Cəmiyyət

“Dünən oğlum mənə yaxınlaşıb dedi ki, belə bir niyyətim var…” – Fəzail Ağamalı

“Ona xeyir-dua verdim”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı oğlunun Qarabağda döyüşmək üçün könüllü olaraq orduya yazılmasından danışarkən deyib.

“Deməliyəm ki, məmurların, vəzifəli şəxslərin, deputatların, tanınmış şəxslərin övladları və ya özü müharibədə iştirak etməyəndə, cəbhə bölgəsində olmayanda, əsgər və zabit kimi milli ordumuzla xidmət etməyəndə ciddi ittihamla üzləşirlər. Bəlkə də bir haqlı ittihamdır, deyəmmərəm. Çünki vətən hər birimizinkidir, hər kəs bu vətən üçün çalışmalı, döyüşməli, xidmət etməlidir. Xidmətin ən yüksək nümunəsini Prezidentin övladı Heydər Əliyev göstərdi, ali təhsilini bitirən kimi hərbi xidmətə getdi, vətən qarşısında borcunu yerinə yetirdi. İndi də özünün karyerası, arzu və istəklərinin reallaşması ilə məşğul olur. Çoxsaylı nümunələr də gətirmək olar.

Ancaq belə faktlar da var: ayrı-ayrı məmurlar övladlarını Azərbaycanda saxlamır, onlar uşaq vaxtlarından orta məktəbi bitirən kimi xarici ölkələrə göndərilir. Orada məktəbi bitirdikdən sonra elə həmin ölkələrdə də qalırlar. Sonra çalışırlar ki, oranın vətəndaşlığını qəbul edib, orada ailə qurub yaşasınlar. Hə, belə məmurlarımız da var. Bununla bağlı sosial şəbəkədə kifayət qədər məlumat yayılır. Lakin bunu ümumiləşdirmək olmaz”.

Fəzail Ağamalı qeyd edib ki, ölkə Prezidentinin çağırışı ilə gənclər, özündə güc tapan insanlar səfərbərlik xidmətlərinə gedib, qeydiyyata alınır:

“Onlar öz iradələrini ortaya qoyurlar ki, bu vətən üçün lazım olanda ön cəbhədə düşmənlə vuruşmağa hazırdırlar. Bu, alqışlanmalı və çox yüksək qiymətləndirilməlidir. Bunun üzərinə bu və ya digər şəkildə gedilməməlidir. Yumşaq deəsəm, çox böyük ədalətsizlikdir. Onların arasında mənim övladım da var. Dünən mənə yaxınlaşıb dedi ki, belə bir niyyətim var. Heç bir sual vermədim. Sual versəydim, cavabı da məlum idi. Sadəcə olaraq ona xeyir-dua verdim. Dedim ki, gedin vətən uğrunda vuruşun, döyüşün, torpaqlarımızı azad edin, tanrı yolunuzu açıq eləsin. Getdi və qeydiyyatdan keçdi. Sabah nə vaxtsa dövlətimiz lazım bilsə, ehtiyac olarsa, mənim də, digər tanınmış şəxslərin övladları da döyüşə gedərlər. Onlar bu niyyətlə iradələrini ortaya qoyubsa, Allah onlara can sağlığı versin”.

Deputat bu niyyətlə artıq ölkədə ciddi prosesin başlandığını vurğulayıb:

“Proses gedir. Bu, bir daha sübut edir ki, Azərbaycan xalqı, gəncliyi bir yerdədir, ordu, dövləti ilə bərabərdir, prezidentin bütün çağırışlarına çox böyük həssaslıqla yanaşaraq, ona əməl edən gənclikdir. Bu aksiyada iştirak edən, döyüşlərdə özünü görmək istəyən, ermənilərə qarşı döyüşən, vətənə yüksək səviyyədə xidmət edən bütün gənclərimizə Allahdan can sağlığı arzu edirəm”.

Bənzər yazılar

Back to top button