Dünya

ABŞ Türkiyə və Suriyada zərərçəkənlərə 85 milyon dollarlıq yardım göndərəcək

Cümə axşamı Bayden administrasiyası bildirib ki, Türkiyə və Suriyada dağıdıcı zəlzələlərin qurbanlarına kömək etmək üçün “mümkün olan hər şeyi etmək” lazımdır, Turan-ın Vaşinqtondakı müxbiri bildirib.

Dövlət katibi Entoni Blinken ABŞ-ın təqdim edə biləcəyi əlavə yardımı müzakirə etmək üçün Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğluna zəng edib, mətbuat katibi Ned Prays mətbuat üçün brifinqdə bildirib.

“Əmin olmaq istəyirik ki, bizim köməyimiz indi türkiyəli müttəfiqlərimizin ehtiyacı olduğu şeydir”,- Prays Vaşinqtonun səylərilə bağlı Turan-ın sualının cavabında deyib.

“Türkiyəli müttəfiqlərimizin indi ehtiyacı olduğu şeylər bir və ya iki həftə sonra onlara lazım olacaq şeylərdən fərqli olacaq. Eyni şey Suriya xalqına da aiddir”, – Prays əlavə edib.

Hazırda ABŞ-ın dəstəyi iki xilasetmə qrupunun tərkibində 150-dən çox xilasedicini və Black Hawk vertolyotlarını əhatə edir.

Cümə axşamı Blinken ayrıca bəyanatında bu səylər üçün 85 milyon dollar məbləğində təcili humanitar yardım elan edib.

“Bizim daha çox hazırlıqlı şəhər axtarış- xilasetmə qruplarından ikisi ən çox zərər dəyən bölgələrdən birində, Adıyamanda xilasetmə əməliyyatlarını həyata keçirir”, – Blinken qeyd edib. Bu komandalarda axtarış- xilasetmə əməliyyatları üçün xüsusi avadanlıq və itlər var. Onlara qəza xidmətləri rəhbərləri, təhlükəli materiallar üzrə mütəxəssislər, mühəndislər və tibb işçiləri qoşulur”.

ABŞ həm Türkiyədə, həm də Suriyada “zəlzələdən zərər çəkənlərə zəruri yardımı göstərmək üçün lazım olduğu qədər mümkün olan hər şeyi edəcək”, – Blinken deyib.

Bənzər yazılar

Back to top button