İdman

Murad Musayev: “Heç kimdən qorxmuruq”

“Bir həftə əvvəl hər iki komandanın hücum oyununu gördük. “Partizan” evdə oynayacaq, onların yaxşı baş məşqçisi, əla komandası var”.

Qol.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Murad Musayev Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Partizan”la cavab oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis “Partizan”ın mərhələ adlamaq üçün irəli atılacağını nəzərə alaraq rəqibdən qorxmadıqlarını deyib: “Düşünürəm ki, rəqib irəli gedəcək, çünki ona qol vurmaq lazımdır. Fikrimcə, sabah ilk oyundakı kimi maraqlı oyun izləyəcəyik. Bizim üçün çox çətin olacağına baxmayaraq, heç kimdən qorxmuruq. Biz cəsarətli futbol oynayacağıq və öz oyunumuzdan geri çəkilməyəcəyik”.

O, Misli Premyer Liqasının 2-ci turunda “Sumqayıt”la matçın təxirə salınmasının hazırlıq baxımından komandası üçün xüsusi üstünlük yaratmadığını bildirib: “Bir neçə zədəli futbolçumuz var. Çempionatda oyunu təxirə salmaq fürsəti yarananda razılaşdıq. Bunun bizim üçün xeyirli olub-olmadığını sabah öyrənəcəyik. Amma bunun əlavə fayda verəcəyini düşünmürəm”.

M.Musayev müdafiə yox, hücum futbolu oynayacaqlarını deyib: “Erkən qol vurub, daha sonra əks-hücumlara keçmək ideal olardı, amma rəqib bunun əleyhinə olacaq. Sabah ən əsası intizamlı olmalı, çox çalışmalı və cəsarətlə oynamalıyıq. Müdafiədə oynamağa ehtiyac yoxdur. Ötən mövsüm çempionatda çox az qol buraxdıq, amma müdafiə oyunu bizlik deyil. Amma rəqib də hücuma keçəcək. Kim üstün olsa, sonda o uğur qazanacaq”.

Baş məşqçi sonda “Komandadan ayrılan Coy Lens Mikelsin mövqeyində kim oynayacaq” sualına belə cavab verib: “İrazabal oynamağa hazırdır, bizimlə buraya gəldi. Heyət baxımından hələ seçim etməmişik”.

Bənzər yazılar

Back to top button