GündəmManşetSiyasət

XİN: Paşinyanın “inaqurasiya”da iştirakı Ermənistanın ilhaqçı siyasətinin təsdiqidir

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində işğalçı Ermənistanın təşkil etdiyi qeyri-qanuni “seçkilər”in və qondarma “andiçmə” şousunun təşkili Ermənistanın ilhaqçı siyasətinin növbəti bariz nümayişidir. Bu barədə Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejimin yeni rəhbərinin “inauqurasiya” mərasimində Ermənistanın baş nazirinin iştirakı ilə bağlı Azərbaycan XİN mətbuat xidmətinin bəyanatında deyilir.

“Azərbaycan Respublikasının Konstitusiyası, həmçinin beynəlxalq hüququn norma və prinsiplərinə ziddiyyət təşkil edən və müvafiq olaraq, beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə rədd edilən qondarma “seçkilərin” nəticələrinin hər hansı bir hüquqi qüvvəsi yoxdur və ola da bilməz”, – Azərbaycan XİN-in bəyanatında vurğulanır.

Azərbaycan xalqının tarixi-mədəni irsində xüsusi əhəmiyyəti olan Şuşa şəhərində “andiçmə” adı altında təşkil edilən bu təxribatda təcavüzkar Ermənistanın baş nazirinin iştirakı, özünü “demokrat” kimi təqdim edən birinin demokratiya anlayışına qara ləkə sürməsindən başqa bir şey deyil.

“Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının hərbi işğalının davam etdiyi və Dağlıq Qarabağın azərbaycanlı əhalisinin zor gücünə didərgin salınaraq seçki hüquqlarından məhrum edildiyi bir şəraitdə hər hansı “seçki” və ya “andiçmə”dən danışmaq hüquqa zidd olduğu qədər, heç bir sağlam məntiqə sığmır və beləliklə də hamılıqla pislənir və rədd edilir”, – bəyanatda deyilir.

Müharibə hələ bitməyib və Azərbaycan beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün bərpasını bütün mümkün vasitələrlə təmin etmək hüququna malikdir. Ermənistan rəhbərliyinin bu kimi təxribatçı fəaliyyəti münaqişənin sülh yolu ilə həlli cəhdlərini demək olar ki, heçə endirməklə, bölgədə gələcək hərbi qarşıdurmanın və gərginliyin artmasına xidmət edir.

“İşğal olunmuş ərazilərin işğaldan azad olunacağına, beynəlxalq tanınmış sərhədləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağına və məcburi köçkünlərin fundamental hüquqlarının təmin ediləcəyinə heç kimin şübhəsi olmasın”, – Azərbaycan XİN-in bəyanatında bildirilir. (Turan)

Bənzər yazılar

Back to top button