Siyasət

Ermənistan ancaq bu halda xilas ola bilər (ŞƏRH)

Ermənistanda siyasi vəziyyət gərginləşməkdədir. Artıq düşmən ölkənin prezidenti Armen Sarkisyan növbədənkənar parlament seçkisinin keçirilməsi ilə bağlı açıqlama verib.

Onun fikrincə, mövcud vəziyyətdə Ermənistanı sarsıntılardan qurtarmaq üçün seçkilərlə bağlı qərar verilməlidir.

Amma növbədənkənar seçkilərlə bağlı qərar vermə prosesinin Ermənistandakı siyasi gərginliyə necə təsir göstərəcəyi sual altındadır. Belə ki, parlamentdə çoxluqda olan indiki hakimiyyətin asanlıqla belə qərar verəcəyi də şübhəlidir və Baş nazir Nikol Paşinyan son çıxışlarında istefa vermək fikrində olmadığını nümayiş etdirir. Başqa bir tərəfdən isə Azərbaycanın hərbi qələbəsini legitimləşdirən 10 noyabr sazişindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi prosesi də hakimiyyətə iddialı oan qüvvələri çəkindirən əsas məqamdır.

Ermənistandakı mövcud vəziyyəti Qaynarinfo-ya şərh edən politoloq Araz Aslanlı hesab edir ki, növbədənkənar parlament seçkilərin Ermənistanı daxili qarışıqlıqdan xilas edəcəyi də suallar doğurur:

“Burada iki vacib məsələ var. Birincisi, Ermənistanın illərdir davam edən siyasətinin bundan sonra eyni qalıb-qalmayacağı. Burada həm ümumi xarici siyasət, həm də qonşularla münasibətlər – yəni Qarabağla bağlı məsələlər. İkinci istiqamət isə hazırda davam edən münaqişənin həlli ilə bağlı prosesdir. Çünki münaqişənin nizamlanması ilə bağlı sülh sazişi bağlanmayıb. Sadəcə sülhun əldə olunması üçün bir birgə bəyanat imzalanıb. Burada sülh müqaviləsinin detalları çox önəmlidir. Proseslərin gedişatı onu göstərir ki, sülh sazişinin imzalanması seçkilərdən əvvəl olacaq. Yəni seçki dediyimiz proses qısa müddətli olmur. Seçkilərin də sülh sazişindən əvvəl keçiriləcəyini gözləmirəm. Gözləntilərimiz odur ki, detallı sülh sazişi yaxın zamanlarda imzalanacaq və bütün nüanslar orada göstəriləcək. Seçki isə sonra olacaq.

Ermənistanla bağlı əsas narahatedici məqam seçki deyil, əsas məqam Ermənistanda davam edən proseslərin sülh sazişinə mane olub-olmayacağıdır. Əgər Ermənistan sülh sazişinin seçkidən sonra qurulacaq yeni hökümət tərəfindən imzalanacağını desə, bu o demək olacaq ki, nə normal sülh sazişi imzalanacaq, nə də Ermənistanın normal daxili və xarici siyasət aparılacaq. Yox əgər detallı sülh sazişini imzalayıb, sonra seçki keçirsələr, onda qurulacaq yeni hökumət müqaviləyə əməl etmək məcburiyyətində qalacaq. Ondan sonra ümid edə bilərik ki, Ermənistan xarici siyasət xəttinə korrektələr etməklə Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdıracaq. Bu halda Ermənistan orta mərhələdə olmasa da, uzaq mərhələdə qarışıqlardan xilas ola bilər.

Ancaq ola bilər ki, Ermənistan Qarabağla və Türkiyə ilə bağlı aqressiv mövqeyini davam etdirsin. Bu ssenaridə Ermənistan cəmiyyətini yaxın və orta mərhələlədə qarışıqlardan xilas etmək mümkündür, necə ki, 1-2 ay əvvəl Ermənistanı birləşdirmişdi. Amma uzun mərhələdə Ermənistanı yenidən qarışıqlığa apara bilər. Gözləntim də odur ki, Ermənistanda növbəti hakimiyyət dəyişikliyi sülh sazişindən sonraya qalacaq”.

Politolqun fikrincə, Paşinyan növbəti mərhələdə hakimiyyətdə qala bilməyəcək:

“Ermənistanda artıq Paşinyansız bir mərhələnin başlandığını demək olar. İstər seçki, istərsə də qeyri-seçki yolu ilə Paşinyan hakimiyyətdən getmək məcburiyyətində qalacaq və bu qaçınılmazdır. Bəlkə 50-100 il sonra Paşinyanın indiki fəaliyyəti doğru siyasət kimi dəyərləndiriləcək – Ermənistanı Qarabağ və Rusiyanın girovluğundan çıxardan siyasətçi kimi tarixə düşəcək. Amma bu gün üçün Paşinyan Qarabağ siyasətində aqressiv ritorikadan istifadə etdiyinə görə – “Qarabağ Ermənistandır” və s., həmçinin müharibədə məğlub olduğuna görə bu günkü mərhələdə məğlub siyasətçi və məğlub hökumət başçısı görüntüsündədir. Buna görə onun gələcəyi görünmür. Hansısa xarici qüvvələr Paşinyan üçün addımlar atmasalar, hakimiyyətdə qalması ehtimalları çox zəifdir. Çünki Ermənistanın daxili siyasətində xarici faktor çox böyük rol oynayır, nəinki daxili amillər”.

Bənzər yazılar

Back to top button