GündəmHadisəManşet

Həbsdəki general Müdafiə nazirini ittiham edir: “Yeyintidən xəbəri yox, Tərtər hadisələrindən xəbəri yox, bəs nədən xəbəri var?”

2017-ci ilin mayında Tərtərdə yüzlərlə hərbçiyə qarşı kütləvi işgəncələr baş verən dövrdə paralel olaraq, Beyləqanda da eyni hadisələr yaşanırmış. Orada işgəncələr nəticəsində bir nəfər leytenant Adil Sabirli vəfat edib.
Beyləqan işgəncələrinə görə cinayət məsuliyyətinə cəlb olunan 5 nəfərin məhkəməsi yekunlaşmaq üzrədir.

Təqsirləndirilən şəxslər arasında 1 general da var. Söhbət Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Bəkir Orucovdan gedir. O, 2022-ci ildə həbs ediləndə bu vəzifədə olsa da, 2017-ci ildə Beyləqanda bu hadisələr baş verərkən orada korpusun Qərargah rəisi olub.

Tərtər işgəncələri kimi, Beyləqan işgəncələrini də Bakı Hərbi Məhkəməsinin hakimləri araşdırır. Məhkəmə prosesi isə Sumqayıt Məhkəmə Kompleksində keçirilir. Bu iş üzrə məhkəmə istintaqı bir neçə ay əvvəl tamamlanıb, prokuror təqsirləndirilən şəxslərə 8 il 6 aydan 12 il 6 aya qədər azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib.

“Xainlik həqiqətən olub, xainlər düzgün müəyyənləşdirilməyib”
Bizimyol.info xəbər verir ki, budəfəki məhkəmə iclasında general da daxil olmaqla, təqsirləndirilən şəxslər son sözlərini deyiblər.

Bəkir Orucov bildirib ki, 2017-ci ildə həqiqətən xəyanət olmuşdu. Lakin xainlərin kimliyi düzgün müəyyənləşdirilməmişdi: “Xainlik həqiqətən olub. Sadəcə, kimlərin xəyanət etdiyi düzgün müəyyənləşdirilməmişdi. Xainlərin kimliyi nə vaxtsa üzə çıxacaq”.

Bəkir Orucov deyir ki, işgəncə nəticəsində vəfat edən Adil Sabirlinin ölümü barədə dərhal korpus komandiri Mais Bərxudarova məlumat verilib. O isə bu hadisələri qoyub, bir gün sonra məzuniyyət götürərək, Türkiyəyə gedib: “Adil Sabirli mayın 6-dan 7-nə keçən gecə vəfat edib. Mən qərargah rəisi olaraq, korpus komandirinə məlumat vermişəm. Mənə bildirdi ki, özüm nazirə məlumat verəcəm. O, mayın 7-də səhər nazirlikdə qəbulda olub. Çıxandan sonra mənə zəng eləyib dedi ki, “özüm məruzə elədim, sən heç kimə heç nə demə. Özümə məzuniyyət üçün icazə də aldım”. Ayın 8-dən də məzuniyyət götürüb gedib. Nə korpus komandiri, nə nazirlikdən heç kim bu hadisə barədə məndən heç nə soruşmadı. Mənim günahım vardısa, niyə cəzalandırmadılar?”

Təqsirləndirilən general Müdafiə naziri Zakir Həsənovu ittiham edib. O bildirib ki, Müdafiə Nazirliyi sistemində dəhşətli cinayətlər baş verir, amma Zakir Həsənov bunların heç birinə görə məsuliyyət daşımır: “Müdafiə Nazirliyində 140 milyonluq yeyinti aşkarlanır, nazir deyir ki, xəbərim yoxdur. Satınalmalarda korrupsiya üzə çıxır, deyir ki, xəbərim yoxdur. Tərtər hadisələrindən xəbəri yoxdur. Bəs nədən xəbəri var? Başqalarından fərqli olaraq, biz elə-belə general olmamışıq. Mən səgərlərimlə səngərlərdə yatmışam”.

“Bu qədər oyunbazlıq olmaz”

Bəkir Orucov xatırladıb ki, 2017-ci ildə dövlətə xəyanət məsələsilə əlaqədar 4 böyük dövlət orqanının – Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Baş Prokurorluq və Müdafiə Nazirliyinin birgə bəyanatı olmuşdu. O hadisələr zamanı çoxsaylı hərbçilər dövlətə xəyanət ittihamıyla həbs olunsalar da, 2022-ci ildə 19 nəfərə bəraət verilərək, azadlığa buraxıldı: “Heç kim üzr istəmədi ki, səhv eləmişik. İndi Bizi zəif bənd kimi atıblar ortaya. Təhqiqatçıları tutublar. Təhqiqatçı kim idi ki, korpus komandirinin göstərişi, icazəsi olmadan o korpusa girsin? Heç nazirliyin Hüquq İdarəsinin rəisi Rauf Kişiyev icazə olmadan gəlib orada kimisə həbs eləyə bilməzdi. Korpus komandiri Bərxudarov belə zəif idi ki, mən ona tabe ola-ola onu idarə eləmişəm? Müdafiə nazirinin, Baş Qərargah rəisinin, korpus komandirinin səhvlərinə görə mən biyə cəzalandırılmalıyam?”

