Bizim seçimİqtisadiyyatSiyasət

Akula…

YAP-ın funksionerləri, xüsusən də, icra başçılarından bəziləri var ki, xalq arasında onlara “ Akula “ deyirlər. Bu ifadə o şəxslərə şamil edilir ki, onların iştahasının sərhəddləri bilinmir, yəni, 50 manatlıq işə 5 min manat qiymət oxuyurlar. Bu gün Sumqayıt şəhərini şumlayan Z.Fərəcov da fəhlə şəhərinin iş adamları tərəfindən bu titula layiq görülüb. Vaxtilə çoxları kimi biz də ümid edirdik ki, 2015-ci ildə Z.Fərəcov Sumqayıt şəhərinə icra başçısı gələndən sonra hər şey yaxşı olacaq, yeni iş yerləri açılacaq , zavodlar,fabriklər işləyəcək,işsizlikdən əziyyət çəkən əhali iş taparaq ailəsini dolandırmağa imkanları olacaq. Təəssüf ki, bu belə olmadı. Doğrudur, şəhərin girişi və əsas küçələr xeyli abadlaşdırıldı, dəniz kənarında yeni bulvar salındı, plansız da olsa hündürmərtəbəli binaların tikintisi sürətləndi, amma, nəyin hesabına? Bəli, inanılmaz olsa da, bu bir faktdır ki, son üç ildə Z.Fərəcov bu gənclik şəhərinin inkişafı üçün prezidentin ehtiyat fondundan nə az,nə çox- düz 50 milyon manatdan çox vəsait aldı. Sumqayıtlılar haqlı olaraq deyirlər ki, bu pula yeni və gözəl bir şəhər də salmaq olardı. Bu pullar Z.Fərəcovu doydura bildimi? Əsla yox! Bu azmış kimi, 2-3 qat ondan artıq pul da müdafiəsiz sahibkarlardan zorla alındı. Siyahısı başçının masası üstündə olan bədbəxt sahibkarın dərisi soyuldu , bir neçə dəfə bu proses davam etdi , indi də davam etməkdədir.

Göyərçin balası…

Bir göyərçin ağacda yuva salır, yumurtayır, hər il də bala çıxarırmış. Balalar yumurtadan çıxandan sonra adətkar olmuş bir tülkü peyda olur, göyərçini balasını aşağı atmayacağı təqdirdə ağacı kəsəcəyi ilə hədələyir, beləliklə də, hər il balaları bir- bir alıb yeyir. İndi bu rəvayətin misalı olmasın, Sumqayıt şəhərinə yeni icra başçı gələndə ilk növbədə “ “Cavid” ticarət mərkəzinə “ ilişir”, külli miqdarda pul verilmədiyi təqdirdə oranı dağıdıb Bayraq Meydanı tikəcəyi ilə hədələyir. Bu metoddan vaxtilə tort ustası, keçmiş icra başçısı E.Əzizov da istifadə etmiş, indi Z.Fərəcov da istifadə edir. Babalı deyənlərin boynuna, “Cavid “ticarət mərkəzinin salamat qalması üçün nə az,nə çox- 4 milyon manat tərləmək lazım gəlmişdir…

İştah diş altındadır

Z.Fərəcov sahibkarların dərisinin soyulmasının yollarını, üsullarını çox gözəl bilir və bu gün də hər vasitə ilə taleyin ümidinə buraxılmış sahibkarları soymaqda davam edir. “Şəhərə yardım” adı ilə sahibkarlardan qoparılan pullar gələn gəlirlərlə kifayətlənsə idi, nə var idi ki? Bu soyğunçuluq keçmişdə qanuni tikilmiş şəxsi mülklərə də , bir vaxtlar böyük məbləğdə pul ödənmiş bütün obyektlərə, mülklərə də şamil edilir. Azərbaycan Konstitusiyası ilə şəxsi mülk toxunulmaz olduğu halda, icra başçıları pul xatirinə millətin mülklərini,obyektlərini yerlə bərabər edirlər. Mülk sahibləri hətta məhkəməyə müraciət etsələr belə, faydası olmur, çünki, indi elə bir sistem formalaşıb ki, rayon,şəhər polis rəisləri, hakimlər,prokurorlar icra başçısına tabe edilmişdir və heç vaxt icra başçılarının iradələrinin ziddinə getməyə cəsarət etməzlər.

