Dünya

ABŞ İranın raket və dron istehsalı ilə bağlı proqramlarına qarşı yeni sanksiyalar tətbiq edib

Çərşənbə axşamı Bayden Administrasiyası İranın raket və PUA proqramlarına qarşı yeni sanksiyalar tətbiq edib, bu barədə Turan-ın Vaşinqtondakı müxbiri bildirib.

Sonuncu sanksiyalar “İranın sabitliyi pozan ballistik raket və pilotsuz uçuş aparatı proqramlarının həyata keçirilməsinə yardıma görə” İran, Honkonq, Çin və Venesuellada yerləşən 11 fiziki, 8 hüquqi şəxsə və bir gəmiyə qarşı yönəlib”, deyə ABŞ Maliyyə Nazirliyinin məlumatında bildirilir.

“Bu gün adları açıqlanan şəxslər İslam İnqilabı Keşikçiləri Korupusuna (İİKK), Müdafiə Nazirliyinə raket və PUA-ların istehsalında və yayılmasında maddi dəstək göstəriblər”, deyə bəyanatda bildirilir.

Ayrıca addım olaraq Dövlət Departamenti “İranın raket proqramına əhəmiyyətli töhfə verdiklərinə görə” iki İran məmuruna, “iki İran və dörd Rusiya şirkətinə” qarşı sanksiyalar tətbiq edib.

“İranın raket və onlarla bağlı texnologiyalar işləyib-hazırlaması, satın alması və yayması beynəlxalq sülh və təhlükəsizlik üçün ən böyük təhdidlərdən biri olaraq qalır”, deyə dövlət katibi Entoni Blinken bildirib.

“İranın İsrailin və Fars körfəzindəki tərəfdaşlarımızın təhlükəsizliyini birbaşa təhdid edən terrorçu təşkilatlara raket və PUA verməsinin dəhşətli nəticələrini görürük. Ukraynada həddindən artıq önəmli mülki infrastruktura zərbə endirilməsi və dinc sakinlərin məhv edilməsi üçün Rusiyaya PUA verildiyini görürük.

Biz diqqətimizi İranın raket proqramlarının yayılması üzrə sabitliyi pozan fəaliyyəti ilə bağlı problemlərin, habelə onların dünya üçün yaratdığı təhlükələrin aradan qaldırılması üzərində cəmləşdirmişik”, deyə Blinken sözünə davam edib.

Yeni sanksiyalar çərşənbə günü – BMT-nin İranın ballistik raketlər proqramına 2015-ci ildə tətbiq etdiyi məhdudiyyətlərin etibarlılıq müddətinin başa çatdığı “keçid günündə” tətbiq edilib.

Bu kontekstdə çərşənbə günü ABŞ və 46 digər ölkə “ballistik raketlərlə bağlı əşyaların, materialların, avadanlığın, məhsul və texnologiyaların tədarükünün, satışının və ya təqdim edilməsinin qarşısının alınması üçün bütün zəruri tədbirləri görmək, regionda və onun hüdudlarından kənarda sülhü və sabitliyi qorumaq” öhdəliyi götürdükləri haqqında birgə bəyanat imzalayıb.(Turan)

Bənzər yazılar

Back to top button