qalıraq, 3 il rus-tatar məktəbində, 5 il isə məzun olduğu seminariyada müəllim işləyir.

Həmid bəy 1907-ci ildə pedaqoji fəaliyyətinə fasilə verir və Novorossiya universitetində hüquq fakültəsində təhsil alır. Tələbəlik illərində azərbaycanlı tələbələr icmasının fəal üzvü olur. 1912-ci ildə vətənə qayıdaraq Yelizavetpolda (Gəncə) işləyir. 1914-cü ildə Gəncə quberniyasının xalq məktəbləri inspektoru vəzifəsinə təyin edilir, bununla yanaşı Gəncə şəhər dairə məhkəməsində andlı müvəkkilin yardımçısı vəzifəsində vəkilliklə də məşğul olub. O, 1916-cı ildə Bakıya köçərək, şəhər dairə məhkəməsində eyni vəzifəni tutur.

1917-cildə Rusiyada baş verən Fevral inqilabından sonra vüsət alan siyasi proseslər bir çoxları kimi Həmid bəyi də öz ağuşuna alır. O, Müsavat Partiyası ilə əməkdaşlıq edir, amma üzv olmur.

1918-ci ilin əvvəllərində Zaqafqaziya parlamenti – Seym təşkil olunanda 44 azərbaycanlı üzvdən biri də Həmid bəy Şahtaxtinski idi. O, “Müsavat və bitərəflər” fraksiyasında təmsil olunurdu. Mayın 28-də baş tutan tarixi iclasda iştirak edən və İstiqlal Bəyannaməsinin qəbuluna səs verən şəxslərdən biri də o idi.

Cümhuriyyətin mövcud olduğu dövrdə Şahtaxtinski təhsil sahəsində çalışır. O, ikinci Cümhuriyyət hökumətində xalq maarifi və dini etiqad naziri Nəsib bəy Yusubbəylinin müavini vəzifəsini tutur. Üçüncü hökumət kabinetində də Nəsib bəy və Həmid bəy eyni vəzifələri tuturlar.

Nəsib bəy Yusubbəylinin 1919-cu il aprelin 14-də təşkil etdiyi dördüncü Cumhuriyyət hökumətində Həmid bəy Şahtaxtinski yer almır. Bu, yəqin ki, müəyyən fikir ayrılıqları ilə əlaqədar olur. Onun həmin il Müsavatın əsas rəqibi olan İttihad Partiyasına üzv olmasını da bununla izah etmək mümkündür. Bununla belə, məktəb islahatlarının aparılması ilə bağlı müəyyən təkliflər hazırlayıb hökumətə təqdim etmək üçün 1919-cu ilin avqustun 20-dən sentyabrın 1-dək Bakıda keçirilən Azərbaycan müəllimlərinin III qurultayına Həmid bəy sədrlik edir.

Nəsib bəy Yusubbəylinin dekabrın 22-də təşkil etdiyi beşinci Cümhuriyyət hökumətində Şahtaxtinski xalq maarifi və dini etiqad naziri təyin olunur. O, bu vəzifəni martın 5-ə qədər icra edir.

İstər nazir müavini, istərsə də nazir olduğu zaman Həmid bəy yeni məktəblərin və müəllimlər hazırlayan
seminariyaların açılmasına, dərsliklərin hazırlanmasına, Universitetin təsisinə və digər işlərə böyük töhfə verir. O, eyni zamanda Azərbaycan dilində elmi terminologiyanın tərtibi üzrə hökumət komissiyalarının sədri və yeni əlifba üzrə Dövlət Komissiyasının üzvü kimi fəaliyyət göstərib. Bakı Dövlət Universitetində rus dili və ədəbiyyatından dərs deyib.

Bolşevik işğalı və Azərbaycan Cümhuriyyətinin süqutundan sonra Həmid bəy universitetdə prorektor (1920-1925) kimi fəaliyyətini davam etdirib, Bakı Xalq Maarifi şöbəsinin nəzdindəki ikiillik Müəllimlər İnstitutunda dərs deyib. 1930-1940-cı illərdəAzərbaycan Tibb İnstitutunda professor kimi çalışıb.

Uzun müddət Həmid bəyə toxunmayan sovet repressiyaları onu 1941-ci ildə haqlayıb. Cümhuriyyət naziri Arxangelsk vilayətinə sürgün olunub ki, bu da yaşı 60-ı keçən adam üçün ölüm hökmü kimi idi. Həmid bəy Şahtaxtinski 1944-cü il fevralın 3-də Arxangelskdə vəfat edib.

Həmid bəy xalası qızı Səkinə xanımla evlənib, bu izdivacdan 4 qız övladı – Məsmə, Leyla, Aliyə və Səidə doğulub.(Gündəlik Naxçıvan)

Bənzər yazılar

Back to top button