İqtisadiyyat

Azərbaycan və İran nəqliyyat kommunikasiyalarının inkişafına yönəlmiş layihələrin həyata keçirilməsini razılaşdırıb

Azərbaycan baş nazirinin müavini, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyanın həmsədri Şahin Mustafayev ilə İranın yol və şəhərsalma naziri, İran ilə Azərbaycan arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyanın həmsədri Mehrdad Bəzirpaş arasında iyulun 17-də İranın Astara şəhərində görüş keçirilib.

Görüş zamanı iki ölkə arasında regional və beynəlxalq nəqliyyat və kommunikasiya, o cümlədən enerji layihələri ilə bağlı məsələlər müzakirə olunub.

Azərbaycan Nazirlər Kabinetinin məlumatında deyilir ki, tərəflər regionun tranzit potensialının inkişafı ilə bağlı səylərin davam etdirilməsinin vacibliyini vurğulayaraq, nəqliyyat kommunikasiyalarının inkişafına və şaxaləndirilməsinə yönəlmiş layihələrin sürətləndirilməsini məqsədəuyğun sayıb.

“Bununla bağlı, xüsusi ilə 11 mart 2022-ci ildə imzalanmış “Azərbaycan Hökuməti ilə İran Hökuməti arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında” Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsi ilə bağlı tədbirlərin sürətləndirilməsi barədə razılaşıblar. İki ölkə arasında nəqliyyat-kommunikasiyaların inkişafına yönəlmiş layihələrin həyata keçirilməsi ilə bağlı, Astara yük terminalının tikintisinin gələn ilin sonuna qədər başa çatması, Astaraçay üzərində avtomobil körpüsünün gömrük və sərhəd infrastrukturunun yaradılmasının tezliklə tamamlanmasının zəruriyi bildirilib”, deyə məlumatda qeyd edilir.

Görüşdə o cümlədən enerji və su ehtiyatlarının istifadəsi ilə bağlı əməkdaşlıq məsələləri və layihələrin həyata keçirilməsinin vəziyyəti nəzərdən keçirilib.

“Bu xüsusda “Xudafərin”, “Qız Qalası” və “Ordubad-Marazad” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi layihələrinin tezliklə başa çatması ilə bağlı işlərin sürətləndirilməsinin vacibliyi qeyd edilib. Bu kommünike 17 iyul 2023-ci ildə İranın Astara şəhərində qəbul olunub”, deyə Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatında bildirilir.(Turan)

Bənzər yazılar

Back to top button