Siyasət

Ombudsman erməni silahlı qrupun üzvlərinə baş çəkib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycanda saxlanılan Ermənistan hərbiçilərinə baş çəkib.

Azərbaycan Ombudsman Aparatının mayın 20-də yaydığı məlumatda deyilir ki, başçəkmə Penitensiar Xidmətin İstintaq Təcridxanasında əvvəlcədən xəbərdarlıq etmədən həyata keçirilib.

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Ermənistan tərəfindən yerləşdirilmiş, mülki şəxslərə və hərbi qulluqçuların həyat və sağlamlığına qarşı törətdikləri cinayətlərin qarşısının alınması zamanı saxlanılaraq istintaqa təhvil verilmiş, terror cinayəti törətməkdə təqsirləndirilən silahlı qrupun üzvlərinə növbəti dəfə baş çəkilib. Başçəkmə zamanı Ombudsman həmin şəxslərlə təkbətək görüşərək hüquqlarının təmini vəziyyətini araşdırıb. Qəbul olunmuş təqsirləndirilən şəxslər saxlanma şəraitindən, qidalanma və tibbi xidmətdən, onlara göstərilən rəftardan razılıq ediblər”, deyə məlumatda qeyd edilir.

Ombudsman Aparatı bildirir ki, fərdi qaydada həmin şəxslərin müraciətləri dinlənilib, onlara öz dillərində qanunvericilik aktları təqdim edilməklə hüquqları izah olunub.

Xatırladaq ki, haqqında bəhs edilən silahlı dəstə Qarabağ münaqişəsinin başa çatmasının yekunu olaraq 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın qəbul edilməsindən bir ay sonra, dekabrın 12-13-də saxlanılıblar. 62 nəfərlik bu dəstə Azərbaycan ərazisində 4 Azərbaycan hərbiçisinin qətlə yetirilməsi, 1 mülki şəxsin ağır yaralanması ilə nəticələnən silahlı insidentdən sonra həbs olunub. Emənistan tərəf bu şəxsləri “hərbi əsir”, Azərbaycan tərəf isə təxribatçı dəstə adlandırır. (Turan)

Bənzər yazılar

Back to top button