Siyasət

Aİ-Ermənistan-ABŞ görüşü regionun taleyinə necə təsir edə bilər? (ŞƏRH)

“Qərb işğalçı ölkəni yenidən ayağa qaldırmaq istəyir ki, bu da yeni qarşıdurma, yeni təxribatlar, yeni müharibə deməkdir”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Azərbaycan XİN-in aprelin 5-də Brüsseldə keçiriləcək Avropa İttifaqı-Ermənistan-ABŞ-ın müştərək konfransı ilə bağlı verdiyi bəyanatı şərh edərkən deyib.

Natiq Miri vurğulayıb ki, aprelin 5-də olacaq ABŞ-Aİ-Ermənistan görüşü haqlı olaraq Azərbaycan dövlətinin narahatlığına səbəb olub:

“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmadan müharibənin bitməsi fikri yanlışdır. Ermənistan işğalçı tərəfdir. Qlobal güclər olan ABŞ və Aİ-nin işğalçı tərəfə hər sahə üzrə təhlükəsizlik təminatı verməsi sülh prosesinə töhfə deyil. Əksinə, bu yeni qarşıdurmanı stimullaşdırmaq deməkdir. Çünki Fransa Ermənistanın hərbləşdirilməsi prosesinə başlayıb ki, bu da regionda ciddi bir koalisiyanın yaradılmasına işarədir. Bir tərəfdə Hindistan və Fransanın Ermənistanı silahlandırması, Hindistan üzərindən İrəvana hava dəhlizinin yaradılması ilə paralel Paris həmin prsesə Yunanıstanı da cəlb edir. Afina ilə İrəvan arasında hərbi əməkdaşlıq sazişi imzalanır. Aİ-nın Sülh Fondu vasitəsilə də Ermənistana silah təchizatı nəzərdə tutulur”.

Həmsöhbətimiz qeyd edib ki, bütün bunlar Ermənistanın sürətlə hərbiləşdirilməsi anlamına gəlir və bu da öz növbəsində yeni qarşıdurmanı tətikləyir:

“Eyni zamanda, Ermənistanda Aİ-nin genişləndirilmiş mülki missiyası fəaliyyət göstərir ki, onun da işi anti-Azərbaycan fəaliyyəti və kəşfiyyat məlumatlarını Qərbə ötürməkdən ibarətdir. Yəni, onlar da Azərbaycan əleyhinə yönəlik cəsus şəbəkəsinə çevriliblər. Bütün bunlar da haqlı olaraq Azərbaycanın narahatlığına səbəb olur. Onlara paralel olaraq ABŞ və Aİ-nin aprelin 5-də Ermənistanla görüşü birtərəfli qaydada işğalçı ölkəyə yardım etmək və onu növbəti qarşıdurmalara cəsarətləndirmək deməkdir. Ermənistan işğalçı ölkədir. İndiyədək baş vermiş bütün müharibələrin səbəbi Ermənistanın Azərbaycanın 20 faiz torpaqlarını işğal etməsilə başlayıb. Bunu unudan Qərb işğalçı ölkəni yenidən ayağa qaldırmaq istəyir. Bu da yeni qarşıdurma, yeni təxribatlar, yeni müharibə deməkdir. Ona görə də Azərbaycan bununla bağlı bəyanat verib və gələcək perspektivdə hansısa hərbi nəticələr olacaqsa, onun məsuliyyəti həm Ermənistan, həm də onu dəstəkləyən güc mərkəzlərinin boynuna düşəcək”.

Qeyd edək ki, Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin 5 aprel 2024-cü il tarixində Brüsseldə keçiriləcək Aİ-Ermənistan-ABŞ müştərək konfransı ilə bağlı açıqlaması yayılıb. XİN sözçüsü vurğulayıb ki, Avropa İttifaqı və ABŞ tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır və ikili standart yanaşmasına əsaslanır:

“Sözügedən konfrans tam şəffaf şəkildə keçirilmir, regional inklüzivlikdən məhrumdur və regionda təşviq edilən və çox ehtiyac duyulan etimad quruculuğuna və inteqrasiyaya ziddir. Bu konfrans, erməni tərəfini xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə, regionda yeni bölücü xətlər və dırnaqarası təsir dairələri yaradır”.

Bənzər yazılar

Back to top button