Generalın sözlərinə görə, ona qarşı ittihamda “yuxarı komandanlıq tərəfindən mütəşəkkil dəstəyə cəlb olunduğu” yazılıb. Lakin yuxarı komandanlığın kimlərdən ibarət olduğu açıqlanmır: “Açıqlayın, mən də ailəm də bilsin ki, məni mütəşəkkil dəstəyə kim cəlb edib. Mən hələ o zaman deyirdim ki, xainlik məsələsinin araşdırılmasıyla DTX, Hərbi Əks-Kəşfiyyat məşğul olmalıdır. Mənim həbsimdən sonra camaatın gözündən pərdə asmaq üçün məlumat yayıblar ki, “Tərtər hadisələrinə görə general həbs olundu”. Mən Tərtər hadisələrinə görə həbs olunmuşam? Bu qədər oyunbazlıq olmaz. Bu işə cənab prezident son qoymalıdır. Yuxarı rəhbərlik cəzasını almalıdır, bu hadisələrlə bağlı milli barışıq olmalıdır”.

Qurbanlıq seçildiyini vurğulayan general məhkəmədən ədalətli nəticə gözləmədiyini də dilə gətirib: “Bilirəm ki, danışmaqla heç nəyi dəyişə bilməyəcəm. Bəllidir ki, mən niyə buradayam. Xainlər siyahısını kim tərtib eləyib nazirliyə göndərmişdi? O adamları işgəncə vermək üçün kim yığmışdı? Kim buna göstəriş vermişdi. Mais Bərxudarovun göstərişiylə adamları yığan Elşad Əbilov olub. Hardadır indi o? Ulu öndər deyirdi ki, dövlət iki şeydən sarsılar: cinayətkar cəzasız qalanda və günahsız cəza alanda. Bunu nəzərə almağınızı istəyirəm…”

“Nəcməddin Sadıxovun zəhləsi gedən adamlardan biri mən olmuşam”

Təqsirləndirilən şəxslərdən Müdafiə Nazirliyinin Hüquq İdarəsinin təhqiqatçısı İntiqam Məmmədov da məhkəmədə son sözündə bəraət istəyib. O bildirib ki, korpus komandiri Mais Bərxudarov nazirliyə siyahı göndərmişdi. Orada adları çəkilən şəxslərin düşmənlə əməkdaşlıqda şübhəli bilindiyi iddia olunurdu. Onu da bu üzdən Beyləqan hadisələri ərəfəsində ora ezam eləmişdilər: “Mais Bərxudarov kənarda qalıb, mənə ittiham veriblər ki, guya ora düşmənlə əməkdaşlıqda şübhəli bilinənləri müəyyənləşdirməyə getmişəm. Yazıblar ki, guya mən kimlərisə vəzifədən əsassız və qanunsuz həbs eləmişəm. Əmri verən Baş Qərargah rəisi Nəcməddin Sadıxov, korpus komandiri Mais Bərxudarov. Mən Nəcməddin Sadıxova, Mais Bərxudarova göstəriş verə bilərdim ki, filankəsi işdən çıxar? Bu qədər yalan olmaz axı…”

İntiqam Məmmədovun sözlərinə görə, Beyləqanda olduğu müddətdə orada 6 nəfər təhqiqatçı olub. Onlardan 5 nəfəri onun əleyhinə ifadə verdiklərinə görə məsuliyyətdən kənarda saxlanılıb. Bir nəfər – Rahib Məmmədov isə əleyhinə ifadə vermədiyinə görə həbs edilib: “Rahib Məmmədov orada cəmi 15 dəqiqə olub. Ona görə adamı həbs eləyiblər, nə var ki, mənim üzümə dayanmadı. Amma əsas canfəşanlıq eləyənlər, Xanlar Vəliyevin göstərişlərini yerinə yetirənlərin vəzifəsi yüksəldilib”.

İntiqam Məmmədov deyir ki, o vaxt Baş Qərargah rəisi Nəcməddin Sadıxovla münasibətləri gərgin olub. Onun sözlərinə görə, belə gərginlik üzündən əsassız cəzalandırıldığı hallar da olub: “Nəcməddin Sadıxovun ən zəhləsi gedən adamlardan biri mən olmuşam. Çarəsi olsaydı, başımı kəsərdi. Mən nazirlikdən əvvəl Beyləqanda təhqiqatçı işləmişəm. O dövrdə ön xətdə mina partlamışdı. Buna görə təhqiqatçı neyləsin? Məni iclasdan qovdu”.

Beyləqan korpusunda təhqiqatçı olmuş Rahib Məmmədov da son sözündə bəraət istəyib. O bildirib ki, Beyləqan hadisələri vaxtı hərbçilərdən izahat alınmasında cəmi 15 dəqiqə iştirak edib.

“Mən Yazıçılar Birliyinin üzvüyəm. 3 roman, 9 şeir kitabım var. Həm qələmimlə, həm də zabit kimi bu xalqa xidmət etmişəm. Mən şərəfimi satmadığıma görə cəzalandırılmışam. Belə çıxır ki, davam edir 37… Mən şərafət dustağıyam. Amma qalib ordunun məğlub zabiti olmaq istəmirəm”, – Rahib Məmmədov bildirib.

Korpusda təlimatçı olmuş Ülvi Rəşidov da son sözündə bəraət istəyib. O bildirib ki, Adil Sabirlinin ölümünə aidiyyəti yoxdur.

Snayper bölüyünün komandiri Ziya Kazımovun məhkəmədə vəziyyəti pisləşib, təcili yardım gəlib. Bu səbəbdən o, son sözünü deyə bilməyib.

Məhkəmə prosesi dekabrın 28-nə qədər təxirə salınıb.

Prokuror təqsirləndirilən şəxslərdən general Bəkir Orucov və Ziya Kazımovun hər birinə 12 il 6 ay, Ülvi Rəşidov və İntiqam Məmmədova 10 il 6 ay, Rahib Məmmədova isə 8 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib.

Aytən, Bizimyol.info

Bənzər yazılar

Back to top button