Başçının qoçuları

Hər yerdə,o cümlədən, Sumqayıt şəhərində polis daim Z.Fərəcovun qulluğunda müntəzirdir.Onun bir sözü iki ola bilməz, tapşırıqları dərhal icra olunmalıdır. Şəhərin baş planına yox, Z.Fərəcovun şəxsi planına uyğun olaraq şəhərin uzun müddət fəaliyyət göstərən uşaq bağçaları, təhsil ocaqları sökülərək yerində daha güclü pul gətirən binalar tikilir, etiraz edən şəxslər isə polis bölmələrinə aparılır, onlara olmazın,ağır işgəncələr verilir.Dənizkənarı bulvarın torpaqları isə yüksək mərtəbəli yaşayış binaları tikmək üçün iş adamlarına yüksək pula satılmışdır.

Açılmamış klinika.

Vaxtilə Sumqayıt şəhərinin girəcəyində müasir tipli obyekt tikilmişdi, özəl klinika olmalı idi. Təəssüf ki, Z.Fərəcovun iti iştahası buna imkan vermədi. Əvvəlcə, mülk sahibindən 500 min manat “şirinlik” istənildi. Mülk sahibi bu böyük və qanunsuz saray “vergisi “ni vermək istəməyəndə də əl çəkmədilər. 400,300, 200 min manata qədər endilər,bu pul da verilməyəndə çıxarışı olan şəxsi mülkü ağır texnika ilə yerlə yeksan etdilər.

Karamel fabrikinin aqibəti

Yenə Sumqayıt şəhərinin girəcəyində gürcüstanlı iş adamları tərəfindən dəyəri 500 min manat olan karamel fabriki tikilmişdi. Fəaliyyətə başlaması üçün Z.Fərəcovun dövlət mundiri geymiş qoçularına 200 min manat xərac vermək tələb edildi. Tələb yerinə yetirilmədiyinə görə bu şəxsi mülk də darmadağın edildi, bununla da yazıq sahibkara misli görünməmiş divan tutuldu..

Xərac… Mətbuatın da yazdığı kimi, hazırda Sumqayıt şəhərində bütün gəlirli işlər, habelə tender və digər pullu məsələlər hamısı icra başçısının qudası A.Zeynalova həvalə edilib. Belə ki, A.Zeynalov birmənalı olaraq bütün sahibkarlara, dövlət müəssisəsinin rəhbərlərinə bəlli bir məbləğ müəyyənləşdirib və həmin pulları toplamaq, sərf etmək,təyinatı üzrə xərcləmək artıq onun vəzifəsidir. Abşeronda olduğu kimi, Sumqayıt şəhərində də hər yerə,obyektə aylıq haqq qoyulub. Ya,verməlisən,ya da iynəni yaxana taxıb şəhərdən çıxıb getməlisən. Əgər, yadınızdadırsa, hətta, bu ilin aprelində tələsik keçirilən prezident seçkilərində də məktəblərə haqq qoyulmuşdu. O vaxt mətbuatın yazdığına əsasən, nə az,nə çox- hər məktəbdən 500 min manat yığılası tapşırığı verilmişdi ! Bu dəhşətli məlumat mətbuatda geniş işıqlandırılsa da, heç bir rəsmi təkzib verilmədi. Zorxana qoçuları bu pullar müəllimlərdən,hətta, valideyinlərdən alınmalı idi. Kimin “duxu” nədir, deyilən pulu verməsin? Təhsil müəssisələri, səhiyyə təşkilatları da qoyulmuş qaydadan heç cür kənara çıxa bilməzlər. Mən Sumqayıtda hansı “toçka”ya nə qədər xərac qoyulduğunu deyib belə şeylərlə vaxtınızı çox almaq istəmirəm.Təkcə bir doğum evinə ayda 20 min manat “xərac” qoyulursa, başqa faktlara ehtiyac varmı? Bir sözlə, bu gün YAP hakimiyyəti bütün sadalanan və sadalanmayan ağır cinayətləri görür və lazımı ölçü götürmürsə, deməli, bu dəhşətli cinayətlər birbaşa yuxarıdan qaynaqlanır və dövlət səviiiəsində idarə olunur.

