Bizim seçimDünyaGündəmSiyasət

Ermənilər Rusiyada Sumqayıt hadisələrindən yazan jurnalistləri cəzalandırdı

30 il susduq, bəsdir!

Bu yaxınlarda jurnalist Lev Askerovun Sumqayıt hadisələri ilə bağlı Rusiyanın “Nezavisimaya Gazeta”sında böyük ifşaedici yazısı dərc olunmuşdu. Dərc olunandan dərhal sonra yazı o qədər rezonans doğurdu ki, ermənilər bütün resurslarını işə salaraq qəzet redaksiyasına hücuma keçdilər və bir gün sonra yazının saytdan çıxarılmasına nail oldular. Bu azmış kimi Ermənistanın Rusiyadakı səfirliyi qəzetin redaksiyasını məhkəməyə verərək “Nezavisimaya Qazeta”nın bağlanmasını tələb etdi. Qeyd edim ki, bu təzyiq prosesinə Ermənistan hakimiyyəti, Rusiya hakimiyyətində yer alan erməni əsilli məmurlar, onların Rusiyadakı diasporaları aktiv şəkildə qoşulublar.

Bu gün isə erməni mediasının verdiyi məlumata görə, “Nezavisimaya Qazeta”nın baş redaktorunun müavinləri Andrey Riskin və Arkadi Xantseviç işlərindən azad olunublar. Baş redaktorun müavinləri haqqında qəzetin saytında olan məlumatlar, işçilərin siyahısından onların adları çıxarılıb. İşdən çıxarılmalarına səbəb isə Lev Askerovun Sumqayıt hadisələrini əks etdirən məqaləsi olub. Qeyd edim ki, məqalədə müəllifi olduğum “Sumqayıt – SSRİ-nin süqutunun başlanğıcı” kitabından da bir sıra çıxarışlar yer almışdı.

Bu bir daha onu göstərir ki, ermənilər Sumqayıt hadisələrində baş vermiş həqiqətlərin, ifşaedici faktların ictimailəşməsindən isterik formada qorxurlar və aciz qaldıqları üçün bu məlumatların qarşısını almaq məqsədilə bütün güclərini işə qoşurlar. Buradan bir daha Rusiyada yaşayan nüfuzlu Azərbaycanlılara, Azərbaycanda səlahiyyət sahiblərinə, ictimai-siyasi, elm-incəsənət xadimlərinə, bir sözlə bu işdə yardım edə biləcək hər kəsə müraciət edirəm, 30 il susduq, bəsdir! 30 ildir ermənilər dünyaya yalanları tirajlayaraq bizi vəhşi, ksenofob xalq kimi təqdim edirlər. Təcili bütün gücümüzü səfərbər edib ermənilərin bu isterik reaksiyasına cavab verməli, “Nezavisimaya Qazeta”ya dəstəyimizi ifadə etməli, onları qorumalı və Sumqayıt hadisələrinin ifşaedici faktlarını maksimum ictimailəşdirməliyik. Bu işdə şəxsimə düşən bütün köməkliyi göstərməyə hazıram. Əks halda bu dəfə də məğlub, informasiya müharibəsini itirmiş tərəf Biz olacayıq.

Aslan Ismayılov

Yazı müəllifin “Facebook” səhifəsindən götürülüb.

AzToday.az

Bənzər yazılar

Back to top button