İqtisadiyyat

Azərbaycanda 300 manat, Amerikada isə 600 dollar – Ekspert manatın alıcılıq qabiliyyətindən yazdı

İqtisadçı Rövşən Ağayev manatın alıcılıq qabiliyyəti pariteti (AQP) üzrə məzənnəsindən yazıb.

AzToday.az xəbər verir ki, ekspert AQP üzrə məzənnə müqayisə aparılan iki ölkədəki mal və xidmət səbətinin dəyəri əsasında müəyyən edildiyini bildirib: “Məsələn, bizdə 100 manatlıq əmtəə-xidmət səbətinin tam eyni tərkiblisini ABŞ-da 200 dollara almaq olursa, deməli, 1 dollar qarşısında real məzənnə 0,5 manatdır.

Dünya Bankının məlumatına görə, 2020-ci ildə Azərbaycanda AQP ilə adambaşına 14,5 min dollar ümumi daxili məhsul (ÜDM) düşüb. Milli valyuta ifadəsində bu göstərici 7,2 min manatdır. ÜDM-in tərkibinə daxil olan bütün əmtəə-xidmətləri bir səbət kimi qəbul etsək, nominal məzənnəsi 1,7 manat müəyyən edilən 1 dolların real məzənnəsi 0,5 manatdır. Bu bazada hesablanan AQP-ni əsas götürsək, Azərbaycandakı 300 manat ABŞ-da 600 dollar alıcılıq qabiliyyətinə bərabərdir.

Lakin ÜDM əsasında hesablanan AQP makroiqtisadi analizlər üçün yararlı olsa da, əhalinin sosial vəziyyətinə və istehlak qiymətlərinin səviyyəsinə münasibətdə tətbiq edilə bilməz. Çünki ÜDM-in tərkibindəki əmtəə-xidmətlərin əhəmiyyətli hissəsi istehlak yox, istehsal təyinatlıdır. Məsələn, xammal və materiallar, avadanlıqlar ev təsərrüfatlarının istehlakına getmir. Ona görə də sırf əhali baxımından AQP hesablamaq üçün ən vacib 300-400 adda əmtəə və xidmət səbətinin dəyəri əsas götürülməlidir”.

2015-ci ilin devalvasiyalarında dolların rəsmi kursu 0,7844 manatdan 1,5594 manata yüksəlib, 2016-cı ildə qiymət 1,7707 manata çatıb. 2017-ci ili 1,7001 manatla yola salan dollar 2018-ci il martın 7-dən banklara 1,7 manata təklif olunur.

Manatın sabitliyi Mərkəzi Bankın Dövlət Neft Fondunun iştirakı ilə keçirdiyi valyuta hərraclarında qorunur. Novator.az bildirir ki, fond 2016-cı ilin hərraclarında 4,9 milyard, 2017-ci ilin hərraclarında 3,6 milyard, 2018-ci ilin hərraclarında 6,5 milyard, 2019-cu ilin hərraclarında 6,6 milyard, 2020-ci ilin hərraclarında 7,3 milyard, 2021-ci ilin hərraclarında 6,7 milyard ABŞ dolları məbləğində vəsait satıb.

Bənzər yazılar

Back to top button