Göz yaşları ilə salınmiş park…

Bu gün Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Z.Fərəcovun fəxr etdiyi çox şey varsa, biri də dəniz sahilində salınmış bulvardır, tikilən çoxmərtəbəli hündür binalardır . Əlbəttə, qısa bir zamanda tikilmiş bu parkı alqışlamaq olardı, əgər, bu park göz yaşları ilə tikilməsəydi. Bəli, sözün bütün mənasında yazıq sahibkarların nələri vardısa aldadılaraq parkın tikintisinnə qoyuldu, prezident parkın təmtəraqla açılışını etdi, alqışlar səsləndi, lakin, sahibkarların qazancı o tərəfə , heç mallarının pulu ödənilmədi, bu gün də ödənilməyib. Bu, çoxdan harama öyrəşmiş Z.Fərəcov üçün adi hal idi və pulları ödəməmək üçün müxtəlif yollar fikirləşdi və tapdı.

Bulvardan…zindana.

Qeyd etdiyimiz kimi, Sumqayıt şəhərində, dənizin kənarında qısa müddətdə gözəl bir bulvar salınmışdır.Həmin bulvarın salınması, abadlıq işlərinin görülməsi Müqayis Verdiyev adlı iş adamına tapşırılır. İcra başçısı Z.Fərəcov M.Verdiyevə müxtəlif vədlər verərək əlindən gələni etməyi, qısa zamanda bulvarın salınmasını, abadlaşdırılmasını tapşırdı. Bu işlərin qısa vaxt ərzində və keyfiyyətli görülməsi müqabilində iş adamına ev, torpaq sahəsi, maşınnələr ,daha nələr vəd edildi. M.Verdiyev də icra başçısının vədlərinə inanaraq digər sahibkarları bu işə cəlb etdi,onlardan çoxlu miqdarda xammal, material aldı.Görülən işlər üçün ümumilikdə 12 milyon manata yaxın pul vəsaiti sərf olundu. Sumqayıt şəhər icra hakimiyyəti iş icraçısına əvvəlcə 4 milyon manata yaxın vəsait versə də, sonradan qalan 8 milyon manatı verməkdən imtina etdi.Zəhmət haqqını tələb edən iş icraçısı M.Verdiyev əvvəlcə şifahi xəbərdar edildi, tələbindən geri çəkilməyəndə isə…həbs edildi. Beləliklə də, iş adamlarının halal pulları ilə dənizkənarı bulvar düzüb qoşan Z.Fərəcov 11 dərəcəli “Vətənə xidmətə görə” medalı ilə təltif edildi, zəhmətinin haqqını tələb edən M.Verdiyev zindana göndərildi. Yeri gəlmişkən onu da xatırladaq ki,Z.Fərəcovun zindana göndərdiyi insanların mütləq əksəriyyəti hələ ki,ordan salamat çıxmayıb.

Dövlət səviyyəsində adam oğurluğu…

Bu faktdır ki, rayon, şəhər polis idarələri icra hakimiyyəti başçılarının əlində bir qoçu dəstəsinə,alətə çevrilmişdir. İcra başçılarının göstərişləri polis idarə rəisləri üçün qanundur və müzakirəsiz icra edilir . İnanmırsınız? “Azəri-İnşaat-2009 “ MMC-nin direktoru, hazırda həbsdə olan M.Verdiyev bilirsinizmi,necə həbs olunub? Z.Fərəcovun birbaşa göstərişi ilə Sumqayıt şəhər polis idarəsinin əməkdaşları 7 oktyabr 2016-cı ildə M.Verdiyevi Sabunçu rayonu ərazisində yerləşən evindən oğurlayaraq gətirmiş, Sumqayıt polisində həbs etmişdir.Digər hansı ölkədə belə bandit ,ağlasığmaz hərəkət mövcud ola bilər? Arxasına arxayın olan Z.Fərəcovun əlinin bu qədər uzunluğuna daha şübhəniz yoxdur ki?

Bığ dalınca getdilər …

( Ardı var )

Mətləb Mütəllimli, İstiqlalçı millət vəkili

Bənzər yazılar

Back to top button