AnalitikaManşetÖnə çıxanlarSiyasət

VAŞİNTON VƏ MOSKVA ANKARADAN NƏ TƏLƏB EDİRLƏR?

NATO Qara dənizdə hərbi gəmilərinin sayını artırmaq istəyir. NATO-nun məqsədi Ukrayna hərbi gəmilərinin Kerç boğazından rahat istifadəsini təmin etməkdir. Rusiya bunun əleyhinədir. Rusiya Krımı ilhaq etdikdən sonra Kerç boğazında körpü tikdi. Bu körpü istifadəyə verildikdən sonra Rusiya Ukrayna gəmilərinin bu boğazdan istifadəsini məhdudlaşdırır. Halbuki, Ukrayna gəmilərinin Azov dənizindən istifadəsi beynəlxalq dəniz hüququna görə məhdudlaşdırılmamalıdır.

Əgər hərbi gəmilərinin körpünün altından keçməsinə görə Ukrayna Rusiyadan icazə alsa onda Ukrayna həmin körpünün və Krımım ilhaqının qanuniliyini tanımış olacaq. Kiyev buna getməz. Rusiya NATO-nun Qara dənizdəki planlarına Türkiyə vasitəsilə mane olmaq istəyir. 1936-cı ildə imzalanan Montro sazişinə görə gəmilərin Bosfor və Dardanel boğzlarından keçərək Qara dənizə daxil olmaq hüququ var. Ancaq hərbi gəmilər üçün məhdudiyyət var. Qara dənizə aidiyyatı olmayan ölkələrin hərbi gəmilərinin boğazlardan keçərək Qara dənizə keçidlərinə məhdudiyyət qoyula bilər, Qara dənizə daxil olanlar üçün isə 21 gün vaxt verilir. Ancaq bu imkan Türkiyənin əlindədir, çünki boğazlara Türkiyə nəzarət edir. Rusiya istəyir ki, Türkiyə NATO və ABŞ hərbi gəmilərinin boğazlardan keçişinə məhdudiyyət qoysun.

Böyük dövlətlər Türkiyəni yenə çətin seçimə sürükləyirlər. Onsuz da Vaşinqton və NATO rəhbərliyi Türkiyəni hədələyir ki, Ankara Rusiyadan C-400 raketləri alsa, Türkiyənin Şimali Atlantika Blokunda üzvlüyünə yenidən baxıla bilər. ABŞ-ın vitse-prezidenti Mayk Pens hətta deyir ki, Türkiyə seçim etməlidir: Ankara ya ABŞ-la əməkdaşlığın davamını, ya da Rusiyanın C-400 raketlərini seçməlidir.

Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan təzyiq altında qərarlarını dəyişdirmir. Aydındır ki, Ankara ABŞ və NATO-nun istəyi ilə Rusiya ilə hərbi əməkdaşlıqdan və C-400 raketlərindən imtina etməyəcək. Bu taketlər Türkiyənin təhlükəsizliyi üçün vacibdir. Vaxtilə Qərb ölkələri Türkiyəyə oxşar raketləri satmadılar. Ona görə də Ankara Moskva ilə razılaşdı. Ankara C-400 raketlərindən imtina etsə Rusiya ilə münasibətləri yenidən soyuyacaq. Bu isə Türkiyənin hazırki maraqlarına cavab vermir.

Belə vəziyyətdə Moskva da bir tərəfdən Ankara mesaj göndərir: “NATO və ABŞ hərbi gəmilərini Qara dənizə buraxma!” Ankara Vaşinqtonun təzyiqləri ilə hesablaşmadığı kimi Moskvanın da yumşaq təzyiqi ilə hesablaşmaya bilər. NATO-nun Qara dənizdə fəallığı Türkiyənin maraqlarının əleyhinə yönəlməyib. Əksinə, Ankara Moskva ilə əməkdaşlığına rəğmən, Ukrayna və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir, bu iki ölkənin NATO üzvlüyünün əleyhinə deyil.

“Atlas” Araşdırmalar Mərkəzi

Bənzər yazılar

Back to top button