Dünya

Vilnüs sammiti: Bayden bütün dünyada demokratik dəyərlərin qorunmasının vacibliyindən danışacaq

Ağ Evin Avropa işləri üzrə yüksək vəzifəli məmuru və ABŞ-ın NATO-dakı səfiri əmin olduqlarını bildiriblər ki, NATO-nun Vilnüsdə keçiriləcək sammiti Ukraynanı Alyansa yaxınlaşdırmaq üçün səylərini birləşdirəcək ki, bu da 2008-ci ilin Buxarest qeyri-müəyyənliyini aradan qaldıracaq, Turan-ın Vaşinqton müxbiri bildirib.

Milli Təhlükəsizlik Şurasından Amanda Slout və ABŞ-ın NATO-dakı daimi nümayəndəsi, səfir Julianna Smit prezident Baydenin Litva paytaxtına NATO sammitinə səfərini anons etmək üçün Dövlət Departamentinin Brüssel Media Mərkəzinin təşkil etdiyi mətbuat brifinqində virtual iştirak ediblər. Bayden Vilnüsdən öncə Londonda olacaq, səfər isə Finlandiyanın NATO-ya daxil olmasını alqışlamaq üçün Helsinkiyə gedişlə başa çatacaq.

“Bu, şübhəsiz ki, çox vacib tarixi anda tarixi sammit olacaq”, – Slout NATO sammiti haqda deyib. Onun sözlərinə görə, müttəfiqlər “Qərbin birliyini məhv etməklə bağlı prezident Putinin gözləntilərini təkzib etməkdən çəkinməyən Ukraynanı dəstəkləməkdə dəyişməz birlik və qətiyyət nümayiş etdirəcəklər.” “Və biz hesab edirik ki, Şimali Atlantika ittifaqı hər zamankindən daha güclü və birləşmiş olaraq qalır”, – o qeyd edib.

Sammitdən sonra Bayden Vilnüsdə Ukraynaya dəstəyin və bütün dünyada demokratik dəyərlərin qorunmasının vacibliyi barədə böyük nitqlə çıxış edəcək, Slout bildirib.

Turan-ın müxbirinin “Bayden türkiyəli həmkarını İsveçin üzvlüyünə razı salmaq üçün onunla görüş planlaşdırırmı və bu mövzuda “küləyin hansı istiqamətdə əsdiyini demək olarmı” sualının cavabında Slout Vaşinqtonun mövqeyini qeyd edib. Bu mövqeyə görə, İsveç “güclü, döyüş qabiliyyətinə və demokratiyaya” malik ölkədir və Vaşinqton hesab edir ki, “NATO-ya qoşulmağa hazırdır”.

Onun sözlərinə görə, bu həftənin əvvəlində Baydenin İsveçin baş nazirilə yaxşı görüşü olub və bunu orada da bildirib. “Şübhəsiz ki, bu mövqeyi türkiyəli həmkarlarımıza da izah etməyə davam etdik”,- Slout deyib.

Ukraynanın NATO-ya müraciətinə gəlincə, səfir Julianna Smith Turan-ın sualını cavablandırarkən qeyd edib ki, gələn həftə Kiyev “həm hərbi modernləşdirilmə, həm də operativ uyğunluq kimi məsələlərdə uzunmüddətli praktik yardım baxımından konkret nəticələr paketi” gözləyə bilər.

“Düşünürəm ki, prezident Zelenski sammitə gəlmək qərarı verərsə, amma gələcək, özü bu barədə deyib, yaxşı qarşılanacaq, Ukraynanın Alyans ilə münasibətlərinə qəti dəstəyi görəcək və Şimali Atlantika ittifaqı tərəfindən Ukraynanın qarşısına qoyulan uzunmüddətli öhdəliklərə işarə edən konkret nəticələrin bütöv kolleksiyanın onun əlində olduğunu görəcək”, – Smit deyib.

Vilnüs sammitinin kommünekisində Ukraynanın hərbi ittifaqa üzv olmaq istəyinə cavab veriləcək və 2008-ci il Buxarest sammitinin bəyannaməsindən fərqli olacaq. Həmin bəyannamədə deyilirdi ki, “bir gün Ukrayna NATO-ya üzv olacaq”. “Bu, təkcə Buxarestin təkrarı olmayacaq, bu, bizim 2008-ci ildə dediyimiz kimi görünməyəcək”,- Smit əlavə edib. O işarə edib ki, bu dəfə NATO Ukraynanın NATO üzrə səylərini dəstəkləməkdə daha da irəliləyəcək.

Turan ABŞ-ın rəsmi şəxslərindən Gürcüstanın NATO üzrə səylərini, həmçinin bu ölkənin baş nazirinin sammitdə iştirakdan imtina etməsinin Vaşinqton və Brüssel tərəfdən hər hansı siyasi reaksiya tələb edib-etməməsilə bağlı məsələni şərh etməyi xahiş edib. Bununla əlaqədar Smit deyib ki, “Alyansın Gürcüstana baxışı” nöqteyi-nəzərindən “geriyə yol görmür”.

“Aydındır ki, biz Gürcüstanı dəstəkləməyə davam edirik. Rusiyanın 2008-ci ildə etdiklərini və Rusiyanın hələ də Gürcüstan ərazisinin təxminən 20 faizini işğal etməsi faktını pisləməyə davam edirik. Onlar tam suverenliyə can atdıqları və öz ərazi bütövlüyünü qoruduqları üçün onları dəstəkləməyə davam edəcəyik”, – o deyib.

Bənzər yazılar

Back to top button